PDF Oxu

Əsas

  • 23

Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız

Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız
Elmi dairələrdə nüfuz qazanmış görkəmli oftalmoloq Zərifə Əliyevanın həyat və fəaliyyəti diqqət mərkəzində olmuş, onunla bağlı əsərlər yazılmışdır. Görkəmli alimin nəcib insani keyfiyyətləri, xeyirxahlığı, istedadı daim yaddaşlarda qalmağa və ehtirama layiqdir. Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoymuş, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynamış və bütövlükdə elmin bu sahəsinin inkişafına qiymətli töhfələr vermiş Zərifə Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli, zəngindir. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Bu yaxınlarda çapdan çıxan tibb elmləri doktoru, Türk Dünyası Araşdırmaları Dövlətlərarası Elmlər Akademiyasının akademiki Kərəm Kərimovun "Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız" kitabı da, məhz Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin işıqlandırılması baxımından əhəmiyyətlidir. Kitabın rəyçisi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, respublikanın xalq rəssamı Ömər Eldarov, redakorları isə yazıçı-jurnalist, filologiya elmləri doktoru, Həsən bəy Zərdabi və Məhsəti Gəncəvi mükafatları laureatı Şövkət Hüseynova, jurnalist-publisist Amaliya Bayramovadır.
Qeyd edim ki, proofessor Kərimov Kərəm Rusiya Keyfiyyət Problemləri Akademiyasının, Nyu-York Akademiyasının, Avropa Oftalmoloqlar Assosiasiyasının və Amerika Diabetoloqlar Cəmiyyətinin üzvüdür. Türkdilli dövlətlər Oftalmoloqlar Assosiasiyasının Azərbaycan və Orta Asiya üzrə həmsədridir. Professor 280-dən artıq elmi məqalənin, 6 monoqrafiyanın, 30 metodik tövsiyənin və 2 ixtiranın müəlifidir. 2000-2002-ci ildə Kərəm Kərimov Azərbaycan Ekzimer və Fako lazer mərkəzlərini yaratmış hazırda bu mərkəzlərə rəhbəlik edir. Dünyanın 20-dən artıq dövlətində elmi toplantılarda iştirak etmiş, xarici ölkələrdə məqalələri dərc olunmuşdur. Respublika ictimai həyatında göstərdiyi xidmətlərə görə "İlin xeyirxah həkimi", "Azərbaycan bayrağı", "Akademik Zərifə Əliyeva", "Akademik Y.Məmmədəliyev" və başqa medallarla təltif edilmişdir.
Kitabda Azərbaycan oftalmologiya sahəsində və ictimai- siyasi həyatında əvəzsiz xidmətləri olan Zərifə xanım Əliyevanın ömür yolu, elmi nailiyyətləri barədə geniş məumatlar verilir, eləcə də, Azərbaycan və Rusiyanın tibb alimlərinin, görkəmli şəxsiyyətlərinin fikirləri və xatirələri öz əksini tapıb.
Kitabda müəllif onun keçdiyi ömür yolunun parlaq səhifələrinin bəzi məqamlarını vərəqləyib, bir ömrün mənalı və şərəfli yaşantılarını təqdim edir. Yeri gəlmişkən, onu da vurğulayım ki, Kərəm Kərimovun bir oftalmoloq kimi yetişməsində Zərifə xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və institutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Həmin illərdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmir, şəhər və rayonlarını gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır, müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Kərəm Kərimov yazır:" Zərifə Əliyevanın bu istiqamətdə apradığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Traxoma xəstəliyinin müayinəsi və müalicəsi işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi."
Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olmasına baxmayaraq Zərifə Əliyeva elmi-tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verirdi. Həmin dövrdə o, oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirir. Bu məsələlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası cəlb edir. 1968-ci ildən başlayaraq Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Eyni zamanda, o, bir sıra məsələlərə, o cümlədən, yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirmişdir.
Kitabın müəllifi göstərir ki, Zərifə xanım bu problem üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirmişdir. Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən, şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmışdır. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. Kitabda göstərilir ki, Zərifə xanım "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması barədə Zərifə Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyəndi. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Müəllif yazır:"Elmi tədqiqatarın yekunu olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirməyə nail oldu. Bu qiymətli əsərlər dünyanın elmi ictimaiyyətinin diqqətii özünə cəlb etdi."
"Xroniki yod intoksikasiyasında oftalmologiya" mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Elə həmin il oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Kitab faktlar və xronologiyaya əsaslanaraq yazılıb. Kərəm Kərimov alimin elmi tərcümeyi-halını işıqlandırarkən onun, nailiyyətlərini, səhiyyədəki novotorçuluq meyillərini qələmə alıb, alimin zəngin yolunu birmənalı olaraq oxucuya təqdim edir. O, qeyd edir ki, Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir.
Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. Kərəm Kərimov qeyd edir ki, o, "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin müəlliflərindən biridir. Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb.
"Akademik Zərifə xanım Əliyeva və milli oftalmologiyamız" da göstərilir ki, böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.
Zərifə xanım milli oftalmologiyamızın inkişafı üçün çox işlər görmüşdür onun arzularından biri də yeni oftalmoji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra Heydər Əliyevin sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi. "Analar tarix yaşadır" yazısında Kərəm Kərimov Zərifə xanımın bir ana olaraq tərbiyəsindən, əxlaq normalarından söz açır. Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anası Zərifə xanım. "Zərifə xanım ən yüksək mənəvi hazırlığa malik bir xanım və ana idi" deyən müəllif Zərifə xanımın böyüklüyünü bir daha faktlara əsaslanıb təsdiqləyir.
Kitabda Zərifə xanımın həyat ştrixlərin əsk etdirən foto şəkillər də yer almışdır. Bu fotların hər biri onun ömür yolundan insanlara söz açır. Heydər Əliyevə ömür-gün yoldaşı olan Zərifə xanımın həyat yolundakı maraqlı illər fotoların yaddaşına köçmüşdür. Onun ailə üzvləri, respublikanın tanınmış elm, sənət xadimləri ilə görüşlərini əks etdirən bu fotolarda Zərifə xanımın zərif, incə duyduları, xeyirxahlılığı, sənətə, insanlığa olan məhəbbət açıq-aydın sezilir. Belə ki, fotolarda onun elmi görüşləri, məktəb dövrü, tələbəlik illəri, konfrans və plenumlardakı iştirakı və təcrübə prosesləri və s. öz əksini tapıb.
Kitabda yer alan "Dövlət xadiminin qızı" başlıqlı yazıda isə Əziz Əliyevin Azərbaycana xidmətindən, ziyalılığından, cəmiyyətə yetişdirdiyi layiqli övladlardan söz açır. Onun cəmiyyət üçün layiqli ola biləcək övlad yetişdirməsi qabarır. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana oldu.
"Xatirələr işığında" bölməsində isə dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər. Tibb elmləri doktoru Zəhra Əliyevanın, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru, professor Nazim Əfəndiyevin, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı A.Nesterovun, tibb elmləri doktoru, professor Z.Skripinçenkonun, Sankt-Peterburq Gigiyena İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, professsor A.N. Dobromislovun və b-nın yazılarında alimin şərəfli, zəngin elmi fəaliyyətinin nailiyyətərindən danışılır.
Zərifə xanım zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi.

Digər xəbərlər