PDF Oxu

Əsas

  • 17

Mətbuatın inkişafı diqqət mərkəzindədir

Mətbuatın inkişafı diqqət mərkəzindədir
Ölkədə mətbuat və söz azadlığının təmin edilməsi istiqamətində atılan addımlar və verilən qərarlar KİV-in daha normal şəraitdə inkişafına zəmin yaradır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyimiz və müxtəlif sahələrlə atılan addımlar söz azadlığının geniş miqyasda inkişafından da yan keçməmişdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən mütəmadi olaraq ölkədə fəaliyyət göstərən KİV-ə diqqət və qayğı həmişə yüksək səviyyədə olub. Ulu öndərin ən layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev də, ölkədə mətbuatın inkişafına prioritet məsələlərdən biri kimi yanaşaraq, bu istiqamətdə ən vacib addımlar atmış və müvafiq qərarlar qəbul etmişdir. Elə bu yaxınlarda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktorunun və Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncam imzalaması da mühüm addımlardan biri kimi qiymətləndirilir. Ölkəmizdə fəaliyyət göstərən KİV rəhbərləri, qeyri-hökumət təşkilatlarının sədrləri, eləcə də, dövlət orqanlarının nümayəndələri mətbuatın inkişafı naminə atılmış bu addımı zəruri və vacib amil kimi dəyərləndirirlər.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli:
- Bu fond Prezident İlham Əliyevin təşəbbüsü ilə mətbuatın inkişafına dəstək məqsədilə yaradılıb. Hesab edirəm ki, bu fondun yaradılması milli mətbuatımızın inkişafına böyük təkan verəcək. Fonddan 2009-cu il üçün 1 mln 300 min man vəsait ayrılıb. Bu vəsaitin bir hissəsi fondun saxlanılması, qalan hissəsi isə layihələr əsasında qəzetlərə veriləcəkdir. Hələlik, fondun strukturunun formalaşması prosesi gedir. Bu həftə ərzində Müşahidə Şurası yığışaraq, şuranın sədrini və müavini seçəcək. Daha sonra layihələrin irəli sürülməsi üçün fondun əsasnaməsi və nizamnaməsi təsdiq olunmalıdır. Hesab edirəm ki, fondun yaradılması KİV-in inkişafına böyük təkan verəcək. Fondun əsasnamə və nizamnaməsinin təsdiq edilməsindən sonra mətbuat bu barədə ətraflı məlumatlandırılacaqdır.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev:
- Qeyd edim ki, Fond ölkəmizdə  fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-lərin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV-lər arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirmək istiqamətində proqram və layihələrinin maliyyələşməsini həyata keçirəcək. Nizamnamədə fondun idarə edilməsi və fəaliyyətinin təşkili ilə bağlı kifayət qədər aydın mexanizm müəyyənləşdirilib. Hesab edirəm ki, təşkilati məsələlər başa çatdırıldıqdan sonra fond səmərəli fəaliyyət göstərəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələcək.
Fondun Müşahidə Şurasına gəldikdə isə, Müşahidə Şurasında təmsil olunan şəxslər həm müstəqil mətbuatı, həm jurnalist təşkilatlarını, həm də dövlət orqanlarını təmsil edirlər. Jurnalist təşkilatlarını və kütləvi informasiya vasitələrini təmsil edən şura üzvləri media sahəsində tanınmış şəxslərdir, uzun illər bu istiqamətdə işləmişlər və peşəkarlıq kriterilərinə cavab verirlər. Müşahidə Şurasının fondun Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrinin qanunauyğun şəkildə həyata  keçirməsinə və səmərəli fəaliyyətinə mane ola biləcək səbəb yoxdur. 
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Bəxtiyar Sadıqov:
- Prezident İlham Əliyev Azərbaycanda mətbuat və söz azadlıqğının istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görür. Bu sahədə ulu öndər Heydər Əliyevin siyasətini çox böyük uğurla davam etdirir. Mətbuat və söz azadlığının inkişafı sahəsində atılan növbəti addımlardan biri də, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin verilməsi idi. Ötən il iyul ayının 31-də Prezident İlham Əliyev KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzaladı. Bu konsepsiyaya görə, mətbuat orqanlarının maddi-texniki bazasının və maliyyə durumunun yaxşılaşdırılmasına dövlət dəstəyinin prinsipləri öz əksini tapıb. Burada dövlətin, xalqın milli maraqları ilə müstəqil mətbuatın maraqlarının uyğunlaşdırılması bir prinsip kimi irəli sürülüb. Konsepsiyanın ən önəmli cəhətlərindən biri o idi ki, dövlət mətbuatın işinə müdaxilə etmədən və öz iradəsini ona qəbul etdirmədən mətbuata dəstək verib. Eyni zamanda, ona maliyyə yardımı göstərməyi qarşısına vəzifə kimi qoyub. Bunun prinsipləri də müəyyən olunub.
Hazırda ona uyğun olaraq KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondunun nizamnaməsi təsdiq olunub. Bu nizamnamədə həmin o konsepsiyada göstərilən bütün mühüm prinsiplər öz əksini tapıb. KİV dövlət üçün maraqlı olan bir sıra mövzularda keçirilən müsabiqələrdə iştirak etməklə, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, qaçqın və məcburi köçkünlərin həyatı ilə bağlı olan məsələlərin işıqlandırılması, ordu quruculuğu, eləcə də, 22-ə qədər digər mövzular konsepsiyada öz əksini tapıb. KİV bu layihələrdə iştirak etməklə dövlət dəstəyi fondundan bəhrələnə bilərlər.
Burada ikinci mühüm cəhət isə, fondun fəaliyyətinin aşkarlığının və şəffaflığının təmin olunmasıdır. Bunu da təmin etmək üçün fondun fəaliyyətinə nəzarət etmək üçün Müşahidə Şurası yaradıldı. Prezident İlham Əliyevə minnətdaram ki, bu şuranın üzvlərindən biri kimi, məni də oraya təyin edib. Mənə və həmkarlarıma çox böyük etimad göstərilib. Çalışacağıq ki, möhtərəm Prezidentin bu etimadını doğruldaq və öz fəaliyyətimizi bu prinsiplər əsasında qurmaqla, mətbuata Dövlət Dəstəyi Fondunun aşkarlıq və şəffaflıq şəraitində obyektiv və ədalətli fəaliyyətinə nail olaq. Nəticədə isə bundan qazanan yenə də Azərbaycanın söz və mətbuat azadlığı olacaqdır. Burada iştirak edən qəzetlər həmin layihələri yerinə yetirməklə dövlət büdcəsindən müəyyən vəsait alacaq. Beləliklə, qəzetlərin maddi durumu yaxşılaşacaq. Maddi-texniki bazaları güclənəcək, eyni zamanda, bu jurnalistlərin sosial vəziyyətinin yüksəlməsinə də kömək olacaqdır.

Digər xəbərlər