HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA “EUROVİSİON-2009” MAHNI MÜSABİQƏSİNDƏ AZƏRBAYCANI TƏMSİL ETMİŞ AYSEL TEYMURZADƏ VƏ ARAŞ İLƏ GÖRÜŞÜB
Mayın 20-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı uğurla təmsil etmiş Aysel Teymurzadə və Araş ilə görüşüb.
Mehriban xanım Əliyeva müsabiqədə Azərbaycanı layiqincə təmsil etmiş ifaçılarımızla xatirə şəkli çəkdiriblər. Heydər Əliyev Fondunda Aysel Teymurzadəni və Araşı görməyə şad olduğunu deyən Mehriban xanım Əliyeva, "Eurovision-2009" mahnı müsabiqəsində qazandıqları böyük uğur münasibətilə onları ürəkdən təbrik edib. Aysellə Araşın qazandıqları uğuru xüsusi vurğulayan Mehriban xanım Əliyeva bildirib ki, "Eurovision" Avropada musiqi sahəsində ən böyük müsabiqədir.
Ölkəmizdə bu musiqi yarışmasının həyəcanla izlənildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, Aysel və Araş qitə miqyaslı müsabiqədə Azərbaycanı layiqincə təmsil ediblər. Artıq Azərbaycan bu sahədə də nailiyyət əldə edib. "Eurovision-2009"da qələbə münasibətilə Azərbaycan təmsilçilərini bir daha təbrik edən Mehriban xanım Əliyeva bildirib ki, qarşıda onları yeni-yeni uğurlar gözləyir.
Aysel Teymurzadə və Araş yüksək diqqət, qayğı və dəstəyə görə Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Müğənni Araş yeni diskini Mehriban xanım Əliyevaya təqdim edib.