Azərbaycan ilə Kuba arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclası keçirildi
Dünən "Park İNN" mehmanxanasında Azərbaycan ilə Kuba arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası keçirildi. İclasda iki ölkə arasında mədəniyyət, səhiyyə, iqtisadiyyat, ticarət, idman və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuş və yaxın vaxtlarda tərəflərin imzalayacağı yeni sənədlərin layihələri ətrafında fikir mübadiləsi aparıldı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, komissiyanın ilk iclası Kubada keçirilmiş və bu tədbir ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb edir.
O, qeyd etdi ki, Kuba nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın bir sıra bölgələrini də ziyarət etmiş və orada aparılan islahatlarla yaxından tanış olmuşlar. Lənkəranda olan qonaqlar qida məhsulları, diaqnostika, təhsil və s. müəssisələrdə görülən işləri, yeni turizm layihələrini yaxından izləmişlər. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin yüksək olmadığını diqqətə çatdıran nazir vurğuladı ki, əldə edilən razılıqlar bu istiqamətdə mühüm dönüş yaradacaq.
Tədbirdə qeyd edildi ki, Kubada Azərbaycan mədəniyyəti günlərinin 2010-cu, Azərbaycanda isə Kuba mədəniyyəti günlərinin 2011-ci ildə keçirilməsi planlaşdırılmışdır.
Kubanın xarici ticarət və xarici investisiyalar nazirinin müavini Rikardo Gerrero Blanko Azərbaycanda keçirdiyi görüşləri yüksək qiymətləndirmiş, bu görüşün ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini nəzərə çatdırmışdır.
Azərbaycan və Kuba arasında əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyini söyləyən qonaq bildirdi: "İki ölkə arasında 2006-cı ildən etibarən bir sıra saziş imzalanmışdır. Yaxın gələcəkdə isə Azərbaycanla Kuba arasında energetika, ticarət, səhiyyə, idman və s. sahələri əhatə edən sazişlərin imzalanacağı gözlənilir".
O, vurğulandı ki, komissiyanın üçüncü iclası 2010-cu ildə Kubada keçiriləcək və bizim ölkəmizə Azərbaycanın tanınmış mədəniyyət, incəsənət ustalarından ibarət nümayəndə heyəti gələcəkdir. Biz iki ölkə arasında ticarət sahəsində də əməkdaşlıqda maraqlıyıq. Dörd saziş artıq hazırdır və onlar yaxın vaxtlarda imzalanacaq. Bundan əlavə, imzalanacaq sazişlərlə bağlı müzakirələr aparılır.
Rikardo Gerrero Blanko bildirmişdir ki, yaxın vaxtlarda Azərbaycanın neft-qaz sahəsi üzrə mütəxəssisləri Kubada aparılacaq yeni yataqların işlənməsində iştirak edəcək və öz təcrübələrini həmvətənlərimizlə bölüşəcəklər.
Sonra Əbülfəs Qarayevlə Rikardo Gerrero Blanko Azərbaycan ilə Kuba arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclasının yekunlarına dair protokol imzalamışlar. Sənəddə iqtisadiyyat, ticarət və investisiya, sənaye və energetika, kənd təsərrüfatı, ekologiya və balıqçılıq, səhiyyə, təhsil, mədəniyyət və turizm, rabitə və informasiya, idman və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər öz əksini tapmışdır.