Respublikada insan hüquqları aylığı keçiriləcək
Azərbaycanın Ombudsman Aparatının təşəbbüsü ilə iyunun 18-dək respublikada insan hüquqları aylığı keçiriləcək. Bu barədə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib.
O, qeyd edib ki, 18 İyun Milli İnsan Hüquqları Günü çərçivəsində keçirilən aylıq zamanı Azərbaycanın bütün regionlarında insan hüquqları ilə bağlı qurumlar, habelə, dövlət orqanları ötən il ərzindəki fəaliyyətlərinə dair müxtəlif tədbirlər və müzakirələr keçirəcək: "Biz müraciət edirik icra hakimiyyəti, bələdiyyə orqanlarına, rəsmi qurumlara ki, onlar Milli Fəaliyyət Planının icraçısıdırlar. Onlar insan hüquqları sahəsində problemləri araşdırıb bizə məlumat verirlər və birlikdə bu çətinlikləri aradan qaldırırıq".
Ombudsman insan hüquqları aylığı ilə əlaqədar təhsil nazirinə məktubla müraciət edərək may ayının sonunadək insan hüquqları günü münasibətilə bütün orta və ali məktəblərdə müvəkkil təsisatı əməkdaşlarının da qatıla biləcəyi insan hüquqları saatının keçirilməsini də tövsiyə edib. E.Süleymanova qeyd edib ki, Ombudsman Aparatı tərəfindən orta və ali məktəblərdə insan hüquqlarının mütləq şəkildə tədrisi təklif edilib, həmçinin, pilləli insan hüquqlarının tədrisi ilə bağlı təkliflər verilib.
Qeyd edək ki, aylıqda iştirak edən qurumlar iyun ayının 15-dən gec olmayaraq bunun nəticələri və gördükləri işlər barədə məlumatı və təkliflərini ombudsmana təqdim edəcəklər. Bu aylıq Elmira Süleymanovanın ombudsman vəzifəsində keçirdiyi son tədbirlərdən biri olacaq. Belə ki, onun səlahiyyət müddəti iyulun 2-də başa çatır. Qanunvericiliyə görə, bu tarixə 30 gün qalmış Prezident Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim etməli, parlament isə 15 gün müddətində onlardan birinin ombudsman seçilməsi ilə bağlı müvafiq qərar çıxarmalıdır. Ölkəmizdə ombudsman bir dəfədən artıq seçilə bilməz. Ombudsmanın səlahiyyət müddəti isə 7 ildir.