PDF Oxu

Əsas

  • 13

MÜSTƏQİL DÖVLƏTİMİZİN MEMARI

MÜSTƏQİL DÖVLƏTİMİZİN MEMARI
VI yazı
Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli liderimiz Heydər Əliyev dərin məntiqi, təfəkkürü, düşüncə tərzi ilə insanları daim özünə cəlb edib, tələbkarlığı və qayğıkeşliyi ilə bütün mərhələlərdə adamları səfərbər etməyi bacarıb. Vahid məqsəd uğrunda inamla mübarizə aparmaq üçün Heydər Əliyev dövləti idarə etməyin mahir ustası idi, dünya siyasətini yaxşı bilirdi, xalqı, cəmiyyəti öz arxasınca aparmağı bacarırdı.
Ümummilli lider bütün zəngin və mənalı həyatı boyu həmişə xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.
Hələ Azərbaycana ilk rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq, Heydər Əliyev dühası heç bir çətinlikdən qorxmayaraq xalqda tarixi keçmişi, dili, mədəniyyəti, milli adət-ənənələri haqqında əsaslı təsəvvürlər formalaşdırmağa nail olmuşdur. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq ideyasının, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması prinsipləri əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi faktlara çevrilməsidir.
Hələ sovet dövründə, ulu öndərimiz Heydər Əliyevin rəhbər olduğu dövrdə respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaranmışdı. Çox təəssüf ki, dövlət müstəqilliyinin ilk dövrlərində Azərbaycana rəhbərlik edən şəxslər dünyanın çox sürətlə dəyişən siyasi mənzərəsini nəzərə almağa qadir deyildilər. Ulu öndərimiz Heydər Əliyevin sonralar qeyd etdiyi kimi, mövcud geosiyasi vəziyyət yeni strategiyanın formalaşmasını tələb edirdi.
Nəhayət, 1993-cü ilin iyun hadisələri artıq uzun müddət idi ki, xalqın israrla dövlət idarəçiliyinə çağırdığı  ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə dönüşünü intensivləşdirdi. Məhz belə bir taleyüklü məqamda xalq unikal siyasi və şəxsi keyfiyyətləri ilə bütün azərbaycanlıların hər zaman qürur mənbəyi olmuş Heydər Əliyevi hakimiyyətə çağıraraq ölkəyə rəhbərliyi Ona həvalə etdi. 1993-cü il  prezident seçkiləri ərəfəsində Milli Məclisin Sədri kimi həm də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən  ulu öndərimiz  Heydər Əliyev öz proqramını belə bəyan etdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu  yolla da gedəcəyik. Bu yol xalq yoludur".
1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil respublikamızın Prezidenti seçildi. Bu, xalqın mütəşəkkilliklə iştirak etdiyi və özünün yeganə namizədinə yekdilliklə səs verdiyi ilk demokratik seçkilər idi. Xalqın çağırışına əməl edən Böyük azərbaycanlı hakimiyyətə gələn kimi, ilk növbədə, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, separatçıları yerində oturtdu, daxildə asayişi bərpa etdi. Beləliklə, Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Qısa bir müddət ərzində ölkədəki böhran vəziyyəti aradan qaldırıldı, vətəndaş müharibəsinin qarşısı alındı, cəbhədə atəşkəsə nail olundu.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə ölkə, həm də  xaosdan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Müqavimətlərə, təhdidlərə, hədə-qorxulara baxmayaraq yaxşı tanıdığı, qabiliyyətinə, iş bacarığına dərindən bələd olduğu və öz xilaskarı kimi gördüyü Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Xilaskarlıq missiyasını boynuna götürən xalqın böyük oğlu, çox-çox şükürlər olsun ki, ölkədə baş alıb gedən xaos və anarxiyanın qarşısını qısa müddət ərzində almağa müvəffəq oldu, bəzi cinayətkar qruplar zərərsizləşdirildi, respublikanın daxilində ictimai-siyasi sabitlik təmin edildi, separatçı hərəkətlərə son qoyuldu. Heydər Əliyevin ətrafında sıx birləşən xalq az vaxtda böyük imtahanlardan çıxdı. Bir daha sübut edildi ki, xalqın müdrikliyi, milli birlik və həmrəylik bütün çətinliklərin qarşısını ala bilər. Xalqla rəhbərliyin birliyi, həmrəyliyi respublikanı düşdüyü ağır böhrandan çıxarmağa inamı qat-qat artırmışdı.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün siyasi yenilməzliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bildi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi müəyyənləşdirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına geniş imkanlar açdı. Beləliklə, Azərbaycanın beynəlxalq arenada özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində qlobal işlərə start verildi.
Ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı ən böyük xidmətlərindən biri də, müstəqil Azərbaycanın uğurlu neft strategiyasını hazırlayaraq həyata keçirməsidir. Bu strategiyanın reallaşdırılması nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi, qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə şans qazandı.
Regional layihələrə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan, özünün geopolitik mövqeyinə, təbii ehtiyatlarına, iqtisadi potensialına güvənərək, bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq zəminində böyük "İpək yolu"nun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini ardıcıl həyata keçirir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, ölkə daxilində möhkəm təməllərə əsaslanan siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi və digər zəruri addımlar isə Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanmasına və həyata keçirilməsinə zəmin formalaşdırdı. Uzun sürən danışıqlardan sonra 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı altında daxil olan neft kontraktının təntənəli imzalanma mərasimi keçirildi. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla yanaşı, Xəzər dənizində beynəlxalq əməkdaşlığın da bünövrəsini qoydu.
Ümummilli liderimiz Heydər Əliyevin dövlət quruculuğu fəaliyyətinin bütün mərhələləri və anları həm də Azərbaycan milli ideologiyasının yaranması, formalaşması, təbliği və təşviqi anları olmuşdur. O, gördüyü hər bir işi ideoloji cəhətdən əsaslandırmağı, onun fəlsəfi, elmi, siyasi mahiyyətini olduqca yığcam və məntiqi arqumentlərlə şərh etməyi dahiyanə bir ustalıqla bacarırdı.
Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən danışan Heydər Əliyev, ölkədə müasir, demokratik dövlət quruculuğunu təşkil etməyi böyük amal kimi dəyərləndirirdi. Bu məsələnin incəliklərini açıqlayan böyük siyasi xadim, bildirirdi ki, bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik: "Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur. Bu yol ilə getmək həm tarixi keçmişimizə uyğundur, həm də bir müstəqil dövlət kimi dünya sivilizasiyasına daha yaxından qovuşmaq üçün lazımi şərtdir".
Ümummilli liderimiz dəfələrlə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf strategiyası hesab edir. Eyni zamanda, ulu öndər tətbiq olunan hər hansı demokratik yeniliklərin xalqın milli xüsusiyyətləri, dünyagörüşü, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib sayırdı: "Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə inqilabi yolla yox, təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir".
Hələ ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə prezident seçkiləri ərəfəsində öz proqramında bəyan etmişdi ki, "Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək". Həqiqətən də, Heydər Əliyevin hakimiyyətə qayıtdığı ilk vaxtlardan başlayaraq, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, demokratik fikrin inkişafı və demokratik dəyərlərin cəmiyyətdə öz yerini tutması sahəsində böyük işlər görüldü. 1993-cü il sentyabrın 29-da keçirilmiş prezident seçkiləri ərəfəsində Milli Məclisin Sədri kimi, həm də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev öz proqramını belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur".
Sözsüz ki, qısa bir vaxt ərzində ümummilli lider Heydər Əliyev öz müdrik rəhbərliyi ilə xalqın ümidlərini doğrultduğunu, ölkəni bütün dünyada tanıtdığını, müstəqil Azərbaycan dövlətini beynəlxalq birliyin nüfuzlu, sözükeçən subyektlərindən birinə çevirdiyini göstərdi. Ən əsası isə, Heydər Əliyev Azərbaycan xalqının illərlə can atdığı azadlıq, demokratiya yolunu gerçəkləşdirməsinə, ölkədə sosial-iqtisadi böhranı aradan qaldırmağa, doğma vətəninin bütün dünyada layiqli yerini tutmasına imkan yaratmağa qadir lider olduğunu nümayiş etdirdi.
1993-cü ildən ötən müddətdə Azərbaycanda demokratik dəyərlərin bərqərar edilməsi, vətəndaşın cəmiyyətdə özünü azad hiss etməsi, hüquq və azadlıqlarını müdafiə etməsi üçün bütün zəruri addımlar atıldı və sözsüz ki, bundan sonra da atılacaqdır. Bu gün Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant ölkə kimi tanınır. Hər ötən illə müqayisədə ölkəmizdə demokratik dəyişikliklərin həyatımıza tətbiq olunma tempi yüksələn xətt üzrə inkişaf edir.
Azərbaycan Respublikası 18 illik müstəqillik dövründə bir çox sahələrlə yanaşı, demokratik inkişafda da həm regionda, həm də ki, keçmiş postsovet məkanında nümunə ola biləcək işlərə imza atmışdır. Lakin bu, asan başa gəlməmişdir. Belə ki, 1993-cü ilin iyun ayında - ölkədə ciddi siyasi böhranın, xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə, xalqın təkidli tələbi ilə hakimiyyət sükanı arxasına keçmiş ulu öndərimiz Heydər Əliyev, cəmiyyətdə demokratiyaya münasibətdə formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün, ilk növbədə, xalqla əl-ələ verərək ictimai-siyasi böhranı aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhvali-ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmadan xilas etmişdir. Xalqın milli-mənəvi sərvətinə çevrilmiş bu birlik sayəsində hazırda respublikamızda demokratik dəyərlər qanunların və milli-mənəvi dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycanda həqiqi demokratiya məhz ulu öndər Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü kimi formalaşmışdır və bu irs demokratiyanın özbaşınalıq kimi başa düşülməsinə, yaxud da, ifrat Qərb demokratiyasının neqativ cəhətlərini özündə ehtiva etməsinə yol vermir. Faktiki olaraq, bu kursun bütün sahələrdəki tənzimləmə missiyası ideoloji müstəvidə də özünü doğrultmuşdur.
Azərbaycanda demokratik dövlətçilik ənənələri formalaşdıran Heydər Əliyev dühasının xalq qarşısındakı ən mühüm xidmətlərindən biri də, məhz bundan ibarətdir ki, ümummilli liderimiz müəllifi olduğu siyasi kursun davamlılığını təmin etmiş, dərin zəkası hesabına onun gələcək uğurlarına etibarlı təminat yaratmışdır. Ulu öndərimizin hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən ona özüm qədər inanıram" deməklə, özünün layiqli davamçısı kimi cəmiyyətə təqdim etdiyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər Azərbaycan xalqının seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən cənab İlham Əliyev ulu öndərimizin möhkəm təməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini davam etdirir.

Digər xəbərlər