Ötən həftə Bakının Nardaran kəndində baş verən və insan tələfatı ilə nəticələnən olaylar bir daha sübut etdi ki, həmin hadisə məhz din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələr tərəfindən idarə olunanların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdləridir. Məsələyə münasibət bildirən qeyd etdilər ki, dini siyasiləşdirmək doğru seçim deyil.
Siyavuş Novruzov: "Din xadiminin əlində "Quran" olar, avtomat yox"
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov Nardaran hadisələri barədə açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşı qanuna tabe olmalı, heç bir ayrı-seçkilik olmamalıdır: "Hər bir Azərbaycan vətəndaşı qanunvericiliyin tələblərinə əməl etməlidir. Kəndlər arasında ayrı-seçkilik olmaz və qanunun aliliyini hamı qorumalıdır. Dövlət hər kəsindir və vətəndaşlar üçün də lazımi addımları atır, sosial və digər problemləri həll edir ki, bu da adekvat olmalıdır. Dövlətin hansısa kənddən çəkindiyini də söyləmək düzgün deyil".
S.Novruzov qeyd edib ki, din xadiminin əlində Quran olur, avtomat, qumbara yox: "Bu dini məsələ yox, sırf təhlükəsizlik məsələsidir. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, Azərbaycandakı ictimai-siyasi sabitlik qorunsun. Vətəndaşlar qanundan sui-istifadə etməsinlər".
Millət vəkili onu da qeyd edib ki, orada ixtisaslaşdırılmış və hazırlaşdırılmış dəstələrdən söhbət gedir: "Onların böyük əksəriyyətinin, hətta Nardarana heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycanın ayrı regionlardan və bölgələrindən gələn, başqa öllkənin ərazisində təlim keçənlərdir, onlar sırf terror aktlarının həyata keçirilməsi, insanlarda xof yaradılması üçün hazırlanmış qrupdur. Bunların planları digər ölkələrdə olan terror aktlarının həyata keçirilməsi dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlərin təşkil olunması, dövlətin əsas fundamental konstitusion quruluşunun dəyişdirilməsidir. Nardaranda baş verən hadisələrlə əlaqədar "Dini etiqad azadlığı haqqında" qanuna müvafiq dəyişikliklər aparılacaq.
Digər qanunvericilikdə də ciddi dəyişikliklər olmalıdır. Hər bir kəs bilməlidir ki, kim azad şəkildə dinə xidmət edirsə, bütün məscidlərin qapısı onlara açıqdır. Məscidləri özləri üçün təşkilat qurmaq üçün istifadə edənlərə icazə verilməyəcək".
Əflatun Amaşov: "Nardaran hadisələrinin işıqlandırılmasında Azərbaycan mediasının əksəriyyəti obyektiv, operativ və dövlətçi mövqe mümayiş etdirməkdədir"
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib ki, din pərdəsi altında bir qrup Azərbaycanın konstitusiya quruluşunu devirmək və özlərinə məxsus teokratik bir quruluş-dini dövlət bərqərar etmək istəyir: "Azərbaycan Konstitusiyası, o cümlədən, ölkənin ayrı-ayrı qanunvericilik aktları ilə də bu sayaq hadisələri törədənlər ciddi cəzalandırıla bilər. Düşünürəm ki, ərazi bütövlüyü, dövlət çevrilişi ilə bağlı olan cəhdləri edənlər qanunauyğun olaraq ciddi cəzalarını almalıdır. Çünki heç bir halda dövlətin konstitusion quruluşunu devirmək, dəyişmək olmaz. Burada ikinci narahatedici məqam müxalifətin silahlı olmasıdır. Müxalifət silahlanır. Bu gün zəif hücumun qarşısı alınır, ancaq sabah onun qarşısı alınmasa və bu sayaq hallar başqa rayonlarda da həyata keçirilərsə, ölkəmizin gələcəyi üçün kifayət qədər ciddi problemlər yarada bilər. Bu baxımdan, məsələyə ciddi yanaşmaq lazımdır. Hazırda hüquq-mühafizə orqanları, Daxili Qoşunlar öz missiyalarını layiqincə yerinə yetirirlər".
Deputat bu hadisəyə ictimaiyyətin yetərli təpkisinin çatışmadığını və ziyalıların məsələ ilə bağlı münasibətinin eşidilmədiyini vurğulayıb: "Bu sayaq məqamlarda ziyalı təpkisi kifayət qədər ciddi olmalıdır. Siyasi yönündən asılı olmayaraq bütün insanlar - öz dövlətlərini sevənlər, öz ölkələrinin gələcəyi üçün narahat olanlar - kəskin münasibətlərini bildirməlidirlər. Bununla yanaşı, ölkədə aparılan islahatlarda təhsillə bağlı məqam daha çox önə çəkilməlidir. Çünki bunlar məhz təhsilin yaratdığı problemlərdir ki, 7 yaşında bir uşaq baş verən hadisələrə siyasi qiymət verir. O bildirir ki, "din həmişə siyasi olub, quldur polislər gəldilər qardaşlarımızı şəhid etdilər, biz də şəhid olacağıq". 7 yaşlı uşaq böyüyəcək və 30-50 yaşları olanda da bu sayaq fikirlər söyləyəcək. Ona görə biz təhsil sahəsində çox ciddi islahatlar həyata keçirməliyik".
Əflatun Amaşov Nardaran hadisələrinin işıqlandırılmasında Azərbaycan mediasının əksəriyyətinin obyektiv, operativ və dövlətçi mövqe mümayiş etdirdiklərini də xüsusilə vurğulayıb.
R.HÜSEYNOVA