Heydər Əliyev Fondunun prezidenti genişmiqyaslı fəaliyyəti ilə vətəndaşların sağlamlığı və firavanlığının keşiyindədir
Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin çox çətin və taleyüklü sınaqlarından çıxaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan dövləti iqtisadi qüdrəti, dinamik inkişafı ilə seçilən dövlətlər sırasındadır. Azərbaycanın simasının gündən-günə dəyişməsindən, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasından danışarkən Heydər Əliyev Fondunun da fəaliyyətini vurğulamaq vacib məqamlardandır.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci Xanımı, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələri nəticəsini verib. Mehriban xanım Əliyeva fərqli, şaxəli layihələrin öhdəsindən layiqincə və asanlıqla gəlib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Müasir İncəsənət Muzeyi Azərbaycan avanqardını özündə təcəssüm etdirir. "Bakıya uçuş" layihəsi isə müasir və orijinal əsərləri ətrafında cəmləyib.
Mehriban xanım Əliyeva respublikada baş verən ictimai-mədəni proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış edərək, Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi, firavanlığı, sülh və əmin-amanlığın müdafiəsinə töhfələrini verir. Gənc nəslin təhsili və sağlamlığının qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğundan fond ölkəmizdə həyata keçirilən təhsil və səhiyyə islahatlarında xüsusi fəallıq nümayiş etdirir. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı həllinə yönəlmişdir.
"Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı" kimi layihələri Onun humanizm prinsiplərindən qaynaqlanır. Bütün bu reallıqlar Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətində reallığa çevrilib.
Bu gün Azərbaycanın hər bir bölgəsində, rayon və şəhərlərdə nəzərəçarpan yüksəliş, inkişaf, irəliləyiş abadlıq-quruculuq işləri Bakının Xəzər rayonundan da yan ötməyib. Heydər Əliyev Fondu infrastruktur layihələri Xəzər rayonunun Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrinə yolların çəkilməsi, Binə qəsəbəsində yardımçı stansiyanın yenidən qurulması, qəsəbələrin su təchizatının yaxşılaşdırılması, parkların salınması ilə həyata keçirib. Bu ərazidə sosial problemlərin həllini tapması ilə yanaşı, təhsil ocaqları, məktəbəqədər müəssisələr, mədəniyyət mərkəzləri təmir olunur və yenidən qurulur. Dini abidələrin qorunub-saxlanılması, milli ənənələrimizə, dəyərlərimizə hörmət əlaməti olaraq görülən işlər təqdirəlaiqdir. Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidinin yenidənqurmadan sonra istifadəyə verilməsi dinimizə, milli dəyərlərimizə olan məhəbbətdir ki, Mehriban xanım Əliyevanın fəaliyyətində bunun numunəsini görmüş oluruq. Fond tərəfindən dini və tarixi-mədəniyyət obyektlərinin ətraf ərazisi abadlaşdırılıb, yaşıllıqlar salınıb, insanların asudə vaxtlarının səmərəli keçirməsi üçün parklarda lazımi şərait yaradılıb.
Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında "Qarabağ həqiqətləri" bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı soyqırımı, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdikləri terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus və macar dillərində nəşr olunmuş bukletlər indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.
"Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində nəşr etdirdi. Kitaba işğal olunmuş rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunub. Rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və yalan", "Əlahəzrətin general - adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan", "Sovet İttifaqı adından" kitabları rus dilində nəşr olunub.
Fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəliklərinin yaradılması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi ilə əhəmiyyətlidir. Fond, xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmasında böyük mahiyyət kəsb edir. Bildiyimiz kimi, hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirilir ki, bunların hər birində təşəbbüskar Heydər Əliyev Fondudur.
Nəzakət ƏLƏDDİNQIZI