"Milli Məclisdə "Dini etiqad azadlığı" haqqında qanuna iki mühüm düzəliş edilib". Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bunlardan biri xaricdə dini təhsil almağı tamamilə yasaqlayır: "Yəni xaricdə dini təhsil alanlar bundan sonra Azərbaycanda heç bir vaxt məscidlərdə hər hansı bir formada xütbə və moizə verilməsində iştirak edə bilməz və məsciddə rəhbər vəzifə tuta bilməz. Bu cür təhsil almış şəxslər təbii ki, başqa sahələrdə çalışa bilərlər. Burada kimsə onlara hər hansı bir formada maneəçilik törətməyəcək. Azərbaycanda dini təhsil verən mədrəsələrimiz (o cümlədən Bakı İslam Universiteti) var. Bakı İslam Universitetinin bazasında ödənişsiz ali dini təhsil verən bir qurumun yaradılması üzərində düşünülür. Biz bu barədə təklif vermişik. Bundan sonra Azərbaycanda ali və orta dini təhsil yalnız ölkəmizdə veriləcək. Beləcə yalnız Azərbaycanda təhsil alan şəxslər məscidlərdə çalışmaq səlahiyyəti əldə edəcəklər. Yəni bu istiqamətdə iş gedir".