Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Gənclər dini radikalizmə və ekstremizə "yox" deyir" mövuzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə komitə sədri , YAP İcra katibinin müavini Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, millət vəkili Şahin İsmayılov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf və digərlər iştirak edib.
YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açıq elan edərək qonaqları və gənclər təşkilatlarının rəhbərlərini, eləcə də gəncləri salamlayıb və mövzunun aktuallığından danışıb. O bildirib ki, Azərbaycan dünyada multikultural və tolerant bir dövlət kimi tanınır: "İnsanların hər bir dinə məxsus sitayişi, dini ayinlərinin həyata keçirilməsi üçün münbit şərait yaradılıb. Lakin bəzi qüvvələr var ki, onlar Azərbaycanda müəyyən radikal qrupların özəyini yaratmaqla gənclərimizə müəyyən təsirlər edərək gözəl mühiti pozmaq istəyirlər. Təbii ki, bizim gənclərimiz, cəmiyyətimiz bu kimi hallara yox deyir. Tədbirin təşkilində də əsas məqsəd odur ki, bizim gənclər təşkilatlarımız, dövlət rəsmilərimiz də bu barədə öz fikirlərini bildirsinlər. Beləcə, biz də gənclərimizlə birgə maarifləndirmə tədbirlərini həyata keçirək".
DQİDK-nın sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, dini radikalizm, dini ektremizm məsələləri bu gün Azərbaycanda hamımızı maraqlandıran və diqqət mərkəzində olan məsələlərdəndir: "Dünyada olan əsas dinlər - səmavi, islam, xristianlıq, yəhudi, eyni zamanda dünyəvi dinlər içərisində -buddizm və s. onların hər birində radikal qruplar olub. Bəs bu radikal qruplar nədən irəli gəlir? Radikal qruplar o zaman meydana gəlir ki, həmin dinlərdə kimlərsə siyasi məqsəd, hakimiyyətə çatmaq və yaxud hansısa bu və digər marağını ifadə etmək üçün istifadə edir. Bu zaman artıq dində radikalizm özünü büruzə verir. Xristianlığın özündə də müəyyən qruplar formalaşıb və ortaya çıxıb. Bu qrupların hər birinin ayrıca tarixinə nəzər salanda biz onların mütləq bir siyasi məqsəd naminə ümumi xrsitian kilsəsindən qopduğunu, ayrıldığını görə bilirik. Təbii ki, islamda da bu cür proses gedib. İslamın özündə müəyyən mənsəblər, təriqətlər meydana gəlib. Əslində elə o mənsəblər, təriqətlər bütövlükdə islamı inkar ertməyib. İslamın içərisindən bu və ya digər məsələləri ayıraraq onu özünəməxsus şəkildə istifadə edib".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev isə diqqətə çatdırıb ki, dövlət-din münasibətləri zəngin milli ənənələrimizə söykənir və müasir hüquq normaları ilə tənzimlənir: "Biz bu təcrübəni ölkədə gerçəkləşdirən dini siyasətin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin nümunəvi dözümlülük mühitinin zəruri addımı kimi qiymətləndiririk. Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır. Etnik, dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini ekstremizm və islamafobiya kimi arzuolunmaz təzahürlər müşahidə olunur. Dinin cəmiyyət həyatında xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyələrin tətbiqi, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir".
Daha sonra ATGTİ sədri, millət vəkili Şahin İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, AGAT-ın sədri Nərgiz Xələf və digərləri çıxış edərək dini radikalizm və ekstremizə qarşı mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyini vurğulayıblar. Tədbir diskussiya şəklində davam etdirilib.