Heydər Əliyev Mərkəzində "Baburnamə" miniatürlərindən ibarət sərgi açılıb. Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin Rusiyanın Dövlət Şərq Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunduğunu bildirib.
Sərginin 2015-ci ildə Heydər Əliyev Mərkəzinin yekun tədbiri olduğunu deyən A.Ələkbərov qonaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edib. Diqqətə çatdırıb ki, qarşıdan gələn bayram günlərində mərkəzin qapısı ziyarətçilərin üzünə açıq olacaq.
Sonra Rusiyanın Dövlət Şərq Muzeyinin baş direktoru Aleksandr Sedov sərgi haqqında məlumat verib.
Bildirib ki, ekspozisiyadakı "Baburnamə" əsərinə çəkilmiş 57 miniatür muzey tərəfindən ilk dəfədir nümayiş etdirilir.
Məlumat verilib ki, Moğol İmperiyasının banisi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) yazdığı "Baburnamə" türk və islam ədəbiyyatında memuar janrında ilk əsərdir. Müəllif burada öz həyatını qələmə alıb, Mərkəzi Asiya, Əfqanıstan və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar verib.
"Baburnamə" 1589-cu ildə Baburun doğma çağatay dilindən fars dilinə tərcümə edilib. Avropa alimləri Baburun memuarı ilə XIX əsrin əvvəllərində tanış olublar. 1826-cı ildə kitab çağatay dilindən ingilis dilinə, 1871-ci ildə isə fransız dilinə tərcümə edilib.
Heydər Əliyev Mərkəzində nümayiş olunan miniatürlərin XVI əsrin sonuncu onilliyində Baburun nəvəsi Əkbər şahın Aqra və ya Lahor şəhərlərindəki emalatxanalarında yaradıldığı bildirilir.
Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar.
Sərgi 2016-cı il fevralın 3-dək davam edəcək.
ZÜMRÜD