Arzu Nağıyev: "KTMT tək Rusiya və Ermənistandan ibarət deyil"
Birmənalı şəkildə demək olar ki, 2015-ci ilin son ayları Ermənistan və Azərbaycan arasında dondurulmuş Dağlıq Qarabağ münaqişəsində ciddi hadisələr, qanlı olaylar baş verib. Ermənistanın təxribatçı diversiya qrupu, cəbhədə gərginlik yaratmaq istəyi ilə təxribatlar törətməyə cəhdlər göstərsə də, bu təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb, nəticədə Ermənistan 30 əskərini itirmiş, bir o qədər sayda isə yaralı əskər tələfatına məruz qalmışdır. Eyni zamanda işğalçı ölkənin 3 uçan aparatı da Azərbaycan əsgərinin sərrast atəşinin qurbanı olmuşdur. Bundan cıxış edən beynəlxalq təşkilatların nümayəndələri, ATƏT-in Minsk Qrupunun həmsədrləri cəbhədə vəziyyətin son dərəcə də kritik olduğunu bəyan etmişlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibi N.Barduja bəyan edib ki, cəbhədə vəziyyət həddindən artıq gərgindir, müharibə baş verə bilər və bunun qarşısını almaq lazımdır. Təbii ki, bu halda sual yaranır: N.Barduja bu fikiri söyləyərkən, başlıca olaraq nəyi nəzərdə tutub? Politoloq Arzu Nağıyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Rusiyanın belə bəyanatları regionda nüfuz sahibinin kim olmasını göstərməkdir: "Türkiyə Azərbaycana dəstək verdikcə Rusiya bunu qəbul etmir və Türkiyə qismində o, NATO nu görür. Bu birinci hal deyil. Bundan əvvəl də Ermənistanın KTMT-yə üzv olduğunu və Rusiya ilə tərəfdaş və müttəfiq olduğunu göstərməyə çalışanlar belə bəyanatlarla çıxış edirdilər. Necə ola bilər ki, son vaxtlar 1023 briqadaya canlı qüvvə və silah-sursat verən, eyni zamanda Ermənistana 6 ədəd döyüş helikopteri bağışlayan Rusiya müharibə başlanmasından narahatdır. Düşünürəm ki, burada əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almaq cəhdindən başqa bir şey deyil".
"Sizcə, cəbhədə müharibə başlayarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövqeyi necə ola bilər" sualına cavab olaraq politoloq bildirdi ki, müharibənin başlayacağı o qədər də real görünmür, ikincisi də KTMT tək Rusiya və Ermənistandan ibarət deyil ki, kiminsə tərəfində olsun. Digər tərəfdən Azərbaycanın da NATO-da təmsil edilən Türkiyə ilə tərəfdaşlıq və müttəfiqlik əlaqələri mövcuddur. Rusiya isə NATO ilə ikinci bir münaqişə ocağını açmaqda maraqlı və təbii ki, bu iqtidarda deyil".
GÜLYANƏ