"Bu gün "Səs" qəzeti Azərbaycan mətbuatında özünün xüsusi yeri, rolu, qarşısında qoyduğu məqsədləri olan mətbuat orqanıdır". Bunu SİA-ya Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Səs" qəzetinin yaranmasının 25-ci ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib. PA rəsmisinin sözlərinə görə, "Səs" qəzetinin ən dəyərli tərəfi odur ki, bu mətbuat orqanı ilk gündən öz tutduğu yolu uğurla davam edir: "Düşünürəm ki, bu uğurlu yolu bundan sonra da davam etdirəcək. Çünki qəzetin tutduğu yol həmişə xalqın taleyi, onun gələcəyi, Azərbaycan dövləti və dövlətçiliyi ilə bağlı olub. Həm milli, həm siyasi şüurun formalaşmasında "Səs" qəzetinin özünün çox güclü mövqeyi olub. Təbii ki, o mövqeni də Azərbaycanda böyük əksəriyyət dəstəkləyib. Bu nöqteyi-nəzərdən mən "Səs" qəzetini Azərbaycanın bügünkü mətbuatında çox mühüm mətbuat orqanlarından biri hesab edirəm. Düşünürəm ki, bu illər ərzində qəzet çox böyük yol keçib və uğurlar, nailiyyətlər qazanıb".
N.Məmmədov əlavə edib ki, qəzet həm dövlətçiliyimizin, həm də xalqımızın keçdiyi yolda qətiyyətli bir tərəfdaş olub: "Ona görə də mən 25 illik yubiley münasibətilə başda "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev olmaqla, onun bütün əməkdaşlarını, oxucularını təbrik edirəm. Onlara bu yolda həm birlik, mütəşəkkillik, həm də yeni-yeni nailiyyətlər, uğurlar arzulayıram. Azərbaycanın, Yeni Azərbaycan Partiyasının, eləcə də "Səs" qəzetinin yolu uğur, nailiyyətlər yoludur. Təbii ki, biz də bu yolla addımlayacağıq".