"Ümumiyyətlə, "Səs" qəzetinin milli şüurun formalaşmasında, Ümummilli Lider Heydər Əliyev ideyalarının cəmiyyətə çatdırılmasındakı rolunu yüksək qiymətləndirirəm. Çünki bu qəzet mənə çox doğmadır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Səs" qəzetinin yaranmasının 25-ci ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.
YAP İcra katibinin müavini bildirib ki, o, qəzetin yaranmasında, çap olunmasında yaxından iştirak edib: "O zamanlar mən "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi idim. O vaxtlar qəzetin necə yarandığı hələ də mənim yaddaşımdadır. "Səs" qəzeti Azərbaycanda ilk müstəqil mətbuat orqanlarından biridir. Hətta barmaqla sayılası mətbuat orqanlarındandır. Qəzet çox şərəfli bir tarixi yol keçib. Bu yolda qəzet Azərbaycanın müstəqilliyindən başlamış, ölkəmizin sərhədlərində baş verən hadisələr, Azərbaycan ərazilərinin işğal olunması, Yeni Azərbaycan Partiyasının yaranması, Ümummilli Lider Heydər Əliyevə qarşı olan mətbuat blokadasının yarılması, o cümlədən ayrı-ayrı ziyalılara, insanlara ölkəmiz, xalqımız üçün vacib olan mesajların çatdırılmasında meydan verirdi. O zamanlar senzura var idi və başqa-başqa təşkilatlar qəzetin çapdan çıxmasına imkan vermirdi. Hətta AXC-Müsavat hakimiyyəti və ondan qabaqkı dövrlərdə də (Ayaz Mütəllibovun zamanında) qəzeti bağlamaq istəyirdilər. "Səs" qəzetinin redaksiyasına hücumlar olurd. Bütün bunlara baxmayaraq, "Səs"in kollektivi bu gün 25 ildir ki, fəaliyyət göstərir. Qəzetə yeni gələnlər də həmin xətti, yolu uğurla davam etdirirlər. "Səs"in bütün kollektivinə uğurlar, müvəffəqiyyətlər arzulayırıq".