Mais Səfərli: "Müxalifətin nə istədiyini anlamaq olmur"
Manatın məzənnəsi ətrafında yaranan vəziyyətdən istifadə edən bəzi işbazlar özəl maraqlarını təmin etmək üçün fəaliyyətlərini qurmağa cəhdlər göstərirlər. Məlum faktdır ki, dövlət qiymət siyasətinin tənzimlənməsi istiqamətində böyük işlər görüb. Buna baxmayaraq müxalifət xaricdən verilən tapşırığa əsasən pozuculuq aktları törətməyə cəhdlər göstərir, mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışır. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifətin bu məsələndən məkrli planlarını həyata keçirmək üçün istifadə etməyə çalışmasını milli və dövlətçilik maraqlarına xəyanət adlandırıb: "Devalvasiyasının yaratdığı fəsadlar bəzi insanlara müəyyən çətinliklər yaradıb. Amma mövcud vəziyyəti düzgün analiz edib, sual etmək lazımdır ki, bu çətinliklər hardan qaynaqlanır? Birmənalı şəkildə demək olar ki, çətinliklərin baş verməsi Azərbaycan dövlətinin özündən asılı deyil. Bu gün bütün dünya iqtisadiyyatı böhran içindədir. Dərin, çox sərt böhran dünya iqtisadiyyatını həlli cətin olan problemlərlə üz-üzə qoyub".
M.Səfərlinin sözlərinə görə, Azərbaycan da dünyanın bir parçası olduğundan, baş verənlər ölkəmizə də təsir edir: "Bizim iqtisadiyyatımız dünyaya inteqrasiya olunmuş bir iqtisadiyyatdır. Bu baxımdan dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycana da təsirsiz ötüşmür. Belə olan halda başa düşmürəm ki, müxalifət təmsilçiləri nə istəyirlər? Üstəlik də Azərbaycan dövləti və Azərbaycan Prezidenti İlham Əliyev məhz bu məsələləri çox ciddi şəkildə nəzarət edir. Baxmayaraq ki, bu gün çox böyük devalvasiya baş verib, bütün dünyaya qabarıq tərzdə özünü göstərir. Amma başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda ən əsas xidmətlərin və məhsulların qiyməti qalxmayıb. Məsələn, benzinin, mazutun, qazın, elektirik enerjisinin, suyun, nəqliyyat xərçlərinin qiymətləri qalxmayıb. Hətta buğda və buğda məhsullarına tətbiq olunan vergilər aradan qaldırılıb ki, bu da çörəyin və unun qiymətinin aşağı düşməsinə səbəb olur. Azərbaycan Prezidenti İlham Əliyev vəziyyəti tənzimləmək üçün əlindən gələni əsirgəmir. Hətta bizdən asılı olmayan məsələləri də həll edir ki, Azərbaycan xalqı bu devalvasiyanın ağırlığını çox da hiss etməsin. Belə olan halda müxalifətin nə istədiyini anlamaq olmur. Əslində, müxalifətin istəyi yalnız bu cür yersiz hərəkətlərə əl ataraq, bir müddət gündəmdə qalmaqdır. Bu günə qədər müxalifət təmsilçiləri nə isə bir normal proqram ortaya qoymayıblar. Yəni Azərbaycan xalqının maraqlarına xidmət edən bir fəaliyyət ortaya qoya bilməyiblər və bilməyəcəklər."
"Müsavatın AXCP ilə birgə aksiyalar keçirmək istəyinə Əli Kərimli rədd cavabı verib. Bunu nə ilə izah etmək olar" sulanına cavab olaraq M.Səfərli qeyd etdi ki, Əli Kərimlinin Müsavatla birgə aksiyalar keçirməsinə rədd cavabını verməsi Əli Kərimlinin bu aksiyaların heç bir nəticəyə gətirib çıxarmayacaqını anlaması ilə bağlıdır: "Ümumiyyətlə, aksiyalar müəyyənləşsə belə, onlara dəstək verən olmayacaq. Hətta öz əhatəsindəkilər də onların lazımsız aksiyalarına qatılmayacaqlar".
GÜLYANƏ