PDF Oxu

Əsas

  • 1 908

Milli Məclisin növbədənkənar iclası keçirildi

image

Dünən Azərbaycan Milli Məclisinin 2016-cı il yaz sessiyasında növbədənkənar xüsusi iclası keçirildi. İclası spiker Oqtay Əsədov açıq elan etdikdən sonra dövlət himni səsləndirildi.

İclasın gündəliyinə 8 məsələ - "Əmanətlərin sığortalanması haqqında", "Əmanətlərin tam sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", "Gömrük tarifi haqqında" qanunlara və Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər daxil edilmişdir.

Oqtay Əsədov: "İqtisadi sahədə mühüm addımlar atılır, növbəti islahatlar olacaq"

Milli Məslisin Sədri Oqtay Əsədov son vaxtlar ölkədə iqtisadi proseslər fonunda Prezident tərəfindən işlər görüldüyünü vurğuladı: "Son vaxtlar ölkədə baş verən iqtisadi proseslər fonunda Prezident tərəfindən işlər görülür. İqtisadi sahədə mühüm addımlar atılır, növbəti islahatlar olacaq".

O, iqtisadi qanunvericiliyə dəyişikliklərlə bağlı Prezident tərəfindən parlamentə təqdim olunan layihələri buna misal çəkib: "Prezidentin bu sahədə çox operativ addımları var".

Sonra Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə birinci zərfə daxil olan qanun layihələri barədə məlumat verib. Komitə sədri deyib: "Bizə təqdim edilən zərfə daxil olan qanun layihələri sistemli təhlilin nəticəsidir. "Əmanətlərin sığortalanması haqqında" Qanun bir neçə il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim edilib. Yeni daxil olunmuş layihədə bu Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Əvvəllər 500 manata qədər olan hissədən başqa qalan hissədən faizlər tutulurdu. Yeni qanun layihəsinə əsasən isə əmanətlərə görə olan dividendlərdə heç bir faiz tutulmayacaq. Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun daha da təkmilləşdirilməsi, bankların şəraitinin yaxşılaşdırılması ilə bağlı maddələr nəzərdə tutulub. Çətinliklər olanda onların sığortalanması məsələsini də hökumət öz üzərinə götürür. Həmçinin, "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun layihəsi də Milli Məclisə təqdim olunub. Bu qanun imkan verəcək ki, insanlar heç bir narahatlıq hiss etmədən əmanətlərinə sahib olsunlar və gələcəkdə ondan daha rahat istifadə etsinlər". Komitə sədri qeyd edib ki, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər Azərbaycana investisiya axınının təmin edilməsinə, yeni iqtisadi sahələrin, real sektorun yaradılmasına yönəldilib.

Dəyişikliklərin çox vacib olduğunu deyən deputatlar qanun layihələrinin ölkəmizin iqtisadi inkişafının təmininə xidmət edəcəyini bildiriblər.

Sonra iqtisadi qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı deputatlar öz fikir və təkliflərini irəli sürdülər.

Millət vəkili Əli Məsimli ölkə başçısının müşavirəsindən sonra hazırladığı təklifləri açıqlayıb: "Hazırda 14 təklifim var. Təxirəsalınmaz proqramlar, orta müddətli proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir. Təqdim etməyə hazıram. Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir".

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan bazarında xarici valyutadan istifadənin qarşısı alınmalıdır: "Xaricdən 1-2 milyard gətirməklə problem həll olunmaz".

Q.Həsənquliyev iclasda iştirak edən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmova vətəndaşlara dollarla kreditlərin verilməsinin düzgün olmadığını irad tutub: "Xaricdə oxuyan azərbaycanlı tələbələrin təhsil haqqını dollarla verməsi valideynlərin problemlə üzləşməsinə səbəb olur. Çünki burada manatın dəyərdən düşməsi valideynlərin övladlarının təhsil haqqını dollarla ödəməsində çətinlik yaradır".

Millət vəkili Fazil Mustafa bildirib ki, Prezidentin son çıxışına qədər xalqda problemlərin həllinə inam yox idi, çıxışdan sonra isə xalqda inam yaranıb.

Milli Məclisin Sədri Oqtay Əsədov isə xatırladıb ki, komitənin toplantısında kiçik kreditlər məsələsi qaldırılıb: "Lakin bunların hamısını birdən həll etmək olmaz. Gəlin, qanunları qəbul edək, banklar normal işləsin. Kredit məsələsinə yenidən baxmaq olar".

Millət vəkili Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib: "Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur".

F.Ağamalının sözlərinə görə, kreditlər, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: "Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir".

Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: "Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq".

MM-in Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov son vaxtlar iqtisadi məsələlərlə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb: "Cənab Prezidentin bu istiqamətdə çox dəqiq planları, proqramları var. Banklarla bağlı olan məsələ gündəmə gəlib. Biz gözləyirik ki, iqtisadi blokdan olan dövlət nümayəndələri bu məsələlərə bağlı ictimaiyyətə məlumat verəcək. Banklardakı vəziyyət, problemlər barədə məlumat vermək lazımdır ki, insanlar bilsinlər. Yoxsa heç bir məlumat verilmədən proseslər həyata keçirilir və insanlar arasında çaşqınlıq yaranır. Qəsdən sabotaj və ajiotaj yaradan qruplar, sosial şəbəkələrdə xüsusi olaraq öyrədilmiş insanlar var. Heç bir hadisə olmadan gündəmə elə məsələlər qoyurlar ki, bizdə guya ərzaq qıtlığı var. Ona görə, insanların məlumatlandırılması vacibdir. Təklif edirəm ki, mütəmadi olaraq ictimaiyyətə məlumat verilsin ki, hansı banklarda problemlər var. Son müşavirədə Cənab Prezident vurğulayıb ki, atılan addımlar ölkəyə yeni investisiyaların gəlməsi və iş yerlərinin açılması baxımından vacibdir. Bu istiqamətdə sahibkarlara müraciət edirəm ki, Cənab Prezidentin çağırışına dəstək versinlər, yerli istehsalın inkişafına kömək olsunlar".

Elman Rüstəmov: "5000 dollaradək kredit götürənlərə güzəştlər oluna bilər"

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov dollarda kredit götürən borclanlara güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib. E.Rüstəmov bildirib ki, hal-hazırda bu məsələ "bizim iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur".

E.Rüstəmov, həmçinin 5000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola biləcəyini də deyib: "İlkin hesablamalara görə, söhbət 250 milyon dollardan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir".

E.Rüstəmov bu gün manatın məzənnəsinə bir neçə amilin təsiri ilə də bağlı məlumat verib: "Əhali bilməlidir ki, Mərkəzi Bank digər hökumət qurumları ilə birgə ölkədə makroiqtisadi vəziyyətin stabilləşməsi, o cümlədən, manatın məzənnəsinin dinamikasının, onun proqnozlaşdırılan kəskin üzməsinin qarşısını almaq üçün çox güclü tədbirlər görmək fikrindədir, iqtidarındadır. Prezident İlham Əliyev ötən gün keçirilən iclasda bizə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı daha da genişləndirməklə bağlı tapşırıq verdi. Bunlara Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı adidir. Beynəlxalq maliyyə qurumları ilə danışıqlar, müəyyən investisiya proqramları, o cümlədən, Prezidentin nəzərdə tutduğu genişmiqyaslı struktur islahatları proqramı çərçivəsində ölkəyə maliyyə resurslarının cəlb olunması variantlarına da baxılır. Artıq Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər qurumlar beynəlxalq maliyyə qurumları ilə əlaqədədir. Biz bu imkanlardan geniş istifadə edəcəyik".

Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, qlobal iqtisadi böhran şəraitində ölkədə yeni şəraitə uyğun yeni sistem, yeni strategiya və siyasət formalaşdırılmalıdır. Bu siyasətin əsas konturları Prezident İlham Əliyevin 2015-ci ilin sosial inkişafına dair iclasında və dünən keçirilən iclasda çıxışında öz əksini tapıb. E. Rüstəmov qeyd edib ki, bütövlükdə iqtisadi strategiyası bir neçə əsas məsələlərin üzərində formalaşır. O bildirib ki, dünyada baş verən qlobal iqtisadi proseslər Azərbaycana təsir edir. Bunun üçün qlobal iqtisadi şokları neytrallaşdırmaq lazımıdır. Neftin qiymətinin aşağı düşməsi səbəbindən bu iqtisadi şokları nəzərə almamaq mümkün deyil. Buna görə də, qarşıda duran əsas məsələ iqtisadi sabitliyin tam qorunmasına nail olmaqdır.

E.Rüstəmov bildirib ki, bank sektoru bütövlükdə sabitdir: "Bu ağır iqtisadi şəraitdə 1-2 bank çox zəiflik nümayiş elətdirib. Onların ödəmə qabiliyyətində problem oldu. Amma bank sektorunda vəziyyət bütövlükdə sabitdir. Bu gün bank sektorunda kifayət qədər likvidlik var. Azərbaycanın bank sektorunda kapitalın adekvatlıq səviyyəsi 14%-dir. Düzdür, problemlər var, hər şeyi çəhrayı rəngdə təqdim etmək fikrində deyilik. Bu qanunlar imkan verir ki, iqtisadi sabitlik vəziyyəti daha da qorunsun". E. Rüstəmov "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd bütün əmanətlərin qorunmasını nəzərdə tutur: "Bu qanunda manatla əmanətlərə böyük üstünlük verir. Təbii ki, indi də manat və dollarla əmanətlərə banklar faiz tətbiq edirlər. Yeni faiz dərəcəsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının yeni qərarı olacaq. Əsas məsələ burada manata etimadın qorunması məsələsidir. Əmanətlərin tam sığortalanması haqında qanun layihəsi yeni qanun layihəsidir. Bu imkan verəcək ki, 6 milyondan çox əmanətçinin əmanətləri tam məbləğdə sığortalansın. Bu, dövlət tərəfindən böyük bir qarantiyadır".

İqtisadiyyat naziri Şahin Mustafayev isə yerli və xarici investisiyaların cəlbi ilə bağlı görüləcək işləri açıqlayıb. Ş.Mustafayev bildirib ki, investisiyaların təşviqi ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb: "Bu Fərman yerli və xarici investisiyanın stimullaşdırılmasına gətirib çıxaracaq. İnvestisiyaların təşviqi ilə bağlı yeni tədbirlər paketi hazırlanıb. Bu tədbirlər paketində investisiyanın təşviqi üçün müəyyən güzəştlərin tətbiq edilməsi təqdim olunur. Əvvəllər fərdi qaydada müəyyən güzəştlər tətbiq edilirdisə, yeni tədbirlər planına əsasən investisiya layihələrinə 3 meyar əsasında - investisiyanın həcmi, fəaliyyət sahəsi və Azərbaycanın bölgəsi üzrə meyarlar nəzərə alınmaqla güzəştlər tətbiq olunacaq. Birinci güzəşt ondan ibarətdir ki, yerli istehsalın stimullaşdırılması üçün idxal olunan avadanlıqların ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bundan başqa, tədbirlər planında 7 il ərzində regionlar üzrə investisiya layihələrinin əmlak vergisindən tam, mənfəət vergisindən isə 50% azad olunması nəzərdə tutulur. Regionlarda konkret fəaliyyət sahələrinin təşviq edilməsi ilə investisiyanın həcmini müəyyən edə biləcəyik. Bundan başqa, tədbirlər planında qeyri-neft sektorunun inkişafı ilə bağlı da bir sıra məsələlər öz əksini tapıb. Qeyri-neft sektorunun stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyalaşma mexanizmi hazırlanacaq. Əlavə olaraq, tədbirlər planında Azərbaycana məxsus milli brendlərin yaradılması da nəzərdə tutulur. Milli brendlərin yaradılmasında dövlətin birbaşa iştirakı nəzərdə tutulur. Bir sözlə, ölkənin qeyri-neft sektorunun stimullaşdırılmasını nəzərdə tutan kompleks tədbirlər həyata keçiriləcək. Bu tədbirlərlə əlaqədar Gömrük Məcəlləsinə dəyişikliklərlə bağlı tərəfimizdən iki məsələ qaldırıb. Bu, ilk növbədə investisiyanın təşviqinə imkan verəcək. Məsələ ondan ibarətdir ki, bu məsələlər yerli istehsalın stimullaşdırılması üçün idxal olunan avadanlıqların və sənaye parklarında rezident kimi qeydiyyatdan keçən sahibkarların gömrük rüsumundan azad edilməsini nəzərdə tutur. Bu dəyişikliklərin qəbul olunması sahibkarların xərclərinin azalmasına yerli və xarici investisiyanın cəlb olunmasına, o cümlədən həcminin artmasına gətirib çıxaracaq".

Sonda dövlət himni səslənməklə Milli Məclisin 2016-cı il yaz sessiyasında növbədənkənar xüsusi iclası sona çatdı.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər