ABŞ-da nəşr olunan "U.S. News and World Report" jurnalı dünyanın ən güclü orduları ilə bağlı soğru keçirib. Reytinq cədvəli "BAV Consulting" və Pensilvaniya Universitetinin əməkdaşlığı ilə hazırlanıb. Sosial sorğu 36 ölkədə aparılıb. Sorğuda minlərlə insan - sadə və biznes, elit təbəqədən olanlar iştirak edib. Azərbaycan Ordusu da dünyanın ən güclüləri siyahısına düşüb.
Maraqlısı budur ki, reytinq siyahısı Azərbaycan dövlət başçısının da iştirak etdiyi Davos İqtisadi Forumunda açaıqlanıb. Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin yer alıb. ABŞ-ın hərbi xərcləri ümumdaxili məhsulun 3,5 faizini təşkil edir. İkinci olan Rusiyanın xərcləri 4,5 faizdir. İlk üçülüyü qapadan Çin isə 2,1 faiz göstəriciyə sahibdir. Onların ardınca Almaniya və Böyük Britaniya gəlir. Azərbaycan siyahıda 38-cidir. Ölkəmiz Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri qabaqlayıb.
Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi-Hava Qüvvələri və Hərbi-Dəniz Qüvvələrindən ibarətdir. Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları məbləğində olduğu halda, 2010-cu ildə 2,7 milyard, 2011-ci ildə 3,413 milyard, 2012-ci ildə 3,474 milyard, 2013-ci ildə 3,7 milyard, 2015-ci ildə isə 4,2 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2015-ci il yanvarın 21-də "Global Firepower" saytı dünyanın ən güclü ordularının siyahısını dərc etmişdi. 106 ölkənin ordusu sırasına Cənubi Qafqazdan siyahıya yalnız Azərbaycan və Gürcüstan ordusu daxil edilmişdi. Siyahıda Azərbaycan 50-ci, Gürcüstan isə 64-cü yerdə göstərilmişdi. Ermənistan ordusu isə, ümumiyyətlə siyahıya düşməmiş və bu dəfə də siyahıdan kənarda qalmışdır. Siyahı tərtib edilərkən ordunun quruda, havada və dənizdə imkanları əsas götürülmüşdü.
Samir