PDF Oxu

Əsas

  • 2 903

“SƏS” QƏZETİ - 5000 SAYLI ƏQİDƏ MƏKTƏBİ

image

Azərbaycanın müstəqil mətbuatı tarixində xüsusi yeri və əhəmiyyətli rolu olan "SƏS" qəzetinin bu gün 5000-ci sayı işıq üzünə çıxır. Bir vaxtlar Ümummilli Lider Heydər Əliyevə qadağalar tətbiq olunan zaman Ona öz səhifələrində yer verən və Onun dəyərli fikirlərini ictimaiyyətə çatdıran bu qəzetin cəsarətli bir orqan olaraq mətbuat tarixində danılmaz yeri mövcuddur. Artıq 25 ildir ki, qürurlu yoluna, əyilməz iradəsinə və dəyişilməz əqidəsinə sadiq qalan "SƏS"-in hər zaman bir şüarı olub - "QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!"

Senzuralara və təqiblərə rəğmən bu qəzet özünü fədakarcasına qoruya bildi

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Onun Azərbaycanın müstəqil mətbuatına göstərdiyi tarixi əhəmiyyətli diqqəti və qayğısı nəticəsində digər qəzetlər kimi "SƏS" qəzeti də bu gün uğurlu fəaliyyət sistemini ictimailəşdirməkdə, uğurla davam etdirməkdədir. Məhz müstəqilliyimizin ilk illərində mətbuata qarşı şlaqbaum rolu oynayan ciddi əngəllər nəticəsində nəşr olunan qəzetlər davamlı senzuralara məruz qalaraq əsl həqiqətləri xalqa çatdırmaqda çətinliklərlə üzləşdilər. Belə çətinliklərin ən çoxunu isə "SƏS" qəzeti çəkmişdir. Çünki senzuralara və təqiblərə rəğmən bu qəzet özünü fədakarcasına qoruya bildi.

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev bütün bunları bilirdi və həqiqi demokratiyanın əldə edilməsi üçün gecə-gündüz, yorulmadan çalışırdı. Ümummilli Lider Heydər Əliyev həmişə jurnalistin peşəkarlığı ilə yanaşı, onun fədakarlığına xüsusi önəm verib. O, hələ Naxçıvanda olduğu müddətdə azad mətbuata qarşı yönəlmiş qəsd-qərəzliklərə son qoyulmasını o zamankı hakimiyyətdən tələb edirdi. Ancaq Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbindən sonra hakimiyyətə qayıtdı və ilk olaraq, senzuranın aradan qaldırılması istiqamətində mühüm addımlar atdı.

Ulu Öndər Heydər Əliyevə əziz olan bir qəzet!

Daha sonralar Ulu Öndər Heydər Əliyev mətbuatın daha azad və səmərəli fəaliyyəti üçün bu istiqamətdə müxtəlif əhəmiyyətli fərman və sərəncamlar imzalayaraq, ölkə mətbuatına nə qədər önəm verdiyini əməli şəkildə sübut etdi və bu gün 5000-ci sayını daimi və dəyərli oxucularına təqdim edən qəzet bundan fəxarət hissi keçirir. Çünki Ulu Öndərin 2001-ci ilin noyabr ayında keçirilmiş Yeni Azərbaycan Partiyasının II qurultayında "SƏS" qəzeti haqqında söylədiyi tarixi kəlamları əbədi kəlamlar kimi hafizələrə həkk olunub: ""SƏS" QƏZETİ MƏNİM ÜÇÜN ƏN ƏZİZ QƏZETDİR..."

"SƏS" qəzeti bu gün Onun müəyyənləşdirdiyi yolu-dövlətçilik yolunu 5000-ci sayında da inamla təbliğ edir, bundan sonra da təbliğ edəcək. Bu, həm də müqəddəs bir missiyadır!

Bu gün "SƏS" qəzeti 5 mininci sayını təkrarsızlığa, tarixin unudulmaz yaddaşına həkk edir. Çünki tarix unudulmur və unudulmadığı kimi, əbədiyyətə bağlanmış qərinələr simvoludur. "SƏS" qəzetinin isə, əbədiyyətə qədər yaşayacaq şərəfli tarixi təkrarsız və bənzərsizdir.

Şərəfli "beş min" rəqəminin və sayının daxilində olan silinməz həqiqət

Bu gün cəmiyyətdə, oxucuda sual yarana bilər ki, nəyə görə məhz "SƏS" qəzeti öz ali xüsusiyyətləri ilə seçilir? Bax, burada bir əhəmiyyətli cavabı verməyə yetər ki, qəzetin adı, tarixi və yaşayan əbədiyyət səhifələri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün "SƏS" qəzeti dedikdə, "Heydər baba, Azərbaycan xalqını bu bəladan qurtar!" tarixi şüarı o zamanın ictimai-siyasi, ziyalı ordusunun Ulu Öndər Heydər Əliyevə müraciəti, Ümummilli Lider Heydər Əliyevin həmin tarixi müraciətə cavabı gözlər önündə canlanır. Bu gün "SƏS" qəzeti dedikdə, redaksiyaya, fədakar redaksiya heyətinə olan o zamankı iqtidar tərəfindən olan hücumlar, yaşanan çətinliklər yada düşür. Bu, şərəfli "beş min" rəqəminin və sayının daxilində olan silinməz həqiqətlərdir!

1991-ci il yanvarın 11-də nəşrə başlayan "SƏS" qəzeti Azərbaycanın müstəqil mətbuatı ilə həmyaşıddır. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı kimi öz tarixi fəaliyyətinə başlayan qəzet, bu gün də Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ideyalarını - Yeni Azərbaycan Partiyası (YAP) ideyalarının təbliğatçısıdır. AXC-Müsavat cütlüyünün iqtidarı dövründə yaradılan süni çətinliklərə, siyasi maneələrə və əngəllərə baxmayaraq, "SƏS" qəzeti fədakar jurnalistləri sayəsində öz nəşrini dayandırmayıb.

Qırmızı imperiyaya qarşı 9 ay qorxmadan mübarizə aparan mətbu orqan

Ən əsası da odur ki, 90-cı illərdən başlayaraq, "SƏS" xalqın səsinə çevrilərək, xalq hərəkatının tüğyan etdiyi, Azərbaycanın parçalanmaya məruz qaldığı bir vaxtda sağlam ideologiya ortaya qoymaqla Heydər Əliyevi sevənləri öz ətrafında birləşdirdi və bu gün də birləşdirməkdədir. Daha geniş tarixə nəzər salsaq, qeyd etmək mümkündür ki, "SƏS" qəzetinin fəaliyyətinin bir hissəsi sovetlər dönəminə aiddir. Yəni qəzet SSRİ süquta uğramamış düz 9 ay (!) əvvəldən nəşr olunmağa başlayıb. Bu isə, onu deməyə əsas verir ki, adına mübarizlik yazılmış "SƏS" qəzeti qırmızı imperiyaya qarşı da qorxmadan mübarizə aparıb ki, onun bu tarixini heç bir müstəqil mətbuat keçməyib. "SƏS" o dövrlərdə 3-4 müstəqil qəzetdən biri kimi 30-35 min tirajla işıq üzü görürdü. Məhz o zamanlar bugünkü müxalifətdən fərqli olaraq, sağlam düşüncəli, sivil və demokratik müxalifətçiliyin əsasını "SƏS" qəzeti qoyub. "SƏS" qəzetinin ilk Baş redaktoru, tanınmış ziyalı, siyasi-ictimai xadim Ağabəy Əsgərov olub. 2005-ci il mayın 1-dən isə "SƏS" qəzetinə Bəhruz Quliyev rəhbərlik edir.

"SƏS" qəzeti bu gün bir məktəb kimi formalaşmış mətbuat orqanı olmaqla, özündə digər əhəmiyyətli xüsusiyyətləri cəmləşdirir. Hətta 25 il öncə "SƏS" qəzetinə gələn jurnalistlər bu gün də burada yorulmadan fəaliyyət göstərirlər. Yəni ilk addımlardan başlayaraq, peşəkar və fədakar kadrların yetişdirilməsində qəzetin Azərbaycan mətbuatında özünəməxsus şərəfli yolu var.

"SƏS"çilərin məktəbində

geriyə yol yoxdur!

Hələ 5 il öncə, "SƏS" qəzeti 20 illik yubileyini qeyd edərkən, bu mətbu orqanın şərəfli tarix salnaməsinə biri də əlavə olundu. Bu, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "SƏS"-çilərə ünvanladığı tarixi və möhtəşəm təbrik məktubu idi! Həmin tarixi təbrik məktubunda deyilib: "SƏS" qəzeti müxtəlif ictimai-siyasi hadisəsələri, vətəndaşları narahat edən problemləri işıqlandırmaqdan heç vaxt geri çəkilməyib. Özünəməxsus iş prinsipi ilə "SƏS" qəzeti aktual mövzuları öz səhifələrində işıqlandırıb, oxucunun informasiya tələbatını ödəməyə çalışıb. Ümummilli Lider Heydər Əliyev bu qəzetin fəaliyyətini yüksək qiymətləndirib. İnanırıq ki, "SƏS" qəzeti bundan sonra da ictimai maraqları, mətbuat ənənələrini uğurla davam etdirəcək. 20 illik yubileyi münasibəti ilə "SƏS" qəzetini təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram".

Bu gün xoş bir təsadüfdür ki, "SƏS" qəzetinin beş mininci tirajının işıq üzü görməsi daha bir önəmli hadisə ilə -yanvarın 11-də, yenicə tamamladığı 25 yaşı ilə üst-üstə düşür. Lakin bizlər - "SƏS"çilər olaraq yorulmuruq, usanmırıq əsla! Biz 10 minici saya, 30 yaşa və daha yuvarlaq rəqəmlərə, ötələrə qədər getməyə hazırıq və gedəcəyik də. Çünki bizim məktəbimizdə geriyə yol yoxdur! 5000-Cİ SAYIN MÜBARƏK, ƏZİZ "SƏS"İMİZ!

Digər xəbərlər