PDF Oxu

Əsas

  • 1 928

Davosda Azərbaycan səsi

image

Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin "Azərbaycan iqtisadiyyatının gələcəyi" mövzusunda məqaləsi yerləşdirilib

Məlum olduğu kimi, yanvarın 21-də İsveçrənin Davos şəhərində ənənəvi illik Dünya İqtisadi Forumu keçirilib. Hər il olduğu kimi, bu il də forumun işində dünyanın 100-dən artıq ölkəsinin nümayəndələri - dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Beynəlxalq tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dünya dövlətlərinin liderləri, aparıcı dövlət xadimləri, eləcə də nüfuzlu şirkət rəhbərləri ilə görüşlər keçirib.

Davos Forumu: Prezidentin tarixi çıxışı

Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən "Yeni enerji tarazlığı" adlı panel müzakirədə iştirak edib. Sessiyada Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində "The new energy equation" mövzusunda çıxışı zamanı bildirib ki, Azərbaycan öz iqtisadiyyatını neftdən sonrakı dövrə - 20 ildən sonraya hazırlayırdı: "Bu, bizim üçün gözlənilməz oldu, iqtisadiyyatımız üçün çətin vəziyyət yaratdı. Çünki biz bu il büdcəmizi 50 dollar səviyyəsində müəyyən etmişdik. Ötən il isə bu rəqəm 60 dollar götürülmüşdü. Ona görə xərclərimizi, investisiyalarımızı azaltmaq məcburiyyətində qaldıq. Sosial proqramları olduğu yerdə saxladıq. Bizim iqtisadiyyatımız stabil və dayanıqlıdır. Böyük rezervlərimiz var. Ona görə də biz vəziyyəti kompensasiya edə bilərik. Lakin belə vəziyyət uzun müddət davam etsə, təbii ki, bu, bizim büdcə üçün böyük təzyiq olacaq".

Prezident İlham Əliyev Azərbaycandakı inkişafın davamlı olacağını da vurğulayıb: "Azərbaycanda inkişaf davamlı olacaq. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə, bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq".

Çıxışının sonunda Prezident İlham Əliyev bu ilin ikinci yarısında sabitləşmə dövrünün olacağına əmin olduğunu da vurğulayıb.

Deməli, Azərbaycan bir çoxlarının iddia etdiyi kimi, yalnız neftdən asılı olan iqtisadiyyat yaratmayıb. İllərlə reallaşdırılan proqramlar imkan verir ki, neftin ucuzlaşması mərhələsində belə ölkədə gəlir gətirən özəl sektor fəaliyyət göstərsin. Bunun sayəsində Azərbaycan bu dəfə də çox az itki ilə yeni inkişaf səviyyəsinə yüksələ biləcək. Bizcə, forum iştirakçıları üçün ən maraqlı olan məhz bu məqam olub.

"Azərbaycan öz iqtisadiyyatını mənfi təsirlərindən qorumaq üçün bütün tədbirləri görür"

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun rəsmi saytında yerləşdirilmiş "Azərbaycan iqtisadiyyatının gələcəyi" adlı məqaləsindəndir.

Məqalədə bildirilir ki, indiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaqdır. 2015-ci ilin yekunlarına görə inflyasiya 4 faizdən az olmuşdur: "Biz 2016-cı il ərzində də bu rəqəmi ən aşağı səviyyədə saxlamağa çalışmalıyıq. Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesini davam etdiririk. Bu baxımdan, Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görmüşdür".

Məqalədə enerji təhlükəsizliyi məsələsinə də geniş şəkildə yer verilib. Belə ki, məqalədə bildirilir ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: "Bu baxımdan, "Cənub qaz dəhlizi" layihəsinin icrasına başlanması tarixi hadisədir. "Cənub qaz dəhlizi" 4 layihədən ibarətdir. Birincisi, "Şahdəniz-2" fazasının işlənilməsidir. "Şahdəniz" yatağında qaz ehtiyatları bir trilyon kubmetrdən çoxdur. Ümumiyyətlə, Azərbaycanın digər yataqları ilə birlikdə qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. İkinci layihə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsidir. Üçüncü layihə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsidir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış bu layihəyə əsasən, qaz kəməri Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanacaq. Dördüncü layihə isə Trans-Adriatik boru kəməri (TAP) layihəsidir. Bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaqdır. Bütün bu dörd layihə "Cənub qaz dəhlizi"ni formalaşdırır... Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrilir".

Məqalədə, mühüm məqamlardan biri də müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqinə xüsusi önəm verilməsi ilə bağlıdır: "Azərbaycan "Azerspace-1" və "Azersky" peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulması ilə bağlı olmuşdur. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və şəffaflığın artırılması üçün "elektron hökumət" quruculuğu istiqamətində işlər aparılır".

"Dövlət orqanları "ASAN xidmət" mərkəzləri vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsini təmin edir. Hazırda respublika üzrə 9 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə dövlət orqanları tərəfindən 30 sahə üzrə 112, yardımçı funksional sahələr üzrə isə 140 xidmət göstərilir. İki yeni mərkəz isə tikilməkdədir. 10 səyyar avtobus ölkənin müxtəlif bölgələrində əhaliyə xidmət göstərir. "ASAN xidmət"in fəaliyyətə başlamasından iki il vaxt keçir. Bu müddət ərzində 7 milyon insan xidmətdən istifadə edib və əhalinin bu xidmətdən razılıq əmsalı 100 faizə yaxındır. Bəzi ölkələr bizim bu sahədə təcrübəmizdən istifadə etməyə başlamışlar"- bu fikirlər də Prezident İlham Əliyevin "Azərbaycan iqtisadiyyatının gələcəyi" mövzusunda məqaləsində yer tutub.

Beləliklə, bütün bu faktlar bir daha göstərir ki, Davos İqtisadi Forumu Azərbaycan üçün əhəmiyyətli olub. Biz ölkə rəhbərinin həmişə dərin məzmunlu nitqlər söylədiyini yaxşı bilirik. Bu dəfə böyük bir beynəlxalq tədbirdə Cənab Prezident Azərbaycanın adını yüksəklərə qaldırıb.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər