Ekspertlər: Bu paketlərə alternativlər təklif olunmasa effekt verməyəcək, ənənəvi paketlərə və qablaşdırılmalara qayıdılmalıdır
Fevralın 15-dən etibarən mağazalarda polietilen torbaların pulla verilməsi əhalidə narazılıq yaradıb və sosial şəbəkələrdə bu tənqid olunur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə göndərilən məktubda qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün. Nəticədə, mağazalar bu paketləri 3-5 qəpikdən satmağa başlayıb.
Məlumdur ki, ölkədə inflyasiya davam edir, istehlak məhsullarının və xidmətlərin qiyməti artır. Nəticədə əhalinin xərcləri də artır. Belə bir şəraitdə polietilen torbaların pulla satılması nə dərəcədə düzgündür? Bunda ekologiyanı qorumaq məqsədi göstərilsə də, bu vəziyyət ekologiyanın qorunması istiqamətində ciddi nəticə verməyəcək. Belə ki, insanlar yenə o paketləri götürməli olacaq, sadəcə, indi bunun üçün pul ödəməli olacaq. Paketlərin biri 3-5 qəpiyə satılır, lakin bu paketlərin dəyərinin 1 qəpik belə təşkil etmədiyi məlumdur.
Polietilen paketlərin və plastik qabların ləğv edilməsi təklifləri ekoloqlar və sosioloqlar tərəfindən uzun illərdir irəli sürülür. Mən də bu haqda son 15 ildə mediada onlarla yazı və müsahibə ilə çıxış etmişəm. Yazılarımızda bu prosesin optimal və effektiv həyata keçirilməsi qaydalarının göstərmişik, bəzi ölkələrin təcrübəsindən misallar gətirmişik. Lakin bu təkliflərin heç biri nəzərə alınmayıb və proses sadəcə pulsuz verilməli olan bir məhsulun indi pulla satılması haqda qərarla yekunlaşıb. Bir neçə il əvvəl ekologiyanın qorunması məqsədilə adıçəkilən məhsulun tamamilə ləğv edilməsi gündəmdə idi. Polietilen torbaları isə kağız və ya parça torbalar əvəz etməli idi. Keçən il buna bir cəhd də göstərildi. Ancaq bu məsələ elə söz olaraq qaldı.
Çünki plansız tətbiq olunmuşdu. İndi isə heç bir hazırlıq olmadan birbaşa qərar verildi. Heç bir alternativ təklif etmədən belə bir qərarın verilməsi ən azı biabırçılıqdır.

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin rəhbəri Elman Cəfərli deyir ki, hazırda dünyanın ekologiyasına ən böyük zərər vurulan sahələrdən biri də budur: “Plastik və polietilen materiallar 5-10 əsr ərzində çürümür və torpağı, suyu zəhərləyir. Bu məhsullar yandırıldıqda da havanı zəhərləyir. Bu, çox dəhşətli problemlərə gətirəcək. Dənizlərdə, okeanlarda göz işlədikcə uzanıb gedən nəhəng plastik hövzələri var. Bəzi quru ərazilərdə isə plastik zibil çölləri uzanıb gedir”.
Ekoloqun fikrincə, bu materiallar təkcə insanlara deyil, həm də heyvanlara ciddi zərər vurur: “Aparılan araşdırmalara görə, okeanda səfərdə olan gəmilər ildə 4 milyon kiloqram polietilen torbanı dənizə atır. Okeanlardakı, dənizlərdəki balıqların 40 faizinin mədəsində plastik maddələr olduğu güman edilir. Dənizlərə atılmış sellofan torbaları delfin, fok, balina, çanaqlı bağalar və bu kimi bir çox dəniz heyvanları yemək sanıb yeyirlər. Bu da onların həzm sistemlərinin pozulmasına gətirib çıxarır və kütləvi ölümlərinə səbəb olur”.
Aparılan ən son araşdırma zamanı məlum oldu ki, hər il dünyada 1 trilyon sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir.
İnsanların plastik qablarda yemək və su qəbul etməsi nəticəsində, milyardlarla plastik partikullar onların orqanizminə daxil olur. Kanadada, Rusiyada, Belçikada aparılan araşdırmalar zamanı insanların orqanizmində plastik hissəciklərin təhlükəli həddə çatdığı ortaya çıxıb.
Polietilen torbalar içərisində və plastik qablarda saxlanan bütün növ qidaların vitaminləri də məhv olur. Artıq dünyanın bir sıra ölkələrində yeməklərin, xüsusilə də isti yeməklərin plastik qablarda verilməsindən tam imtina olunub. Bir çox ölkələrdə içmək üçün istifadə edilən suyun da plastik qablarda satışına qadağa qoyulub.
Ekspertlər deyir ki, əgər siz evə, iş yerinə yemək sifariş edirsinizsə, heç bir halda onu plastik qablarda qəbul etməyin. Xüsusən də, uşaqları plastik qablarda saxlanan yeməkdən və sudan aralı tutmaq lazımdır. Yeməklərin keyfiyyəti yüksək olsa belə, bu qidaların qoyulduğu birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qablar istilik zamanı öz tərkibində olan zərərli kimyəvi maddələri yeməyə və ya içkiyə buraxır. Nəticədə xəbərimiz olmadan orqanizmimizi qidalandırmaq əvəzinə zəhərləyirik. Hətta bəzi hallarda insanlar yeməyi birdəfəlik qablarda mikrodalğalı sobalarda qızdırırlar. Bu isə qabların kimyəvi tərkibinin yeməyə qarışmasını daha da sürətləndirir.
Rusiyada aparılan araşdırmalar zamanı məlum olub ki, əmziklər və uşaqlar üçün süd butulkaları başda olmaqla bir çox plastik məhsulda istifadə edilən “BPA” maddəsi yeniyetmə və uşaqların, xüsusilə də 1 yaşadək körpələrin inkişafına mənfi təsir edir.
İstehlakçıya təklif edilən əmziklərin çoxu, “Bisfenol A” tərkibli polikarbonatdan istehsal olunur. “Bisfenol A”, əmziyin içindəki mayeyə keçə bilən, hormon sisteminə zərər verən kimyəvi maddədir. Bu maddə körpə əmzikləri ilə yanaşı, su şüşələrində, tibbi cihazlarda, idman ləvazimatlarında, plastik plastik stəkanlar kimi bir çox məhsulda var.
Son araşdırmalara görə Amerikada insanların 93%-nin qanında “Bisfenol A” var. Bu ölkədə satılan hər 10 əmzikdən 9-da BPA tapılıb. Ölümcül təhlükə yaratdığı üçün ABŞ, Kanada, Danimarka, Fransa, İtaliya olmaq üzrə dünyanın bir çox ölkəsində istehsalı dayandırılan əmziklər, plastik süd və su şüşələr həzm sistemində problemlər, immunitet zəifliyi, psixi problemlər, piylənmə, hiperaktivlik, ürək xəstəliyi, qızlarda döş xərçəngi və sonsuzluq kimi xəstəliklərə səbəb olur.
İngiltərə, Hindistan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bu kimi bir çox ölkələrdə sellofan-plastik-polietilen torbaların istifadəsinə icazə verilmir. Gürcüstan da 2020-ci ildən bu məhsulların qadağan edilməsinə qərar verib.
Dünyada bu sahədə vəziyyət o qədər sürətlə pisləşir ki, yaxın bir neçə ildə bu cür kimyəvi birdəfəlik məhsulların istehsalı qadagan edilə bilər. Hələlik isə, biz mümkün qədər onlardan az istifadə etməliyik. Ən yaxşı çıxış yolu onlardan imtinadır, amma bunu necə etməli?
Əksər ekspertlər bu fikirdədirlər ki, Sovet dövründə istifadə olunan şüşə, parça, kağız, karton qablaşdırmalara qayıtmaq lazımdır. Birdəfəlik qablar həm israfçılıq və həm də zərərlidir. O vaxt şüşə butulka və banka qəbulu məntəqələri var idi. İndi də bu işi təşkil etmək olar. İnsanlar bazar-dukana gedəndə parçadan və ya brezentdən hazırlanmış torbalar götürürdülər, mağazalarda isə, məsələn yağı indiki kimi sellofana bukub vermirdilər, kağıza büküb verirdilər. Bu, daha sağlam üsuldur və təbiətə də zərər vurmur.
Ekologiyamızı zərərli maddələrdən müxtəlif formada qorumaq olar. İlk növbədə, polietilen torbaların alternativi olmalıdır ki, əhali bundan imtina etsin. Təbiətdə parçalanan, ekologiyaya zərər vurmayan materiallardan hazırlanan qablaşdırma olmalıdır. Bunlar kağız, parça torbalar və şüşə qablar, dəmir, karton və taxta taralar olmalıdır. Ekologiyaya zərər vurmayan belə məhsulların istehsalı təşkil olunmaldır.
Hazırda insanların həyat tərzi bu cür formalaşıb. İnsanlar alış-verişi polietelin torbalar vasitəsilə edir, qida məmularlarını plastik qablaşdırmalarda alırlar. Ekologiyanı qorumaq məqsədi ilə bu vasitələri pulla satmaq çıxış yolu deyil. İlk növbədə, onların əvəzləyicilərini dövriyyəyə buraxmaq gərəkdir. Keçmişdə olduğu kimi, kağız, karton, parça paketlərdən istifadəyə keçmək lazımdır. Lakin zibil məsələsində problem yaranacaq. Zibil üçün təbiətdə çürüyən birdəfəlik biopaketlər hazırlana bilər.
Bu kampaniya əhalidən əlavə pul qoparmaq üçün yox, sağlamlıq və ekoloji mühit üçün həyata keçirilməlidir. Təbii paket və qablar istehsal edən müəssisələr açılmalı, vergidən azad edilməlidir ki, ucuz məhsul buraxa bilsinlər. Bundan başqa, şüşə qəbulu məntəqələri bərpa edilməlidir. Hər şüşə üçün 10 qəpik təklif edilməlidir. Bəzi ölkələrdə bu şüşələri qəbul edən xüsusi aparatlar qoyulur. Sadə qəbul məntəqləri də yaratmaq olar. Eləcə də, taxta və metal taralar üçün.
Mövcud qaydalar isə, sadəcə, əhalinin xərclərinin artmasına səbəb olacaq. Hazırda insanların demək olar ki, seçim hüququ yoxdur. Əksəriyyət işdən gələncə mağazadan evə lazım olan şeyləri alır və heç kim də cibində parça torba gəzdirəsi deyil. Müştəri mağazaya girib bazarlıq edəcəksə, paketlər üçün 20-30-40 qəpik əlavə xərci çıxacaq. Təbiətə zərrə vurmaq istəməyən vətəndaş hər dəfə xeyli xərcə düşməlidir. Bəzi marketlərdə 1 manata parça paketlər satılır. Bu, o deməkdir ki, 50-60 qəpik dəyərində məhsul (məsələn, 2 kiloqram kələm) alan insan bunun iki qatı pul ödəyərək həmin paketi almalıdır. Bu, absurddur.
Bu ekologiyanın qorunmasına ciddi təsir göstərməyəcək. İnsanlar, sadəcə, əlavə pul ödəməklə yenə o paketlərdən istifadə edəcəklər. Burada dəyişiklik, sadəcə, vətəndaşın artıq xərcinin çıxmasıdır. Əgər həqiqətən də insanları, ekologiyanı qorumaq məqsədi varsa, bu məsələlər həll olunmalıdır. Əks halda polietilen torbaların pul ilə satılması heç nəyi dəyişməyəcək. Dəyişən sadəcə, alıcıların əlavə xərcinin çıxması olacaq.
Bu gün marketlərdə nazik karton tipli paketlər var ki, qiymətləri ölçüsündəna asılı olaraq 1-5 manat aralığında satılır. İnsanlar çox vaxt bu paketləri hədiyyə üçün almalı olurlar. Lakin gündəlik bazarlıq üçün bunları almaqdan söhbət belə gedə bilməz. Çünki paket məhsuldan baha başa gələ bilər. Bu karton çantaların maya dəyəri uzağı 5-10 qəpik ola bilər. Əgər 10-15 qəpikdən satılsa bir çox insanlar onlardan istifadə edə bilər.
Yeri gəlmişkən, keçən il Sağlam Cəmiyyət Hərəkatı (SCH) polietilen torbalar və plastik qablarla bağlı sorğu keçirib, nəticə çox maraqlı olub. SCH-nin rəhbəri Elçin Bayramlının “Səs” qəzetinə verdiyi məlumata görə, sorğu zamanı respondentlərə “Alış-verişdə hansı torbalardan istifadə edirsiniz?” sualı ünvanlanıb. Soğruda iştirak edən 49 nəfərdən 44-ü polietilen-sellofan torbalardan istifadə etdiyini deyib, 2 nəfər parça torbadan, 1 nəfər kağız torbalara üstünlük verdiyini bildirib. İştirakçıların 95 faizi sellofan paketlərin və plastik qabların qadağan olunmasına tərəfdar çıxıb. Yalnız 4 faizi plastik qablaşdırmada ərzaq və su almadığını deyib.
Daha uzunömürlü və daha sağlam bir vasitə olan parca və kağız torbaların, taxta və metal taraların istehsalı üçün o qədər də çox vəsait tələb olunmur. Həm də bunlar birdəfəlik deyil çoxdəfəlik olduğundan israfçılığın və zibilləmənin qarşısı alınır, həm də ən əsası sağlamlığımız qorunmuş olur. Şüşə qablar torpaqdan, gildən hazırlandığından ucuz başa gəlir və təbiətə də zərər vurmur, üstəlik, onlar da çoxdəfəlik istifadə üçündür. Göründüyü kimi, alternativlər var, sadəcə, bu işi təşkil etmək və tədricən kimyəvi paketlərdən imtina edilməlidir. Beləcə həm əhalinin sağlamlığı qorunmuş olar, həm də təbiətimiz.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb