MİA

  • 28 016

XX əsrin ən böyük soyqırımı: 105 il əvvələ baxış - TARİX

image

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Mart soyqırımından 105 il ötür. 1918-ci il mart-aprel aylarında həyata keçirilən soyqırım zamanı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Naxçıvan, Zəngəzur və Lənkəranda on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, yüz minlərlə insan öz yurd-yuvasından qovulub.

Erməni daşnak qüvvələrinin Bakıda həyata keçirdiyi qırğınlar zamanı 30 mindən çox dinc sakin öldürülüb. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qarsda 92 kənd yerlə-yeksan edilib. Ermənilər Şamaxı ərazisində 7 mindən artıq insanı, o cümlədən 1653 qadını və minə yaxın uşağı qətlə yetiriblər.

İrəvan quberniyasında isə öldürülən azərbaycanlıların sayı 130 min nəfərdən çox olub. Erməni hərbi birləşmələri minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə məhv edib, evlərə od vurub, insanları diri-diri yandırıb, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər.

30 Mart axşam saat 5-də Bakıda ilk atəş səsləri eşidildi. Yaxşı silahlanmış və hazırlıqlı erməni əsgərləri azərbaycanlıların evlərinə basqınlar edərək onları öldürür, körpələri xənçərlə qətl edir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyidi tapılmışdı.

Mir Cəfər Pişəvəri öz xatirələrində yazır: “Mən 1918-ci ilin martında erməni daşnaklarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyidlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu çox nifrət ediləcək bir hərəkətdir”.

N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında qeyd edir: “Bolşevik olan bir türkə belə aman verilmədi. Daşnaklar- “bolşevikliyinizi tanımırıq, bir halda ki, türksünüz- bu yetər” deyirdilər. Bolşevik adı altında türklərə qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar bunlardan canlarını qurtara bilmədilər.

Müxtəlif rəqəmlər söylənilir- 10 min, 15 min... amma ingilis mənbələrində göstərilir ki, ermənilər tərəfindən həmin ilin martında təkcə Bakıda 25 min nəfər qətlə yetirilib.

Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk on günlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.

Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma Komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və azərbaycanlılar üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma Komissiyasının 12 iyul 1919-cu il tarixli qərarı göstərmək olar.

Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir.

Arxivlərdə göstərilir: “...Uşaq və qadınların böyük bir hissəsi məsciddə gizləndi. Tanınmış Axund Molla Cəfərqulu öldürüldü. Hər kəs Axunda bir şey edilməyəcəyini, ona əl qaldırılmayacağını fikirləşirdi. Amma ermənilər məscidə girərək Axundu tapdılar. Onun gözlərini çıxarıb, dilini, burnunu və qulaqlarını kəsdilər. Məsciddəki bütün qadınlar öldürüldü”.

Şamaxıda təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaqdı. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1701 nəfərə enmişdi.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu kütləvi soyqırım hadisələri təkcə Bakı və Şamaxıda deyil, Azərbaycanın demək olar ki, bütün bölgələrində həyata keçirilmişdi. Quba qəzasına göndərilən erməni silahlı birləşmələri tərəfindən 122 kənd dağıdılmış, müxtəlik xalqlardan olan yüzlərlə insan qətlə yetirilmişdi.

Ermənilərin Qubada törətdikləri qətliamlar haqqında həmin dövrdə şəhərin rəisi olmuş A.Əlibəyov yazır: “Ermənilər şəhəri tərk etdikdən sonra mən şəhərə dəyən maddi zərəri dəyərləndirdim və eyni zamanda bir neçəsi uşaq və qadın olmaq üzərə 2000-dən çox türkün qətl edildiyini araşdırdım”.

Ermənilər təkcə Naxçıvanda 1919-cu ildə 4000, 1920-ci ildə 64408, həmin il daha 5307, 1921-ci ildə isə 12 azərbaycanlını qətlə yetiriblər.

Azərbaycan Cümhuriyyəti dövründə Nazirlər Şurası bu soyqırım faktının araşdırılması üçün fövqəladə istintaq komissiyası yaradıb. Komissiya insanlığa qarşı törədilən bu ağır cinayətləri araşdırıb. Bu faktların dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb.

Ümumilikdə, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı öz torpaqlarından qovublar. XX əsrin sonlarında ermənilər Azərbaycan xalqına qarşı yeni soyqırım aktı həyata keçirdilər. Xocalı qətliamı bəşər tarixində ən dəhşətli soyqırım aktı kimi artıq tarixə düşdü.

İndi dünyaya yalançı erməni soyqırımı nağıllarını qəbul etdirmək istəyən ermənilər bu tarixi faktlar qarşısında aciz qalırlar. Azərbaycan və qonşu ölkələrin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırım haqda minlərlə fakt və sənədlər var. Bunlar ermənilərin iç üzünün açılması və dünya qarşıısında ifaşı üçün tam kifayət edir.

Azərbaycan tərəfindən bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən işlər artıq dünya ictimaiyyətinin əsil tarixi həqiqətlərlə tanış olması üçün gözəl şans yaradıb.

Ümumilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 31 Mart- Azərbaycanlıların soyqırımı günü ilə bağlı ölkəmizlə yanaşı dünyanın müxtəlif ölkələrində də tədbirlər keçirilir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər