Gecə növbəsində işləyənlər alzeymer xəstəliyinin potensial qurbanıdır
Alimlər gecə növbəsində işləyənlərlə ağlını itirmək, yaddaşın silinməsi, həyatına dair heç nəyi və heç kimi tanımamaq kimi əlamətləri olan alzeymer xəstəliyi arasında bağlılıq tapıblar. Mütəxəssislərə görə, gecə işləyənlərin, xüsusilə də, həzm sistemləri başda olmaqla orqanizmindəki dəyişiklər alzeymer xəstəliyinə təkan verir. Bu araşdırma alzeymer xəstəliyinin müalicəsində normal yuxunun nə qədər vacib olduğunu üzə çıxardı.
Gecə növbəsi təbii balansı pozur
Məlumat üçün qeyd edək ki, sadəcə Amerikada 15 milyon insan gecə növbəsində işləyir.
Bu insanların böyük əksəriyyəti gündüz işindən sonra gecə ikinci işinə gedir. Bu isə sağlamlıq üçün ciddi problemlər yaradır.
Bu ölkədə aparılan bir araşdırma zamanı məlum olub ki, gecə növbəsində çalışan polislərin əksəriyyəti sutkada 6 saatdan az yatır, onların bu göstəricisi sağlamlıq problemlərinin artmasına səbəb olur. Gecə növbəsində işləyən insanların qanındakı serotonin hormonu gündüz növbəsindəm işləyənlərin qanındakı serotonin hormonundan daha azdır. Xoşbəxtlik hormonu hesab edilən bu hormon həm də normal yuxu yaradır, gecələr iş başında mürgüləyən insanların serotonin dəyəri az olduğu üçün onlar özlərini kimsəsiz və bədbəxt hesab edirlər.
Bundan əlavə, gecə növbəsində işləyən insanlarda şəkərli diabet xəstəliyinin yaranma riski də yüksəkdir, gecə işləyən kişilərin gecə işləyən qadınlara nisbətən daha çox şəkərə yaxalanma riski də var. Gecə növbəsində işləyənlərin daha çox ikinci tip diabetə yaxalanır, çünki gecə növbələri bədəndə insulin ifrazını minimuma endirir.
Qadınlar daha çox zərər görür
Gecələr işləmək məcburiyyətində qalanlarda əsəb, ürək, qan-damar xəstəliklərinin çox rastlandığını deyən həkim Rəşad Hüseynovun sözlərinə görə, insan üçün ən doğru yuxu vaxtı gecədir: “Həm zamansız, həm də normadan az yatdıqları üçün gecə növbəsində işləyənlər zamanla sağlamlıq baxımından ciddi problemlərlə üzləşirlər. Xüsusilə də, qadınların gecələr yuxusuzluğa dözümü yoxdur, çünki gündüzlər evin, ailənin qayğıları onları çox yorur, dincəlmədən işləyirlər, üstəlik lazımı qədər yuxu yatmadan gecə növbəsinə çıxırlar. Kişilər gecələr işləsə də gündüzlər yatıb yuxusunu ala, dincələ bilirlər, ona görə gecə növbəsi onları qadınlar qədər yormur”.
Qeyd edək ki, son araşdırmalara görə, gecələr işləyən qadınlarda döş xərçəngi riski 30 faiz artır. Əgər qadın ən az 4 il gecə növbəsində işləyibsə və bu növbələr həftədə 3 dəfədən artıqdırsa onda süd vəzisi xərçəngindən şübhələnmək olar. O cümlədən gecələr işləyənlərin bədənində leptin adlı hormon azalır, bu hormon bədəndə və qanda həm insulin, həm də şəkər tarazlığını yaradan hormondur.
Gecə işi infarktın dostudur
“British Medical Journal”da yayımlanan bir araşdırmaya görə isə gecələr işləyən insanlarda infarkt riski yüksəkdir. 34 araşdırmanın ümumiləşdirilmiş nəticəsinə görə Kanadada 2010-2014-cu illər arasında infarkt hallarının 7 faizi, ifliclərin 1.6 faizinin, qan-damar problemlərinin 7.3 faizi gecə növbələrində işləyənlər arasında qeydə alınıb.
İşdə baş verən qəzaların əksəriyyəti də məhz gecələr olur. Kiçik bir araşdırma etdik, məlum oldu ki, Travmatologiya Mərkəzinə qəzalarla bağlı müraciət edənlərin əksəriyyəti gecə növbələri zamanı qəza keçirənlər olur. Normal yuxu yatmayan, yarımürgülü işçilərin diqqətindən qaçan kiçik bir detal böyük faciələrə yol aça bilir. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə isə gecə növbətçiliyi depressiya yaradan əsas səbəblərdən biridir.
Dünyada bu yöndə aparılan bütün araşdırmalar görə gecə növbəsində işləmək insan beynini tez qocaldır, bu da dolayısı ilə ağlını, yaddaşını tez itirməyə səbəb olur. Fransada 3 min insan üzərində aparılan elmi təcrübə də bunu təsdiqləyir. Könüllülərin sürətli düşünmə, qərar vermə qabiliyyəti və yaddaşı yoxlanıldıqdan sonra məlum oldu ki, gecələr işləyənlərin normal iş saatlarında işləyənlərə nisbətən yaddaşı, çevik qərar vermə qabiliyyəti zəifdir. Doğrudur, beyin də təbii olaraq insan yaşlandıqda yaşlanır, amma gecə növbəsində işləyənlərin beyni ikiqat sürətlə yaşlanır və bu ağlını itirmə, ciddi yaddaş pozuqluqları ilə müşahidə olunan alzeymer zəstəliyinə təkan verir. Araşdırma zamanı məlum olub ki, gecə növbəsində işləyənlər beyinlərinin imkanı özlərindən 6-7 yaş böyük insanların beyin imkanı ilə eynidir.
Orqanizm məcbur ediləndə…
Bugünədək gecə növbəsinin xərçəngə, diabetə, infarkta səbəb olması ilə bağlı bir çox elmi araşdırma aparılıb. Amma insanın bədənində molekulyar dəyişikliyə səbəb olması faktı yeni aşkarlanıb. İnsan onqanizminin normal, təbii təlabatlarına uyğun yuxu, qidalanma, dincəlmə və işləmə sırası var, bu sıraya əməl etmədikdə təbii ki, bir çox sağlamlıq şikayətləri olacaq. İnsan günəşlə birlikdə oyanıb işləməli, hava qaraldıqda isə istirahətini etməlidir. Əksi olduqca orqanizm çaşır, gecə ilə gündüzü səhv salır.
Yuxusuzluq orqanizmə ciddi zərərlər vurur, normal yuxu yatmayan insanlarda bədən temperaturu dəyişir, çevik hərəkətləri tədricən azalır, düşüncə və analiz qabiliyyəti zəifləyir. Türkiyənin məşhur Yuxu Araşdırma Mərkəzinin bu sahədə apardığı araşdırmalar da bunu təsdiq edir. 22 nəfər gecə növbəsində işləyən könüllü üzərində aparılan araşdırmalar sübut etdi ki, oranizm gecələr işləməyə məcbur edildikcə müxtəlif dəyişikliyə məruz qalır. Qan testlərinə görə genlərin 6 faizi günün bəlli vaxtlarında daha aktiv və ya daha passiv formada işləməlidir, amma qeyri-normal yuxu bu genlərin 97 faizinin ahəngini pozur. Qeyd edilir ki, orqanizmdə hər genin öz ritmi var, bu ritm pozulduqda əsəb, depressiya kimi ciddi narahatlıqlar əmələ gəlir. Bu da gecələr işləyənlərin orqanizmində yarana biləcək problemlərdən xəbər verir.
Gecələr işləyirsiniz, zob xəstəliyinə də hazır olun
İsveç alimlərinin son araşdırması isə gecələr işləyənlərin zob xəstəliyindən daha çox əziyyət çəkdiyini deyir. 20 yaşından gecə işinə başlayan və ən az 3 il işləyən insanlarda zob riski gündüz işləyən yaşıdlarına nisbətən 50 faiz artır.16-70 yaşlı 13 min könüllü üzərində aparılan araşdırma gecə növbəsinin insanda ürək, qan-damar, xərçəng kimi xəstəliklərə səbəb olduğu faktını təsdiqləmiş oldu.
Ümumiyyətlə, növbəli iş insanda bioloji saatı pozur, təbii tələbatların süni halla ödənməsinə yol açır. İnsan normalda səhər tezdən oyanmalıdır, amma gecə növbəsində işləyənlər səhərlər yatmağa hazırlaşır. Normal insan orqanizmi səhər günəşini, sübh oksigenini tələb edir, amma gecə növbəsində işləyən pəncərəsinə qara pərdələr çəkilmiş qaranlıq otaqda yatmağı seçir. Gündüzlər işləyən insanlar işdən sonra kiçik gəzintini, idmanı seçir, gecə növbəsində işləyən insanlar isə işdən sonra dərhal yatır, axşamadək yataqda olur, sonra isə gecə növbəsinədək gününü televizorun qarşısında keçirir. Buna görə də gecə növbəsində işləyənlərdə piylənmə kimi problem də geniş yayılıb. Üstəlik, günəşlə az təmasda olduğu üçün bu insanlarda D vitamini əskikliyi müşahidə edilir, D vitamini çatışmazlığı isə beyinin öz funksiyasını yerinə yetirməsinə mane olur.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb