MİA

  • 11 904

Günəşin qəzəbindən necə qorunmalı? -ARAŞDIRMA

image

Ekspertlər iddia edir ki, saat 11.00-18.00 aralığında Günəş Yerə son dərəcədə təhlükəli şüalar ötürür

Soyuq qış aylarında ən çox arzuladığımız ilıq günəş hərarətidir. Bütün qış boyu yayı, dənizi, qumu həsrətlə gözləyənlər çoxdur. Amma isti yay günlərində də həkimlər tez-tez xəbərdarlıq edir ki, günəş şüasına məruz qalmaq təhlükəlidir. Psixoloji araşdırmaların nəticələrinə görə günəşli havalar psixoloji rahatlıq, canlılıq gətirir. Xüsusilə, yaz günəşi orqanizm üçün çox faydalıdır, insan bədəni üçün təməl vitamin hesab olunan D vitaminini orqanizmimizə günəş bəxş edir.

Günəş şüasında D vitamini də var, xərçəng də...

Bədəndə lazımi miqdarda D vitamininin toplanması üçün saatlarla günəşlə təmas vacib deyil. Əksinə, günəşin təhlükəli şüalar yaydığı saatlarda kölgələrə çəkilmək vacibdir. İnsana gün ərzində 15-20 dəqiqə ərzində üz, qol və əl kimi bədən orqanlarının günəş vannası qəbul etməsi yetərlidir. Xüsusən uşaq və yaşlılar üçün daha önəmli olan səhər günəşi bu vitamini kifayət qədər ötürə bilir.

Tibb elmi sübut edib ki, insanlar Günəşə, onun təsiri ilə yaranan D vitamininə ehtiyaclarının 80 faizə qədərini 18 yaşlarından əvvəl təmin edirlər. Təbii Günəş vannaları sədəf və ekzema kimi dəri xəstəliklərinin sağalmasında önəmli vasitələrdən sayılır. Ancaq Günəş vannalarının qəbulu və nə qədər Günəş altında qalmağın müddəti həkim nəzarəti ilə fərdi qaydada təyin olunmalıdır. Çünki uzun müddət Günəş altında qalmaq belə xəstələrdə əlavə mənfi təsirlərə yol aça bilər.

Xüsusilə, ağ dərili insanlarda qısa müddətdə dəri yanıqları əmələ gəlir. Günəşə həssaslıq yaradan bəzi dərmanların (məsələn, hamiləliyi önləmək dərmanları) qəbulu zamanı insanlar Günəş altında çox qalarlarsa, bu, bədəndə reaksiyalara yol açar. Bəzi dəri xəstəlikləri isə Günəş vannaları qəbul edən zaman daha da ağırlaşır.

Açıq rəng dərili insanlar daha diqqətli olmalıdır

Həkim-dermotoloq Xatirə Hacıyeva deyir ki, uzun müddət Günəş altında qalmaq üzdə qırışlar, dəridə rəng dəyişikliklərinə səbəb olur, eləcə də dəri xərçəngi və müxtəlif dəri xəstəliklərinə yol açır. Bu gün dünyada dəri xərçənginə tutulanların sayının sürətlə artmasının əsas səbəbi sırasında da məhz Günəş şüaları göstərilir.

Günəş işığı özündə dərinin məsamələrindən keçə bilən ultrabənövşəyi (UVA və UVB) ehtiva edir. Həm UVA, həm də UVB şüaları dəridə qırışlara səbəb olmaqdan əlavə həm də infeksiyalara qarşı müdafiə sistemini zəiflədir. Yaşlanma ilə əlaqədar dəri xəstəliklərinə və xərçəngə səbəb olur. UVB dərinin xarici təbəqələrinə təsir edən və yanıqlara səbəb olan əsas amildir.

Müsahibimizin sözlərinə görə, xüsusilə, işlə bağlı uzun müddət Günəş altında qalmağa məcbur olanlar dəri xərçəngi riskinə qarşı qoruyucu tədbirlər görməlidirlər: “Dəri xərçəngi növlərinə daha çox açıq rəngli dərisi olan insanlarda təsadüf edilir. Açıq dərili insanlar nisbərən daha çox risk daşıyırlar. Bu xəstəlik dəridə qabıqlanma-pullanma, sərtləşmə, daha sonra qaşıntı, qanama kimi problemlərə yol açan dəyişikliklərlə özünü göstərir. Əgər bu əlamətlər alın, yanaq, boyun, dodaq, əl, qol kimi günəş şüaları ilə təmas etmək ehtimalı çox olan yerlərdə meydana gəlirsə, daha diqqətli olmaq lazımdır”.

Xatirə Hacıyeva bildirir ki, dəri xərçəngi ona görə yaranır ki, ultrabənövşəyi şüaların təsiri ilə hüceyrələrdə dəyişikliklər meydana gəlir. Başqa sözlə, ultrabənövşəyi şüalar dəri hüceyrələrinin DNK-larını pozur. DNK quruluşu pozulan hüceyrə çoxaldığı zaman isə xərçəngləşə bilən, anormal və nəzarətsiz yeni hüceyrələrin yaranması asanlaşır.

Qeyd edək ki, dəri xərçənginin yaranmasında gün altında çox qalmaq nəticəsində su qabarcığı əmələ gətirən günəş yanıqlarının sayı da önəmlidir. Buna görə də uşaqları Günəşdən qorumaq çox vacibdir. Xüsusilə açıq rəngli dəriləri olan uşaqlara diqqət yetirmək lazımdır. Çünki uşaq və gənclik yaşlarında nəzarətsiz və uzun müddət günəş altında qalanlar arasında dəri xərçənginə daha çox rast gəlinir.

Günəşdən ən çox gözlər qorunmalıdır

Amerika elmi mərkəzlərinin apardıqları araşdırmalara görə, gözlər də günəş şüalarından ən çox təsirlənən orqanlar sırasındadır. Ultrabənövşəyi şüalar gözlərdən həddən çox yaş axmasına, bu da son nəticədə katarakta, pterygium, fotokeratit kimi göz xəstəliklərinə yol açır. Eyni zamanda gözlərin bulanıq görməsi, gözlərin qızarması müvəqqəti görmə qabiliyyətinin itməsi ilə də nəticələnir. Xüsusən gənc insanların gözlərini qorumalarına ehtiyac var.

Təcrübə göstərib ki, uşaqlar və yeniyetmələr günəşlə əlaqədar olan göz problemləri ilə daha tez-tez qarşılaşırlar. Çünki adətən, bu yaşda olanlar yaşlılara nisbətən günəşli havada daha çox vaxt keçirirlər. Beləliklə də, gözlər günəşin zərərli şüalarının təsirinə daha çox məruz qalır. Ultrabənövşəyi şüalar günəş allergiyalarına da səbəb olur. Belə şüalar şüşədən də keçir.

Gözləri günəşdən qorumaq üçün istifadə etdiyimiz eynək gözümüzə daha çox zərər verə bilər. Təbii ki, əgər saxta olarsa. Orijinal eynəkləri təqlid edərək saxta şüşələrdən hazırlanan gün eynəkləri günəşdən gələn və göz sağlamlığı üçün təhlükəli olan ultabənövşəyi və infraqırmızı şüaları zərərsizləşdirə bilmir və gözə ötürür. Əgər orijinal eynək ala bilmirsinizsə o zaman günəşin qızmar saatlarında bayırda gəzməmək, mümkün qədər günorta saatlarında evdə olmaq yaxşıdır. Çünki orijinal yerinə saxta eynək taxaraq günəşdə gəzmək gözlərə iki dəfə artıq zərər verir. Saxta şüşələr göz bəbəyini genişlədir və günəş daha çox gözə təmas edə bilir.

20-30 il əvvəl niyə təhlükəli hesab edilmirdi?

Bəzən günəş şüalarının təsirinə məruz qalmağın zərərsiz olduğu barədə də iddialar səsləndirilir. Xüsusilə əkinçilik, maldarlıq, ümumiyyətlə təsərrüfatla məşğul olan insanların daha çox günəış şüasına məruz qaldığı, lakin zərərlərini görmədiyi bildirilir. Ekspertlər bunun da cavabını verirlər.

Belə ki, Yeri günəşdən qoruyan ozon təbəqəsinin getdikcə nazikləşməsi günəş şüalarının təhlükəlilik dərəcəsini artırmaqdadır. Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini Günəşin məhvedici radiasiyasından qoruyur və necə deyərlər, bir növ planetimizin təhlükəsizliyinin keşiyində dayanır. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması son illər dünyanın birinci dərəcəli probleminə çevrilib.

Amma bu, ozon qatının deşilməsindən sonra müzakirə obyekti oldu. Alimlər isə həyəcanla təbəqənin getdikcə nazildiyini deyirlər. Bu isə təkcə istilik yaratmır, kəskin soyuqlara səbəb olur, getdikcə fəsillərin yeri dəyişir. Son illər yaz və payız fəsillərinin demək olar ki, yox olmasının hamımız şahidi oluruq. Soyuq qışdan qızmar yaya, yandıran yaydan isə birbaşa donduran aylara keçirik.

Günəşdən necə qorunmalı?

Günəşdən qorunmaq üçün müxtəlif yollar var – geyim, krem kimi. Qoruyucu kremlər günəşə çıxmazdan ən azı yarım saat əvvəl istifadə olunmalı və 2-3 saatdan bir yenilənməlidir. Bu kremlər əsasən qulaq, dodaq, burun və əllər kimi bədənin Günəş şüaları görən yerlərinə çəkilməlidir. Mütəxəssislər hesab edir ki, qoruyucu kremlərin orijinallığı dəqiqdirsə, tətbiq edilmə qaydalarına düzgün riayət edildikdə, heç bir əks-təsiri olmur.

Günəşdən qorunmaq üçün kölgədə olmaq, saat 11-15 arası açıq havaya çıxmamaq, günəş hərarətinin yüksək olduğu saatlarda günəş vannası qəbul etməmək, nazik papaqlardan, gözləri qorumaq üçün isə ultrabənövşəyi şüaları keçirməyən günəş eynəklərindən yararlanmaq da məsləhətdir. Süni ipək kimi paltarlar geyinmək məsləhətli sayılmır. Həkimlər məsləhət görür ki, təbii meyvə və tərəvəzlərlə qidalansaq günəşin zərərli təsirlərindən, dəri xərçəngindən qoruna bilərik. Saat 18.00-dan sonra günəşin ultrabənövşəyi şüaları 80 % azalır.

Günəşli yay aylarında nazik və açıq rəngli paltarlar geyinmək lazımdır. Belə paltarlar Günəş işığının dərini yandırmasını əngəlləyir, bədənin tərləyərək su itirməsinin qarşısını alır. İsinmiş torpağa, ya da quma yalın ayaqla girmək isə məsləhət deyil.

Günəşin qızmar olduğu vaxtlarda günvurma hallarına da çox rast gəlinir. Günəş vuran şəxsi dərhal kölgəyə çəkmək, sərin su ilə yaxalamaq, biləklərinə, oynaqlarına buz qoymaq lazımdır. Əgər şüuru üstündədirsə, su içirmək vacibdir. Vəziyyəti pisləşirsə, həkimə müraciət etmək gərəklidir. Qeyd edək ki, günvurma çox ağır nəticələr verə bilən xəstəlikdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər