MİA

  • 16 593

Rusiyalı ekspert: Erməni revanşistlərin Azərbaycan və Rusiyaya qarşı təxribatları nəticə verməyəcək - MÜSAHİBƏ

image

İqor Korotçenko: Qeyri-qanuni erməni silahlı birləşmələri üçtərəfli bəyanata uyğun olaraq Qarabağdan çıxarılmalıdır

İyulun 15-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında 6-cı dəfə danışıqlar baş tutub. Üçtərəfli görüşdən sonra verdiyi açıqlamada Mişel bunu "məhsuldar və mənalı" adlandırıb. Onun sözlərinə görə, tərəflər ən çətin mərhələlərdən birini yaşayır.

Avropa Şurasının rəhbəri qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri sərhədin demarkasiyası komissiyasının işini aktivləşdirmək barədə razılığa gəliblər, son iki ayda nəqliyyat blokunun açılması ilə bağlı qərarlarda irəliləyiş qeydə alınıb və gələcək nəqliyyat sazişinin şərtlərini müzakirə ediblər. İndiki vəziyyət qeyri-sabitdir və heç bir tərəfin maraqlarına xidmət etmir. Mişel deyib: “Biz həmçinin vəziyyəti həll etmək üçün mümkün konkret addımları müzakirə etdik.

Həmçinin onun sözlərinə görə, Qarabağ erməniləri üçün humanitar yüklərin daşınması məsələsinə də toxunulub. Mişel qeyd edib ki, Azərbaycan bu məqsədlər üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edir. “Biz gündəlikdəki bütün məsələləri müzakirə etdik: suverenlik və ərazi bütövlüyü. Ermənistan və Azərbaycan liderləri digər ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlərini bir daha tam şəkildə təsdiqlədilər”, - Mişel bildirib. Avropa Şurasının rəhbəri Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsseldə keçiriləcək növbəti görüşə dəvət edib.

Qeyd edək ki, Qarabağın Bakının nəzarətində olmayan hissəsindəki separatçılar iyulun 13-də Ermənistan və Qarabağı birləşdirən Laçın yolunun guya Azərbaycan tərəfindən “bağalanması” ilə bağlı “ümumxalq hərəkatı”na başladığını elan ediblər. Bununla əlaqədar iyulun 14-də onlar Xankəndində, sonra isə Rusiyanın sülhməramlı missiyasının Xocalıdakı qərargahı qarşısında etiraz aksiyası keçiriblər. Bundan başqa, separatçılar Rusiya və beynəlxalq ictimaiyyətə qarşı ittihamlar səsləndirib, daha sonra əsas beynəlxalq təşkilatlara müraciətlər göndəriblər. Bu gün İrəvanda da etiraz aksiyaları keçirilib.

İkitərəfli Brüssel danışıqları zamanı Nikol Paşinyan separatçıların məktubunu Çarlz Mişelə verib.

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində vəziyyəti şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuryeviç, Brüssel formatında müntəzəm danışıqların nəticələri barədə nə deyə bilərsiniz?

- Bu, danışıqların daha bir mərhələsidir. Görünür, belə turlar çox olacaq. Çarlz Mişel qeyd edib ki, Azərbaycan Qarabağ ermənilərinə humanitar dəhliz kimi Bərdə-Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edir. Eyni zamanda, Ermənistan hökumətinin mətbuat xidmətinin yekun bəyanatında qeyd olunur ki, danışıqlarda Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi qaldırılıb. Mişelin son bəyanatında belə bir şey eşitmədik. Bu nəyi göstərir? Azərbaycanın mövqeyinin ənənəvi olaraq erməni mövqeyindən üstün olması, İlham Əliyevin yenə də güclü mövqelər üzrə danışıqlarda çıxış etməsi. Göründüyü kimi, Paşinyanın qaldırdığı məsələlər dinlənilsə də, aktiv müzakirəyə səbəb olmayıb.

Zahiri baxanda belə, protokol fotoşəkillərindən, eləcə də video kadrlardan Azərbaycan Prezidenti İlham Əliyevin özünü necə sərbəst, rahat, üzündə təbəssümlə aparması hiss olunur. Və bu fonda Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər təmkinli, sözün əsl mənasında daşlaşmış siması ilə göründü. Özünü yersiz hiss edirdi.

Bu, həm də Azərbaycan mövqeyinin, Azərbaycan yanaşmasının daha haqlı, daha fundamental və reallıqlara uyğun olması ilə bağlı səsləndirdiyim tezislərin xeyrinədir.

- Qarabağdakı separatçılar, Laçın yolunun “bağlanması” ilə bağlı ümumxalq hərəkatına başladılar, yenə də Azərbaycan tərəfindən hazırlanan hansısa “ermənilərin soyqırımı” tezisləri irəli sürülür. Bu cür bəyanatlar çoxdan mütəmadi xarakter alıb, lakin son günlər bütün bu mitinqlər açıq şəkildə regionda vəziyyəti qarışdırmaq istəyi kimi görünür. Separatçıların Paşinyanın özünə qarşı da ittihamlar səsləndirdiyini nəzərə alsaq, bunun arxasında kim dayanır?

- Kütləvi toplantılar, mitinqlər, guya kütləvi aclıq və soyqırım şüarları ilə uşaqlardan siyasi məqsədlər üçün istifadə olunmasını görürük. Elə oradaca Xankəndindəki dəbdəbəli ziyafətlərin görüntüləri sosial şəbəkələrdə yayılır. Bu cür hərəkətlər sırf siyasi məqsədlər üçün həyata keçirilir. Bu, separatçılar arasında olan revanşistlərin, eləcə də xaricdəki ermənipərəst lobbiçi qüvvələrin bir növ “yürüş” təşkil etmək istəyidir. Başa düşürlər ki, vaxt keçir, siyasi mövqeləri pisləşir, mövqelərini müdafiə etmək üçün ciddi arqumentlər yoxdur. Rəsmi Bakı onlara Azərbaycanın hüquqi məkanına uğurlu reinteqrasiya variantları təklif edir, sadə erməni sakinlərinin belə təklifləri qəbul etməsinə icazə verilmir.

Qarabağın gələcəyinin əvvəlcədən müəyyənləşdiyini görüb, bütün beynəlxalq ictimaiyyətə tələblər, şərtlər, şikayət və ittihamlarla məktublar göndərirlər ki, beynəlxalq ictimaiyyət ermənilərin “qətlinə” göz yumur. Məqsəd Ermənistanla Azərbaycan arasında sülhün qarşısını almaqdır, heç bir sənədə imza atmağa icazə verməməkdir. Revanşistlər Ermənistanın baş nazirinə daim təzyiq göstərirlər.

Separatçıların Rusiya sülhməramlı kontingentinin rəhbərliyini şantaj etmək cəhdlərini, Rusiya və Azərbaycanı sıxışdırmaq cəhdlərini görürük, hansısa ziddiyyətlər üzərində oynamağa çalışırlar.

Biz dünyada hərbi-siyasi vəziyyətin təlatümlü inkişafı mərhələsindəyik. Hər şey asan deyil, Cənubi Qafqazda da asan deyil. Vəziyyəti təmkinlə qiymətləndirmək lazımdır.

Moskva ilə Bakı arasında münasibətlərin əsasını Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə təşkil edir. Bizim prezidentlər arasında əla münasibətlərimiz var. Obyektiv olaraq, Azərbaycan Qarabağın qalan hissəsini öz nəzarətinə qaytara biləcək. Amma Azərbaycan rəhbəri əla diplomat kimi vəziyyəti və belə bir addımın hansı nəticələrə gətirib çıxara biləcəyini mükəmməl başa düşür. Birincisi, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat var ki, orada Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsi şərtləri aydın şəkildə göstərilib. İkincisi, istənilən qərar qəbul edərkən hər şey hesablanmalıdır ki, dostluq münasibətlərimizə xələl gəlməsin. Həm Moskvada, həm də Bakıda məsuliyyətli anlaşma var. Amma təəssüf ki, o, nə İrəvanda, nə də Qarabağın erməni separatçıları arasında yoxdur.

Biz bilirik ki, İlham Heydəroviç nəsə vəd edibsə, bu, sözsüz həyata keçirilir. Hesab edirəm ki, bu, müxtəlif situasiyalara baxmayaraq, ölkələrimizin prezidentlərinin həmişə razılığa gəlməsinin vacib amillərindən biridir.

Eyni zamanda, hesab edirəm ki, bəzi çətin məqamları dərhal həll etmək üçün rəsmi kanallarla yanaşı, Moskva ilə Bakı arasında qarşılıqlı əlaqə üçün ayrıca ekspert kanalı olmalıdır. Belə bir kanal vacibdir.

Əslində, həm separatçıların, həm də Ermənistan hakimiyyətinin göstərməyə çalışdıqları hər şey Bakının inamlı, aydın, təfərrüatlı mövqeyi və arqumentləri fonunda davam edən bir-birinə zidd xaotik siyasi hərəkətlər toplusudur. Erməni müxalifətinin- Qarabağda separatizmi dəstəkləyən revanşistlərin başına gələnləri xatırlayırıq. Müxalifətçilər nə qədər çalışsalar da, sadə, müharibədən yorulmuş əhali üçün bu hərəkətlərin əhəmiyyətsiz olduğu ortaya çıxdı.

Tarixin lokomotivini geri çevirmək heç kəs, o cümlədən revanşist olan və vəziyyətin sülh yolu ilə həllini istəməyənlər üçün mümkün olmayacaq.

İstisna etmirəm ki, nə qədər irəli getsək, Ermənistandan və qeyri-qanuni qruplaşmalardan, Azərbaycana, o cümlədən Rusiya sülhməramlılarına qarşı təxribatları bir o qədər çox müşahidə edəcəyik. Ona görə də Rusiyanın sülhməramlı kontingentinə zərər vurmamaq məntiqindən çıxış edərək, Bakının müəyyən fors-major şəraitdə hərəkət etməsi vacibdir. Bu, çox vacibdir, çünki ölkələrimizi, liderlərimizi sıxışdırmaq üçün birbaşa təxribatlar, quraşdırmalar ola bilər. Burada hər iki tərəfdən məsuliyyətli yanaşma, diqqət və məntiq bir-birinə zərər verməmək üçün son dərəcə vacibdir. İndi rəsmi Moskva danışıqlar prosesində, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində vasitəçi kimi fəal rol oynamaqda davam etmək niyyətində olduğunu bir daha vurğulayıb və onun da mövqeyinin nəzərə alınacağını gözləyir.

- Açıq desək, sülh istəməyən separatçılarla məsələni necə həll etmək olar?

- Qarabağın erməni icmasının nümayəndələrinin Azərbaycanın hüquqi məkanına reinteqrasiyası üçün ətraflı “yol xəritəsi” lazımdır. Çünki bunun ətrafında çoxlu fərziyyələr, süni şəkildə qızışdırılan çoxlu ehtiraslar var. Düşünürəm ki, ilk növbədə ekspertlər belə bir xəritəni siyasətçilərə gələcək praktiki müzakirələr üçün təklif etməlidirlər.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmaması problemi qalmaqdadır, onlar mütəmadi olaraq təxribat törətməyə çalışırlar- Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutur, istehkamlar qurur, Laçın yolundan yan keçməklə silah daşıyırlar. Və bununla da üçtərəfli bəyanatla bağlı razılaşmaları pozurlar.

Qarabağda fəaliyyət göstərən erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli şəhərinin aeroportuna uçan mülki aviasiya təyyarələrinin bortundakı radioelektron avadanlığına təsir göstərməsi ilə bağlı faktlar açıqlanıb. Bu çox təhlükəli bir şeydir. Belə ki, təxribat mülki sərnişin laynerlərinə münasibətdə həyata keçirilir. Bu, terror aktına cəhd kimi qiymətləndirilə bilər. Yəni separatçıların yerləşdiyi ərazidən onlar əslində mülki təyyarələri vurmağa çalışırlar. Buna hüquqi qiymət verilməlidir. Moskvadan, Beynəlxalq Mülki Aviasiya Təşkilatından və Cənubi Qafqaz regionunda sülh və əmin-amanlıq istəyən bütün dövlətlərdən sərt reaksiya olmalıdır.

- Ötən həftə Fransa Senatının rəhbəri Ermənistan parlamenti sədrinin Parisə səfərindən sonra Fransa hakimiyyətini Ermənistana silah tədarükünü sürətləndirməyə çağırıb.

- Prinsipcə, Fransadan Ermənistana silah tədarükü həyata keçiriləcəksə və ya artıq həyata keçirilirsə, bu, İrəvanın Moskvaya qarşı qeyri-dost addımı kimi qiymətləndirilə bilər, o zaman ki, KTMT müttəfiqi Rusiyaya düşmən olan hansısa NATO ölkəsindən silah alır.

Amma onu da etiraf edirəm ki, Fransa bir ölkə olaraq çox xəsisdir, əli bərkdir və çətin ki, əvəzsiz silah tədarükünə getsin. Bu, bir növ kredit sxemləri ilə ola bilər.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər