MİA

  • 17 881

Rusiyalı ekspert: Azərbaycan Prezidentinin Şuşa Qlobal Media Forumundakı çıxışı strateji proqram idi - MÜSAHİBƏ

image

Şuşa Qlobal Media Forumunun iştirakçılarından biri olmuş Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan Prezidentinin media forumundakı çıxışının niyə proqram sayıla biləcəyini izah edib, həmçinin, Azərbaycan dövlət başçısının Rusiya ilə münasibətlərlə bağlı mövqeyinə münasibət bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuryeviç, İlham Əliyevin Şuşa Qlobal Media Forumunda media nümayəndələri ilə ünsiyyəti və prezidentin cavabları barədə təəssüratlarınız necədir?

- Məncə, Şuşa Qlobal Forumu ötən həftənin ən mühüm beynəlxalq tədbirlərindən birinə, əlamətdar hadisəyə çevrildi. Forumun keçirilməsi Azərbaycanın siyasi, diplomatik, informasiya təntənəsi oldu.

Dövlət başçısı regional və beynəlxalq vəziyyətin dərin təhlilini, rəqəmlərə, faktlara mükəmməl yiyələnməni, strateji hədəflərin müəyyən edilməsini nümayiş etdirdi. İlham Əliyev unikal lider, siyasətçi və diplomat kimi üstün keyfiyyətlərini bir daha göstərid.

Detallara fikir verməmək mümkün deyil - Prezident Əliyev forum iştirakçıları ilə “qalstuksuz” formatda görüş keçirdi. Liderin açıqlığını vurğulayan bu addım iştirakçıların rəğbətini qazanmaya bilməzdi. Bu, birbaşa, səmimi söhbət idi. Bundan əlavə, dövlət başçısı 3 dildə- Azərbaycan, ingilis və rus dillərində sualları cavablandırdı. İlham Heydəroviç dünyanın aparıcı liderlərindən biri olduğunu bir daha nümayiş etdirdi. Sakit, özünə güvənən, söhbəti səmimi tərzdə aparan, intellektin dərinliyini nümayiş etdirən. Problemlərin, mövqeyin, fikirlərin ani, aydın şəkildə təqdim edilməsi Azərbaycan Prezidentini çox güclü şəkildə fərqləndirir. İstisnasız olaraq bütün forum iştirakçıları çox təsirləndilər.

Əliyevin çıxışını əsas nitq adlandırmaq olar- qaldırılan məsələlərin dairəsi o qədər geniş idi, dövlət siyasətinin yaxın gələcək üçün hədəfləri müəyyən olundu, strateji baxış öz əksini tapdı.

Mən məhz bu mövzuda sual verdim - Azərbaycanın gələcək inkişafı strategiyası, prezidentin gördüyü əsas prioritetlər haqda. Prezident cavab verdi ki, əsas məqsəd regionda sülh və təhlükəsizliyin bərqərar olması, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması yolu ilə, Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasıdır. Dövlət başçısı qeyd edib ki, Bakı dünya iqtisadiyyatının tendensiyalarını başa düşür və buna uyğun olaraq qeyri-neft sektorunun davamlı inkişafına, bərpa olunan enerjinin inkişafına arxalanır. Axı təbii sərvətlər öz həcmlərində məhduddur. Və bu çox sağlam yanaşmadır. Gələcəyin iqtisadiyyatı üçün zəmin yaratmaq bu gün gələcəyin çağırışlarına hazırlaşan və dövlətinin uğurlu olmasını istəyən liderlərin əsas vəzifələrindən biridir. Prezident Əliyev zamanın nəbzini yaxşı bilir, indiki və gələcək çağırışlara cavab verir, keçmişin təcrübəsinə əsaslanan siyasət aparır. Bu baxımdan, prezident Qarabağı ölkənin iqtisadi inkişafının aparıcı qüvvəsi kimi görür.

İlham Əliyev beynəlxalq təlatümlər fonunda öz dövlətini irəli aparan, qabaqcadan düşünən, bütün riskləri hesablayan və əsl müstəqil lider olan nadir liderdir. Hansı ki, bizim dövrümüzdə, xüsusən beynəlxalq münasibətlər sisteminin dəyişdiyi indiki beynəlxalq şəraitdə çox nadir hallarda rast gəlinir.

Həmçinin, Azərbaycanın müasir siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin daha da müasirləşdirilməsi, ən müasir silahlarla təchiz edilməsi, səmərəliliyinin artırılmasıdır.

Mən daha bir detalı vacib hesab edirəm: prezident qeyd etdi ki, hər bir insan kimi o, ədalətsizliyi görən yerdə reaksiya verir və Azərbaycan hakimiyyəti insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün hər şeyi edəcək. Dövlət başçısının belə yanaşması ölkəsinin rifahının qayğısına qalanda, “xalqın yanına gedəndə”, birbaşa təmas vasitəsilə sakinlərin arzularını öyrənəndə çox vacibdir.

Yeri gəlmişkən, Ermənistanda həm sosial şəbəkələr seqmentində, həm də rəsmi Yerevanda mediaforuma kifayət qədər əsəbi reaksiya verilib. Baş nazir hətta ötən gün “cavab” olaraq mətbuat konfransı keçirmək qərarına gəlib.

Forum bir daha Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməyə və öz nöqteyi-nəzərini dünyanın onlarla ölkəsinin media ictimaiyyətinə çatdırmağa imkan verdi, xüsusən də informasiya müharibəsi və şərhlər uğrunda mübarizə fonunda.

Forumun sonunda İlham Heydəroviçin yanıma gəlib məni salamlaması və əlimi sıxması çox xoş idi. Bu, həm də bir jestdir. Forum iştirakçıları isə ona yaxınlaşmağa, prezidentlə selfi çəkdirməyə, ünsiyyət qurmağa başladılar. Bu sadə ünsiyyət həm də siyasətçinin səviyyəsinin göstəricisidir.

Media forumunun əla təşkilinə hamı diqqət yetirdi. Bu yaxınlarda istifadəyə verilmiş gözəl beşulduzlu “Şuşa” mehmanxanasında keçirildi. Onun separatçıların “parlament” qurmaq istədikləri yerdə tikilməsində müəyyən simvolizm var.

Biz də gördük ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin, 30 illik işğalın nəticələrinin bərpası istiqamətində nə qədər fəal iş aparılır. Şuşada bərpa işləri aparılır, çoxlu sayda tarixi abidələr bərpa olunub, həm müsəlman, həm də xristian dini ziyarətgahları bərpa olunur. “Zəfər yolu” ilə Şuşaya gedəndə biz genişmiqyaslı infrastruktur dəyişikliklərinin şahidi olduq. İşğaldan azad edilmiş ərazilərin bərpasının nəticələri, Azərbaycan torpaqlarının işğaldan dərhal sonra necə göründüyünü və son zamanlar nə qədər dəyişdiyini müqayisə edəndə görünən təzad həm də Azərbaycanın uğurudur.

- İlham Əliyev beynəlxalq təlatümlər fonunda Azərbaycan-Rusiya münasibətlərinin vəziyyəti və Müttəfiq Əməkdaşlıq Bəyannaməsinin icrası ilə bağlı sualı da cavablandırıb...

- Təbii ki, İlham Heydəroviç burada bir daha bütün nöqtələri irəli çəkdi və bu iki dövləti sıxışdırmağa çalışanları yerinə qoydu. Buğdanı samandan ayırdı. Bəli, biz bəzən ölkələrimizin mövqelərində müəyyən fərqlər görürük, iki dövlətin mətbuatında bir-birinə münasibətdə müxtəlif növ “nəşrlər” də görürük. Əliyev bunu Azərbaycan-Rusiya dialoqunun və siyasi münasibətlərinin gündəmini müəyyən etməyən “kobudluq” adlandırıb. Bu, çox mühüm bəyanatdır.

İlham Əliyev qeyd edib ki, ikitərəfli əməkdaşlıq siyasəti, digər məsələlərlə yanaşı, həm də iki lider arasında mövcud olan yaxşı münasibətlər, Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə ilə müəyyən edilir. Və heç bir “kobudluq” münasibətlərdə əməli siyasətə təsir edə bilməz.

Bir il əvvəl Azərbaycan Prezidenti və Rusiya lideri tarixi Bəyannaməni imzalayanda olduğu kimi, bu gün də, indiki çətin məqama baxmayaraq, İlham Əliyev bir daha nümayiş etdirdi ki, onun qəbul etdiyi bütün qərarlar uzunmüddətli strategiyaya, vəziyyəti dərk etməyə və Azərbaycanın milli maraqları üçün faydalara əsaslanır.

İlham Heydəroviç forumda Rusiya haqqında çox müsbət danışdı. Deməli, Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinin müsbət olacağı şübhəsizdir.

- Prezidentin forumda səsləndirdiyi daha bir bəyanat ondan ibarətdir ki, Ermənistan qarşıdurma ərazisinə çevrilir, Azərbaycan isə getdikcə əməkdaşlıq ərazisi statusunu artırır...

- Doğrudan da, Ermənistanda təlatümlər aradan qalxmır. Bu gün Ermənistan Qərb tərəfindən Rusiyaya qarşı manipulyasiya, Cənubi Qafqazda sabitliyin pozulması, təhlükəsizlik arxitekturasını sarsıtmaq və təxribatlar üçün alət kimi istifadə olunur.

Digər və tamamilə obyektiv nümunə Azərbaycandır ki, o, Cənubi Qafqazın təhlükəsiz sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün hər şeyi edir. Təəccüblü deyil ki, prezident İlham Əliyev bir vaxtlar ikitərəfli danışıqlar üçün Rusiya və ABŞ tərəfindən dəfələrlə Bakının seçildiyi haqda misallar çəkdi.

Bundan başqa, prezident Azərbaycanın Qarabağ iqtisadi rayonunun həmin hissəsində öz siyasi və iqtisadi ambisiyalarını reallaşdırmaq üçün sadə insanlardan “girov” kimi istifadə edən separatçı rejimin rəhbərlərinin girovluğuna çevrilmiş erməni etnik azlığı ilə bağlı prosesləri bir daha çox aydın təsvir etdi. Əliyev mütəmadi olaraq qeyd edir ki, Azərbaycan hakimiyyəti Qarabağda yaşayan erməniləri öz vətəndaşları kimi qəbul edir. Tarixi prosesin gedişi qaçılmazdır və bu və ya digər şəkildə olacaq. İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Ermənistan arasında nizamlanma Cənubi Qafqazın çiçəklənməsinə aparan yoldur. Axı beynəlxalq investorlar da investisiya qoymazdan əvvəl gələcək baxımından bu investisiyaların nə dərəcədə təhlükəsiz olacağına baxırlar. Yenə də açıq şəkildə prezident bir daha ona diqqət çəkdi ki, Zəngəzur dəhlizini heç kim ləğv etməyib və o, mütləq həyata keçiriləcək. Azərbaycan prezidenti yenə siqnal verdi: Bakı Ermənistanla sülhə hazırdır və bu gündəliyi irəli aparır, bizə sülh müqaviləsi lazımdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər