“Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə keçirilən görüşdə xüsusi qonaq oldu və orada olanların hər biri onunla əlaqələrin möhkəmlənməsində maraqlı idi”
Budapeştdə Macarıstan dövlətinin yaranması münasibətilə qəbul təşkil olunub. Bir sıra nüfuzlu ölkələrin- Türkiyə, Azərbaycan, Serbiya, Özbəkistan, Türkmənistan, Qətər və Qırğızıstanın rəhbərləri dəvət olunan qonaqlar arasında olmasaydı, bəlkə də tədbir xüsusi diqqətə səbəb olmazdı. Budapeşt tədbirlərində Rusiyanı Tatarıstanın rəhbəri Rüstəm Minnixanov təmsil edib. Rəsmi qəbul və idman proqramı ilə yanaşı (liderlər Atletika üzrə Dünya Çempionatında iştirak ediblər) ikitərəfli görüşlər də keçirilib, burada mənbələrə görə, bir sıra beynəlxalq məsələlər müzakirə olunub- enerji təhlükəsizliyi, Aİ ilə əlaqələr və Ukrayna böhranı.
Politoloq Aleksandr Razuvayev "Moskva-Baku" portalına şərhində bildirib ki, qonaqlar siyahısında azərbaycanlı lider İlham Əliyevin xüsusi rol oynaması təsadüfi deyil.
-Belə bir görüş, fikrimcə, dünyada gedən geosiyasi prosesləri əks etdirmək baxımından böyük ölçüdə indikator xarakteri daşıyır. O, başqa şeylərlə yanaşı, Rusiya ilə Qərb arasında münaqişə şəraitində ayrı dayanan “üsyançıları” topladı. Məsələn, Macarıstan Aİ-nin üzvü olsa da, Qərbin Rusiyaya qarşı siyasətini mütəmadi olaraq tənqid edir. Türkiyə Rusiya ilə sıx əlaqədə olur və öz milli maraqlarına əsaslanan müstəqil siyasət aparır.
İclas iştirakçılarının əksəriyyəti Türk Dövlətləri Təşkilatının üzvləridir. Bildiyiniz kimi, Macarıstan mütəmadi olaraq türk dövlətləri ilə tarixi bağlılığını vurğulayır və TDT-də müşahidəçi kimi çıxış edir.
Tatarıstan rəhbərinin qəbulda iştirak etməsi həm də Rusiyanın maraqlarının getdikcə daha çox türk və müsəlman dövlətləri də daxil olmaqla, qarşılıqlı fəaliyyətə doğru yönəldiyinin göstəricisidir. Təəccüblü deyil ki, Moskva üçün strateji forumlardan biri “Rusiya–İslam Dünyası. Kazan Forumu” bu il federal status almış Kazanda keçirilir. İslam bankçılığı bu yaxınlarda Rusiyanın bir sıra regionlarında sınaqdan keçirilmişdir.
Rusiya Qətərlə də fəal əməkdaşlıq edir. İyun ayında Rusiya lideri Kremldə Qətər Nazirlər Şurasının sədri Məhəmməd bin Abdel Rəhman Al Tanini qəbul edib.
Fikrimcə, Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə keçirilən görüşdə xüsusi qonaq oldu və orada olanların hər biri onunla əlaqələrin möhkəmlənməsində maraqlı idi. Niyə? Cavab sadədir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan və əvvəllər işğal olunmuş ərazilərinin əksəriyyəti geri qaytarıldıqdan sonra Azərbaycan öz tarixində yeni səhifə açdı. Birincisi, onun beynəlxalq aləmdə nüfuzu xeyli artıb. Müharibədən sonra isə Azərbaycan hakimiyyəti ölkənin müxtəlif sahələrdə və müxtəlif beynəlxalq strukturlarda mövqelərini ardıcıl olaraq gücləndirmək vektorunu götürdü. Aydındır ki, o, türk dünyasının digər ölkələri ilə əlaqələri xeyli gücləndirməyə başlayıb. Azərbaycan regionun lideri və ən nüfuzlu dövlətinə çevrilib, bütün parametrlər üzrə ən güclü dövlətə çevrilib. Və onun səlahiyyəti tanınır.
Burada o faktor mühüm rol oynayır ki, beynəlxalq transformasiyalar müəyyən mənada yalnız Bakının dost tərəfdaşları ilə münasibətlərini gücləndirir. Uzaqgörənlik və dəqiq müəyyən edilmiş siyasət isə əməkdaşlığın dövlət üçün faydalı olan hər iki istiqamətini və çağırışları əvvəlcədən hesablamağa imkan verir.
Bu gün Azərbaycan türk və islam dövlətləri arasında Rusiya ilə tərəfdaşları arasında getdikcə daha çox körpü rolunu oynayır. Rusiya Federasiyası üçün bu, vacib, perspektivli əməkdaşlıq sahəsidir. Hesab edirəm ki, Rusiya Federasiyasının həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmasının vaxtı çoxdan çatıb. Rusiyanın tarixi baxımdan bunu etməyə haqqı var və qlobal tendensiyalar baxımından bu, faydalı olacaq.
Azərbaycan Rusiya ilə digər türk və İslam dünyası arasında gözəl, güclü və inandırıcı vasitəçi ola bilər. Bir neçə il əvvəl Rusiya ilə Türkiyə arasında yaranmış çətin vəziyyətin həllində Azərbaycanın necə mühüm rol oynadığını yaxşı xatırlayırıq.
Fikrimcə, beynəlxalq aləmdə Azərbaycana hörmət amili ciddi rol oynayır. Belə ki, xüsusilə, bir müddət əvvəl Macarıstanın Baş naziri beynəlxalq aləmdə daha uğurlu olmağın yollarını Prezident İlham Əliyevdən öyrənməli olduğunu bildirmişdi.
Serbiya prezidenti Aleksandr Vuçiç də oxşar bəyanatlarla çıxış edib. Belə ki, o, İlham Əliyevin sözünün onun imzasına bərabər olduğunu qeyd edərək, ərazi bütövlüyünün təmin edilməsi məsələsində prezidentdən öyrənməyi təklif edib.
Əlavə edim ki, Budapeştdəki görüş ciddi praktiki maraq doğurdu. Beləliklə, Azərbaycan və Macarıstan Azərbaycan qazının tədarükünü artırmaq barədə razılığa gəliblər. Bakı və Budapeşt son illər əməkdaşlıq əlaqələrinin son dərəcə yüksək səviyyəsinə çatıb. Bu, ilk növbədə, enerji sahəsində əməkdaşlıqdır. Belə ki, ötən il Azərbaycan, Macarıstan, Rumıniya, Gürcüstan Qara dənizin dibi ilə Azərbaycanın “yaşıl enerjisi”nin tədarükü, bu il isə Azərbaycandan qaz nəqlinin artırılmasını nəzərdə tutan “Həmrəylik halqası” layihəsi üzrə razılığa gəliblər. Həmçinin Budapeştdə indi Türkiyədən qazın Macarıstana tədarükü ilə bağlı razılıq əldə olunub.
Bundan başqa, Macarıstanın xarici işlər naziri Rusiya qazının “Türk axını” ilə nəqlini təklif edib. O, həmçinin bildirib ki, Ukrayna öz ərazisi vasitəsilə Avropaya Rusiya qazının nəqlini bağlasa, Macarıstan və Serbiya kömək etməyə hazırdır.
Ötən gün Budapeştdə keçirilən görüşdə də iştirak edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu gün Azərbaycana dövlət səfəri edəcək. İşğaldan azad edilən Füzulidə İlham Əliyev və Mirziyoyev Özbəkistanın Azərbaycana hədiyyə etdiyi məktəbin açılışında iştirak edəcəklər. Bu həm də hörmət əlaməti və qarşılıqlı əlaqəni gücləndirmək istəyidir. Qeyd edək ki, bu gün Azərbaycan və digər türk dövlətləri gələcəkdə Rusiyanın da iştirak edə biləcəyi Orta Dəhliz kimi nəqliyyat layihələrini fəal şəkildə inkişaf etdirir. Bu gün Azərbaycan nəinki müxtəlif beynəlxalq qüvvələr arasında tarazlıq yarada bilən, özünü etibarlı, sərfəli tərəfdaş kimi nümayiş etdirən dövlətdir, həm də bunu uğurla həyata keçirən dövlətdir. Ona görə də Budapeşt görüşü və Azərbaycanla Rusiyanın orada iştirak etməsi dövlətlərin eyni istiqamətə baxdığının daha bir sübutudur.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.