PDF Oxu

MİA

  • 7 670

Dünyanın 2 cəbhəsi: Zənginlik və yoxsulluq uçurumu ilə bölünmüş bəşəriyyət – ARAŞDIRMA

image

1 afrikalı uşağın acından ölməməsi üçün ayda 35 dollar tələb olunduğu dünyanın hərbi büdcəsi 1,5 trilyondur. Belə olan halda bəşəri humanizmdən danışmağa dəyməz

BMT və digər beynəlxalq təşkilatlar mütamadi olaraq dünyada yoxsulluq səviyyəsi və insan yaşayışı üçün ən yaxşı və ən pis şəraitə malik dünya ölkələrinin reytinq cədvəlini tərtib edirlər. Dünyanın inkişaf etmiş ölkələrinin ifrat zənginliyi fonunda onlarla yoxsul ölkə, aclıqdan və xəstəlikdən əziyyət çəkən yüz milyonlarla insan var. Beynəlxalq tədqiqatçılar yoxsul ölkələrin problemlərinin əsasən həmin zəngin ölkələrin ucbatından yarandığını qeyd edirlər. Bə dünyada həqiqi vəziyyət necədir? Kim neçə yaşayır?

Yoxsulluq həddi necə müəyyənləşdirilir?

Məlum olduğu kimi, bütün dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiya əsasında müəyyənləşdirilir. Bu metodologiyaya əsasən, gündəlik gəliri 2 dollardan aşağı olanlar ifrat yoxsul hesab olunurlar. Lakin dünyada gündəlik gəliri 1 dollardan aşağı olan on milyonlarla insan var.

Bir çox hallarda bu metodologiya düzgün hesablama üçün kifayət etmir. Çünki elə ölkələr var ki, orada orta aylıq əmək haqqı 60 dollardan aşağıdır. Amma elə ölkələr var ki, orada 60 dollar heç gündəlik təlabatı ödəmir. Yəni, elə ölkə var ki 2 dollara 1 çörək belə düşmür, elə ölkə var ki, 1 günlük minimum ərzağı təmin etmək mümkündür.

Rəsmi məlumata görə, Azərbaycanda yoxsulluğun azaldılması və davamlı iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrası nəticəsində ölkədə yoxsulluğun həddi 5 faizə düşüb. Dövlət rəsmilərinin söylədiklərinə görə 2030-cu ilədək ölkədə yoxsulluq ləğv olunacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu 240 manat müəyyənləşdirilib. Bu 4 nəfərlik ailə üçün ayda 1000 manat gəlirin olması deməkdir. Lakin hələlik ölkəmizdə bir çox ailələr bu qədər gəlir əldə edə bilmir.

Ölkələri ayıran zənginlik və yoxsulluq uçurumu getdikcə dərinləşir

1 milyard ac və yoxsul insanın yaşadığı dünyada yaşayış üçün ən əlverişli və zəngin ölkələrdən danışarkən yoxsul ölkələrin problemlərinə də toxunmaq lazım gəlir. Müasir dünyanın qarşılaşdığı ən böyük problemlərdən biri də yoxsulluq və aclıqdır.

Təxmini hesablamalara görə, dünya əhalisinin 15-20 faizi, başqa sözlə 1 milyard insan, o cümlədən 300 milyon uşaq aclıqdan əziyyət çəkir. Dünyada hər il 50 min insan kəskin aclıq nəticəsində ölür. Qlobal Yoxsulluğa dair göstəricilərə əsasən ifrat yoxsulluqdan hər gün dünyada 30 min uşaq vəfat edir. 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir.

Dünyada varlı və kasıb dövlətlər, eləcə də insanlar arasında fərq kəskin surətdə artır və ildən-ilə böyüyür. 1960-cı ildə dünyanın zəngin dövlətlərinin 20%-nin gəlirləri ilə yoxsul ölkələrin 20%-nin gəlirləri arasındakı fərq 30-un 1-ə nisbətində olduğu halda, 1990-cı ildə bu fərq 60-ın 1-ə, 1997-ci ildə isə 70-in 1-ə nisbətində olub. Pandemiyadan sonra bu fərq daha da artdı və hazırda 80-ə qarşı 1-dir.

Statistikadan göründüyü kimi, dünyada gəlir bölgüsündəki disproporsional hədd zəngin ölkələrin imkanlarını genişləndirməkdə və yoxsul ölkələri isə təhdid etməkdədir.

Yer kürəsinin potensialından səmərəli istifadə olunsaydı…

Alimlər hesab edirlər ki, təbii ehtiyatlardan səmərəli istifadə olunacağı halda Yer kürəsi indikindən dəfələrlə çox insanı yedirdə bilər. Nə qədər inandırıcı olmasa da, onlar bu rəqəmin 50 milyard olduğunu bildirirlər. Hazırda təkcə ABŞ və Böyük Britaniyada zibilliklərə atılan ərzaqla 1 milyard insanı aclıqdan qurtarmaq mümkündür. Bəzi hesablamalara görə, hazırki qlobal ərzaq istehsalı düzgün və ədalətli bölüşdürülsə 10 milyarddan artıq insanı təmin etmək gücündədir. Lakin qeyri-bərabər paylanma, israfçılıq buna imkan vermir.

Yoxsulluğun bir sıra səbəbləri var. Ərzaq qıtlığına səbəblər arasında təbii fəlakətlərin, iqlim problemlərinin də rolu var, digər tərəfdən bir sıra ölkələrdə müharibələr, münaqişələr də buna təsirsiz ötüşmür.

Məlumdur ki, bu münaqişələrdə müəyyən xarici qüvvələrin də rolu böyükdür. Tarix boyu dünyanın enerji mərkəzlərində hərbi qarşıdurmalar, iğtişaşlar baş verib. Böyük transmilli şirkətlərin qitələr, materiklər üzrə müəyyən strategiyaları var.

Lazım olan vaxtı etnik münaqişələri alovlandıra bilir, istədiyi vaxt da yatırda bilirlər. Sözügedən münaqişələrin nəticəsidir ki, istər enerji daşıyacıları, istərsə də digər təbii ehtiyatlara malik ölkələrdə aclıq və səfalət hökm sürür. Belə bir halda dünyada ədalətli idarəetmə fəlsəfəsi meydana gəlir. Bu fəlsəfə də ondan ibarətdir ki, insanlar ölkənin, dünyanın ədalətli idarə olunmasında iştirak etməyə can atırlar.

Kasıb ölkələr qəsdən müasir texnologiyadan uzaq saxlanılır

Yoxsulluq coğrafiyasına diqqət yetirdikdə belə bir məqam nəzərə çarpır: bu ölkələr ya kənd təsərrüfatı, ya da hasilat sənayesi üzrə ixtisaslaşıblar və müasir texnologiyalar əldə etməyə çətinlik çəkirlər.

Müasir texnologiyalı dövlətlər istənilən halda bu texnologiyanın başqa ölkəyə verilməsində maraqlı olmur. Tez-tez eşidirik ki, ABŞ və dünyanın digər iri dövlətləri kasıb ölkələrə kredit verir. Kreditlərin strukturuna baxanda görürük ki, bu kreditlər yalnız müəyyən əmtəələrin alınmasına verilir, məsələn ağır sənaye məhsulları.

Bu əmtəələr də kredit verən iri dövlətlərdə istehsal olunur. Bir sözlə onların verdikləri pullar faizlə birlikdə özlərinə qayıdır. Faktiki olaraq özləri öz şirkətlərinə vəsait verərək dövlət sifarişlərini həyata keçirirlər. Kasıb ölkələr Qərbin bu siyasətinin qurbanı olmaması üçün isə təhsilə və elmə ayırdığı pulu artırmalıdırlar.

Güclü ölkələr zəif ölkələrə öz sənayelərini yaratmaması üçün hər cür maneə törədirlər. Çünki, bu halda onlar ucuz xammal ölkəsi olmayacaq və öz xammallarını özləri isyehsal edəcəklər. Bu da ABŞ və digər iri kapitalist ölkələrinə sərf etmir. Çünki onlardakı rifah səviyyəsi məhz bunun üzərində qurulub. Məsələn, təkcə Fransa yalnız Afrikadakı 14 faktiki müstəmləkəsindən ildə yarım trilyon gəlir əldə edir.

Yoxsulluğun daha bir səbəbi dövlətlərin sürətli silahlanmasıdır

Hesablamalara görə, dünya ölkələrinin hərbi büdcəsi 1,5 trilyon dollardan çoxdur. Bunun yarısı təkbaşına ABŞ-ın payına düşür. Bir afrikalı uşağın acından ölməməsi üçün isə ayda 35 dollara ehtiyac var. Yalnız ABŞ hərbi büdcəsinin maksimum 10 faizi qlobal aclığıa son qoymaq gücündədir. Belə olan halda dünyaya demokratiyadan, humanizmdən nağıl danışmaq olmaz.

Hazırda dünyada bəzi qlobal qüvvələr hərbi münaqişələrin baş verməsində katalizator rolunu oynayırlar. Təbii ki, bütün bunlar müəyyən qüvvələrə xidmət edir, əsasən də silah istehsal edən qüvvələrə.

Müharibə və səfalət işərisində olan bir ölkə qonşuluqda yaşayan ölkə üçün də təhdiddir. Məsələn, Suriyada və İraqda törədilən terror və müharibədən sonra 5 milyon insan Türkiyəyə üz tutdu və bu ölkədə sosial vəziyyəti ağırlaşdırdı. Eyni sözləri Ukrayna haqda da demək olar. Ərazisi NATO ilə Rusiyanın qarşıdurma meydanına çevrilən bu ölkədən milyonlarla insan qaçqın kimi Avropa ölkələrinə sığındı.

Problemlər böyük dövlətlərin qarşıdurması ilə deyil, anlaşması ilə həll olunsa, təbii ki, dünyada aclıq və səfalət də aradan qalxar. Dünyanın potensialı hələ tam tükənməyib. Müəyyən proqramlar həyata keçirməklə, ədalətli qlobal sistem qurmaqla bu problemləri aradan qaldırmaq mümkündür.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

P.S. Dünyada aclıq və yoxsulluqdan hər dəqiqədə 1 ana, hər saniyədə isə 1 körpə dünyasını dəyişir. Bəşəriyyətin reallığı budur…

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər