MİA

  • 6 289

Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir -MÜSAHİBƏ

image

Məhşur bir məsəl var, “uşaqlar öz valideynlərindən çox zəmanəsinə oxşayır” deyə. Əsrlərdir aktuallığını itirməyən, dövrümüzlə bu dərəcədə səsləşən başqa bir misal bəlkə də, yoxdur. Zəmanəmizin hələ də ən çətin və həllində heç vaxt yekdil rəyə gəlinməyən bir problemi var– uşaq tərbiyəsi. Bəzən uşağın tərbiyəsinə doğulan kimi, bəzən 5 yaşından, bəzən də 11-12 yaşından sonra başlamağın doğru olduğunu deyirlər. Əksəriyyət 5 yaşadək uşaqlara tərbiyəvi cəza verilməsinin də əleyhinədir. Elə el arasında “uşaq hökmü, şah hökmü” adlı bir məsəl də var.

Əvvəllər böyüklərin yanında saqqız çeynəmək, tum çırtlamaq, dərsdə əl qaldırmamış danışmaq, valideynə, müəllimə kobud cavab qaytarmaq, böyüklərə “sən” demək normal hesab edilmirdi. Zaman dəyişdikcə bu dəyərlər də transformasiya oldu. İndi nəinki tənəffüs zamanı, hətta dərs prosesində məktəbdə ağız deyəni qulaq eşitmir, müəllim şagirdlə bacarmır, valideyn övladına söz eşitdirə bilmir, küçədə cavanlar ağızlarındakı saqqızı şar boyda üfürüb partladırlar, parklarda tum yeyən gənclər dodaqlarındakı tum qabığını qabaqdan gələn yaşlı insanın üzünə doğru tüpürürlər, içdikləri enerji içkilərinin boş qutularını hara gəldi atırlar.

İndi tərbiyədə qadağalardan söhbət gedə bilməz, çünki müasir “psixoloq”lar valideynin öz övladına yeri gəldiyi zaman sərt davranmasını, müəyyən vəziyyətlərdə qadağa qoymasını onun şəxsiyyətinə zərər vermək kimi qiymətləndirirlər. İndi valideyn tərbiyəsindən uzaq böyüyən nəsil yetişir, çünki uşaqlar məktəbdə, repititor yanında evdəkindən daha çox vaxt keçirirlər. Müəllim daha tərbiyəyə vaxt ayıra bilmir, çünki təhsil sisteminin ağırlığı, habelə bir sinifə cəm edilmiş 40 uşaq reallığı buna imkan vermir. Bir çox valideyn uşaq tərbiyəsində çətinliklə üzləşir, nə edəcəyini, zəmanə uşağı ilə necə davranacağını bilmir. Bunun üçün psixoloq Məlahət Zeynalova ilə söhbətləşdik, o qəzetimizə uşaq tərbiyəsinin incəliklərindən danışdı.

-Uşaq tərbiyəsi neçə yaşından başlamalıdır?

- Hamiləlik zamanı ananın yediyi qida uşaqa təsir göstərdiyi kimi, ananın kecirdiyi emosional hallar, olduğu mühit, ünsiyyət qurduğu insanlar, bətnindəki uşaqla danışması, oxuduğu kitablar, qulaq asdığı musiqi də uşağa eyni tərzdə təsir edir. Ana öz davranışı, hissi ilə bətnindəki övladını bir növ tərbiyə etmiş olur.

-Tərbiyədə kimin rolu böyükdür? Atanın, ya ananın?

- Birinci növbədə uşaqla ana arasında emosional ünsiyyət olur. Uşaq 1 yaşa qədər ancaq ananı tanıyır. Bu dövrdə ananın uşağa verdiyi isti emossional yaxınlıq onun normal fiziki və mənəvi inkşafında, tərbiyəsində mühüm yer tutur. Sonrakı dövrlərdə isə ailə üzvlərinin hər birinin uşağın tərbiyəsində rolu böyükdür. Uşaq valideynlərin bir-birinə qarşı və ya onların başqalarına qarşı münasibətindən örnək götürür və tərbiyə alır.

-Bəzən deyirlər ki, uşağın tərbiyəsini nənə-baba korlayır, sizcə, doğrudurmu?

- Nənə-baba uşağın tərbiyəsini korlayır demək bir az düzgün olmazdı. Sadəcə, böyük nəsillə cavan nəslin uşaq tərbiyəsində fikirləri müxtəlif olur və bu müxtəliflik uşağın yolayrıcında qalması deməkdir. Körpə düşünə, analiz edə bilməz ki, kim haqlıdır, o, sadəcə ona azadlıq verən, nə istəsə alan, nə istəsə etməyə icazə verən ailə üzvünü sevir. Bilirik ki, adətən, nənə və babalar nəvəni ərköyün böyüdürlər. Buna yol verməmək daha yaxşı olardı. Ümumilikdə uşaqların nənə-baba ilə böyüməsi yaxşıdır. Çünki övladlarımız nənə-babalarımızdan milli folklorumuzu öyrənir, nağıllar, laylalar, şeirlər və s. ilə böyüyürlər.

-Uşaqların cəzalandırma metodu necə olmalıdır?

- Burada fiziki cəzalandırmadan heç vaxt söhbət gedə bilməz. Uşağı hansısa pis əməlinə görə cəzalandırmazdan qabaq birinci növbədə həmin əməlin nəyə görə pis olmasını ona başa salmaq lazımdır. Daha sonra onun xoşladığı və ya adət etdiyi gündəlik məşğuliyyətlərdən hansısa bir müddətə məhrum etmək lazımdır.

Burada vacibdir ki, həmin müddəti qoyan zaman buna əməl oluna biləcək vaxt olmalıdır. Valideyn öz sözünün üstündə durmalıdır. Yəni demək olmaz ki, “sən daha cizgi filminə baxmayacaqsan”. Çünki bunun əməl olunması mümkün deyil, Bir müddətdən sonra uşaq yenidən cizgi filminə baxmağa başlayanda valideynin sözünün ucuz olduğunu düşünəcək. Ona görə də qoyulan vaxt qısa olmalıdır və mütləq həmin vaxta əməl olunmalıdır.

-Uşağı pis əmələ görə cəzalandırırıqsa, yaxşı əməlinə görə də mükafat verməliyik, bu mükafat nə olmalıdır?

- Əlbəttə, uşaq yaxşı əməllərinə görə daha tez –tez mükafatlandırılmalıdır ki, yaxşı əməl etməyə meyilli olsun və onları həvəslə etsin. Mükafatlandırılma birinci növbədə tərif, gözəl söz olmalıdır. Uşağın tərbiyəsində yerində olunan tərifdən gözəl üsul yoxdur. Daha sonra xırda hədiyyələr, gəzinti və s. ola bilər.

- Uşağı rüşvətlə tərbiyə etmək doğrudurmu? Yəni, “bunu eləsən sənə filan şey alacam” kimi təkliflər nə dərəcədə doğrudur?

- Xeyr, bu, doğru deyil. Uşağın yaxşı əməllərinə görə xırda mükafatlar etmək olar. Tutaq ki, şəkil çəkib, həvəslə valideyninə göstərir ki, yaxşı söz eşitsin. Belə olan halda onu mükafatlandırmaq, çəkdiyi şəklə görə hədiyyə vermək onu həvəsləndirmək deməkdir. Amma valideyn uşağa birbaşa deyirsə ki, bu işi elə, sənə filan şey alacam, uşağı gələcəkdə rüşvətsiz hec bir iş görməyəcəyinə öyrədir.

-Uşağın cinsinə görə tərbiyə metodları da fərlidir?

-Uşağın cinsinə görə münasibət və tərbiyə metodları da əlbəttə ki, müxtəlif olur. Oğlan uşağını daha möhkəm, dözümlü, işə davamlı böyüməsində səy göstərilir. Qız uşağının isə zərif olduğu nəzərə alınır və daha incə tərbiyə olunur. Mentalitetimizin xüsusiyyətləri tərbiyədə özünü göstərir. Lakin xarakter olaraq hər iki cins möhkəm xarakterli böyüdülməlidir.

-Düzgün tərbiyə üçün əsas şərtlər hansılardır? Bunun üçün qızıl məsləhətlər var?

-Əlbəttə, bunun üçün müəyyən qaydalar var.Tərbiyədə əsas rol ailədə mehribanlıqdır. Ata, ana, nənə, babanın tərbiyə zamanı sözləri bir olmalıdır. Ailə üzvlərindən biri uşağa hansısa bir şeyə qadağa qoyan zaman diğər üzvlər də bunda dəstəkçi olmalıdır. Uşaq qadağaların nə səbəbdən qoyulduğunu başa düşməlidir. Sadəcə “olmaz” deyib üstündən kecmək olmaz. Uşağa nəvaziş, isti münasibət göstərməkdən cəkinməyin, düşünməyin ki, cox nəvaziş uşağı “qudurda” bilər. Uşaq ailədən nə qədər artıq dəstək, tərif, nəvaziş görsə, daha cox özündən əmin olar və həmin dəstəyi kənarda axtarmaz.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər