MİA

  • 4 509

“Qərb Ermənistanı silahlandırıb Qafqazda yeni gərginlik törətməyə çalışır” - MÜSAHİBƏ

image

Rusiyalı ekspert: "Ermənistandan 2-ci Ukrayna düzəltmək və ondan Rusiya, Azərbaycan, İran və Türkiyəyə qarşı istifadə etmək istəyirlər"

Fransa Senatı 2024-cü il üçün müdafiə büdcəsi haqqında qanun layihəsini müzakirə edib. Layihədə Parisin Ukraynaya hərbi yardımı davam etdirməsinin zəruriliyindən bəhs edilir və həmçinin qeyd edilir ki, “bir neçə keçmiş Sovet respublikası Rusiyadan uzaqlaşmaq və müdafiə alətlərini NATO standartlara uyğun qurmaq qərarına gəlib”. Və "Fransanın onlara verə biləcəyi dəstək onların müstəqilliklərinin bərqərar olması üçün əsasdır". Ölkələr siyahısına Gürcüstan, Moldova və Ermənistan daxildir. Qanun layihəsində qeyd olunur ki, Paris artıq Ermənistana 24 Bastion tipli zirehli transportyor verib, daha 26-sı isə istehsal mərhələsindədir.

Sənəddə həmçinin bildirilir ki, İrəvan bu yaxınlarda “Thales”-dən üç GM200 radarı sifariş edib və “MISTRAL 3” zenit-raket komplekslərinin tədarükü üçün də danışıqlar aparılır.

Bundan əlavə, Fransa Senatı ölkə hakimiyyətini Cənubi Qafqaz respublikası Ermənistanı “Sezar” özüyeriyən artilleriya qurğusu ilə təmin etmək imkanlarını ən qısa müddətdə araşdırmağa çağırıb: “Ukraynada yol verilən səhvləri təkrarlamamaq və lazımi avadanlıqların tədarükünü gecikdirməmək üçün”.

"Biz Ermənistan hakimiyyətinin artilleriya ehtiyacları ilə bağlı bütün müraciətlərinə operativ şəkildə cavab verməliyik", - hesabatda deyilir.

Yada salaq ki, oktyabrda Ermənistan və Fransa hərbi sahədə əməkdaşlıq haqqında sazişlər imzalayıblar ki, bu sazişlər çərçivəsində təkcə silah və hərbi texnikanın tədarükü deyil, həm də Ermənistan hərbçilərinin yenidən hazırlanması nəzərdə tutulur.

Parisin Ermənistana hərbi təchizatda marağı nədir, axı rəsmi İrəvan və Fransa hakimiyyətinin bəyanatlarına görə, onlar guya Cənubi Qafqazda sülh axtarırlar. Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində vəziyyəti şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuryeviç, qanun layihəsində Ermənistanın ordunu NATO standartlarına uyğun yenidən qurmaq istəyinə birbaşa istinad var...

- Fransa bütün sahələrdə Ermənistan üçün əsas tərəfdaşdır. Aydındır ki, Paris ən mühüm silah növlərinin tədarükçüsü kimi Rusiyanı əvəz etmək niyyətindədir. Ermənistan həqiqətən də ordunu NATO standartlarına keçirməyə doğru gedir. Bu, tamamilə aydındır. Çünki texniki cəhətdən başqa yolu yoxdur. Fransanın hava məkanına nəzarət edən radarları, eləcə də zenit-raket sistemləri heç bir halda KTMT standartlarının əsasını təşkil edən Rusiya standartları ilə birləşdirilə bilməz. Ən azından İrəvan hərbi inkişaf baxımından Rusiyadan asılılığını ləğv etməyə doğru gedir. Və başa düşməliyik ki, bu, yalnız başlanğıc və ilk addımlardır. Gələcəkdə daha çoxu olacaq.

Əminəm ki, biz tezliklə NATO-nun digər silah növlərinin tədarükü barədə eşidəcəyik. İstənilən NATO avadanlığı Fransanın silah sistemləri ilə aydın şəkildə uyğunlaşacaq. Ermənistan tərəfdən bunlar artıq sadəcə söz deyil, Rusiyanın şantajı deyil, konkret siyasətdir. Amma aydındır ki, bunlar artıq siyasi bəyanatlar deyil, həm Yerevanın, həm də Parisin əməli hərəkətləridir. Məlumatlar var ki, Fransa artıq erməni hərbçiləri hazırlamağa başlayıb. Prosesə start verilib- məsələ NATO ölkələrinin silah təchizatının nə qədər genişlənəcəyidir. Paris bu prosesdə qabaqcıl oldu. Artıq istənilən NATO ölkəsi Ermənistanın silahlanmasına qoşula bilər. Bundan əlavə, Ermənistan və Böyük Britaniya arasında təmasların nəzərəçarpacaq dərəcədə intensivləşməsi müşahidə olunur- bu yaxınlarda ölkələr arasında strateji dialoq platforması yaradılıb və ötən həftə hərbi əməkdaşlıq planı qəbul edilib. Bütün bu proseslər Ukrayna ətrafında hadisələrin inkişafı ssenarisinin təkrarıdır. Çox şey eyni şəkildə başladı. Onlar Ermənistandan yeni Ukrayna yaratmaq istəyirlər. Bu münaqişələri sinxronlaşdırmaq cəhdi var, Cənubi Qafqazı silkələmək cəhdi var, regionda baş verən müsbət tendensiyaların öz yerini tutmasının qarşısını almaq cəhdi var. Ona görə Fransa Senatı Ermənistanla Ukrayna arasında paralel aparır.

Amma Ermənistandakı bütün bu Qərb siyasəti təkcə Azərbaycana qarşı deyil, onun son məqsədi Rusiyaya, eləcə də İran və Türkiyəyə qarşıdır. Biz başa düşməliyik ki, Ermənistanın Qərb körpüsünə çevrilməsi, eyni zamanda, ölkələrimizə qarşı yönəlib. Bu isə kollektiv təhlükə kimi qəbul edilməlidir. Ölkələrimiz bununla bağlı risk və təhdidləri dəqiq başa düşməlidir. Ermənistandan qurbanlıq qoç kimi istifadə olunacaq.

Və mənim fikrimcə, Fransanın Ermənistana verdiyi hərbi texnikanı qiymətləndirməkdə qeyri-ciddi davranmağa və ya onun keyfiyyətini aşağılamağa ehtiyac yoxdur. “Bastion” tipli zirehli personal daşıyıcılarından danışsaq, bunlar tamamilə müasir hərbi texnika, zirehli döyüş maşınlarıdır. Əsas məsələ, məncə, Ermənistana Qərbdən təchizatların gəlməsidir. Əsas olan budur.

Bu vəziyyətdə ölkələrimizin reallıqları və təhlükələri müzakirə etmək üçün qapalı formatda- ekspert və ya idarələrarası səviyyədə bəzi ümumi məsləhətləşmələr keçirməsi məqsədəuyğun olardı. Bu vacibdir.

- Ermənistan hakimiyyətinin Azərbaycanla sülhə hazır olduqları barədə bəyanatları İrəvan və Parisin bu yanaşması ilə nə dərəcədə uyğundur?

- Sülh elan edirlər, amma müharibə haqqında düşünürlər. Necə ki, Ermənistan 30 il Azərbaycan ərazilərini işğal edib özünün qurban olduğunu bəyan edirdi. İrəvanın siyasəti ikiüzlüdür. İrəvanda baş verən hadisələri çox diqqətlə izləmək və gələcək gedişləri proqnozlaşdırmaq lazımdır. Ermənistanın Qərbə dönüşü artıq baş verib, bu, siyasi kursdur. İrəvan bu gün getdikcə daha qeyri-dost mövqe tutur. Dünyada ümumi ağır vəziyyət fonunda hadisələr sürətlənə bilər, ona görə də Ermənistanın siyasətində hər şeyi və onun Qərbə tam dönüş sürətini gözləmək olar. Ermənistanda konkret Qərb hərbi mövcudluğu ilə İrəvan indiyə qədər qüvvədə olan əlaqələri və razılaşmaları tez bir zamanda ləğv edə bilər.

Yeri gəlmişkən, indi biz yeni yaranan Ermənistan müxalifətinin Qarabağ məsələsini yenidən gündəmə gətirmək cəhdlərini görürük. Bu, Qərb üçün sərfəlidir, çünki bu, Azərbaycana təsir rıçaqlarına malik olmaq imkanıdır. Ona görə də müəyyən qüvvələr Qarabağ ermənilərinin məsələsini irəli sürəcək. Və aydındır ki, bu mövzu öz-özünə aradan qalxmayacaq, ən azı, danışıqlarda qeyd olunan informasiya və siyasi sahədə- həm İrəvandan, həm də Ermənistanın kuratorlarından müəyyən qədər siyasi təsir rıçaqlarına sahib olmaq üçün istifadə olunacaq.

- Avropa İttifaqı son həftələrdə Ermənistanla qarşılıqlı fəaliyyətini xeyli intensivləşdirib. Ölkədə müxtəlif islahatların müxtəlif maliyyələşdirilməsi aparılır, birgə investisiya platformaları yaradılır...

- Prosesin başlanmasının daha bir sübutu. Əvvəlcə niyyətlərin səsləndirilməsi, sonra səfərlər, daha sonra hərbi, texniki və digər əməkdaşlıqlar gəlir. Ermənistan getdikcə daha çox Qərb strukturları ilə doldurulacaq. Bu tendensiya aydın görünür. Sual olunur- bütün bu “ziyafət” kimin hesabınadır? Ermənistan kifayət qədər kasıb ölkədir. Büdcəsindən silah alacaq, kredit götürəcək, yoxsa xarici hərbi yardımın bir hissəsi kimi alacaq? Aİ Avropa Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardım göstərmək imkanlarını araşdıracağını bildirib.

Ukraynaya pul axır. Əgər Qərb Ermənistandan Ukrayna layihəsinə bənzər bir layihə hazırlamağı zəruri hesab etsə, pul və siyasi iradə olacaq. Onda da hər şeyi gözləmək olar... Qərb Zaqafqaziyada sabitlik və təhlükəsizlikdə maraqlı deyil.

Ermənistana qarşı təhlükələrdən qaçmaq üçün İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Və dövlət sərhədinin delimitasiyası və demarkasiyası həyata keçirilsin. Amma Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. O, Fransanın qucağında oturaraq, mümkünsə Almaniyanı da cəlb edib, ABŞ-a arxalanaraq prosesi yenidən yubatmağa çalışır. Ermənistan və Azərbaycan vasitəçi olmadan razılaşıb sülh müqaviləsi imzalaya bilərlər.

Azərbaycan öz sülh müqaviləsi layihəsini dəfələrlə formalaşdırıb. Hələlik, biz Ermənistandan yalnız siyasi demaqoqiya görürük. Yeri gəlmişkən, ABŞ-ın mövqeyi, təəssüf ki, Cənubi Qafqazda sülh üçün dağıdıcıdır. Bunu Bakı ilə İrəvan arasında baş verən son münaqişə göstərir. ABŞ istərdi ki, Azərbaycan üzərində təsir rıçaqları olsun. Yaxşı, biz ona necə təzyiq edə bilərik, onu Vaşinqtonun bəzi tövsiyələrinə əməl etməyə necə məcbur edə bilərik? Heç bir şəkildə. Və bu, Vaşinqtonun xoşuna gəlmir. Ona görə də Amerika tərəfinin erməni xəritəsindən, Qarabağ ermənilərinin xəritəsindən istifadə etmək cəhdləri var.

Eyni zamanda, anlamaq lazımdır ki, bütün Qərb Ermənistanı dəstəkləmir. Biz Serbiyanın xüsusi mövqeyini, Macarıstanın, İtaliyanın, Bolqarıstanın xüsusi mövqeyini, Cənub Qaz Dəhlizi ilə Azərbaycandan qaz alanların hamısını bilirik.

Vurğulamağı vacib hesab edirəm: bu gün postsovet məkanında hər bir ölkə üçün Qərb dövlətləri ilə siyasi və iqtisadi əlaqələrin inkişafı ilə paralel olaraq Qərbin müdaxiləsinin qarşısını almaq üçün bacarıqlı daxili təhlükəsizlik nəzarət sisteminə malik olmaq vacibdir. Buna misal kimi müxtəlif fondlar və qrantlar vasitəsilə dövlətlərin daxili işlərinə qarışan bədnam ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) göstərmək olar. Qərb oyunçularına bu formatlardan daxili sabitliyi pozmaq və suveren hökumətlərə təzyiq göstərmək üçün istifadə etmək imkanı verməmək vacibdir. Bu yaxınlarda Bakıda keçirilən MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin 53-cü iclasının nəticələri və mənaları belə cəhdlərə ümumi nəzarət üçün çox mühüm formatdır. Birlik ölkələrinin Təhlükəsizlik Şuraları formatında ekspertlər səviyyəsində, praktiki səviyyədə riskləri və təhdidləri qiymətləndirə və onlara cavab verə bilən, məlumat mübadiləsi apara bilən işçi qrupun olması da vacibdir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər