MİA

  • 5 959

Vitali Arkov: İlham Əliyev Ermənistanın hüquqi sahəsini Qarabağa iddialardan təmizləyir – MÜSAHİBƏ

image

“Ermənistan hakimiyyətinin Bakının təzyiqi ilə Konstitusiyaya dəyişiklik edəcəyi ehtimalı yüksəkdir. Bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda mövcud olan obyektiv reallığı əks etdirir”

Politoloq, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan Prezidentinin İrəvandan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbinin arxasında nə dayandığı haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Qarabağın bu ölkəyə birləşdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulması ilə bağlı birbaşa çağırışlar var, Ermənistan Konstitusiyasında bu sənədə istinadlar da öz əksini tapıb. Əliyev İrəvanı iki ölkə arasında tezliklə sülhə nail olmaq üçün Konstitusiyanı və digər hüquqi sənədləri tez bir zamanda dəyişdirməyə çağırıb...

- Azərbaycan lideri öz ölkəsinin və xalqının milli maraqlarını müdafiə edir, Azərbaycanda və Ermənistanda yeni nəsillərin sülh və əmin-amanlıq şəraitində yaşaması üçün sabit gələcəyin əsasını qoyur. Bunu indi etmək lazımdır- Ermənistanda yeni revanşistlər rejimi yaranana qədər və nəhayət, ölkə silahla dolu olana qədər. Ermənistan hakimiyyətinin yaydığı sülh gündəminə kor-koranə inanmaq olmaz. Heç bir təminat yoxdur ki, gələcəkdə nə vaxtsa, ən azından başqa bir hökumətin dövründə Ermənistan Qarabağı geri qaytarmaq üçün silahlıları göndərmək qərarına gəlməyəcək. Ona görə də Azərbaycan bunun qarşısını almaq üçün bütün variantları sənədləşdirməlidir.

İlham Əliyev nəhayət, separatizm mövzusuna və Ermənistanın Qarabağa iddialarına hüquqi müstəvidə aydınlıq gətirmək istəyir. Belə ki, sülh müqaviləsi imzalanandan sonra İrəvan və ya hər hansı digər erməni lobbisi çıxıb deməsin ki, müqavilə Konstitusiyaya zidd imzalanıb və s. Yəni, ən azı 10, ya da hətta 50 ildən sonra da Ermənistan və onun havadarları sülh sənədində Azərbaycana qarşı iddialar üçün alət kimi istifadə oluna biləcək boşluq tapa bilməsinlər. Azərbaycan bütün qonşuları ilə dinc həyat qurmaq istəyir. İlham Əliyev isə buna ardıcıl olaraq nail olur. Belə görünürdü ki, qalib ölkə sakitləşib sayıqlığını aşağı sala bilərdi, amma İlham Əliyev müdrik, əməli rəhbər kimi başa düşür ki, rahatlaşmaq olmaz və Qarabağın qaytarılması ilə bağlı bütün prosesi hüquqi çərçivədə başa çatdırmaq lazımdır.

Ermənistan hakimiyyətinin Bakının təzyiqi ilə Konstitusiyaya dəyişiklik edəcəyi ehtimalı yüksəkdir. Nəzərə alsaq ki, Bakı həqiqətən də son illər ardıcıl olaraq öz məqsədlərinə nail ola bilib. Bura İkinci Qarabağ müharibəsi nəticəsində onların əksər ərazilərinin qaytarılması və bunun nəticəsində imzalanmış üçtərəfli bəyannamə daxildir. Bu, həm də odur ki, İlham Əliyev öz taktikası ilə ötən ilin sentyabrında Ermənistan qoşunlarının və silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına və separatçı qondarma Dağlıq Qarabağ Respublikasının özünün ləğvinə nail olub. Görək Ermənistanın Konstitusiyasında, gerbində, himnində dəyişikliklərlə bağlı vəziyyət necə inkişaf edəcək. Nikol Paşinyan öz sözünün ağası deyil. Amma İlham Əliyevin məqsədlərinə çatmağa imkan verən rıçaqları var.

Bununla belə istisna etmirəm ki, Ermənistan yenə də Bakı qarşısında bəzi tələblər irəli sürə bilər ki, bu da Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesini çətinləşdirəcək. Söhbət İrəvanın bu prosesdə bataqlığa batıb-batmayacağıdır. Bəyanatlar bir şeydir, real hərəkətlər başqa şeydir.

Yeri gəlmişkən, Nikol Paşinyanın idarəetmə formasını prezident üsul-idarəsinə dəyişmək və ölkəyə prezident kimi rəhbərlik etmək üçün Konstitusiyanı yeniləmək niyyətində olması barədə də danışılır. Hesab edirəm ki, bu, hazırkı baş nazirin məqsədlərindən biridirsə, o zaman ölkənin əsas qanununun dəyişdirilməsi ehtimalı daha da artır. Və Nikol Paşinyan indi hakimiyyət formasını dəyişmək niyyətini inkar etsə belə, bu, tamamilə heç nə demək deyil.

İstənilən halda Ermənistan rəhbərliyinin Konstitusiyaya dəyişiklik etməsi zərurəti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda mövcud olan obyektiv reallığı əks etdirir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib: Daha vacib nədir- “Böyük Ermənistan”ın bərpası ideyası ilə tələsmək, yoxsa xalqın rifahını təmin etmək? Və Ermənistan hakimiyyətinin fikrincə, ikinci məsələ vacibdir. Yəni, prinsipcə, İrəvan millətçi ideyalardan, Miatsum ideyasından, qonşuları ilə sülhün lehinə separatizm ideyasından imtina etmək ideyasını səsləndirir. Yüz ildən artıq Türkiyəyə məxsus olan və Ağrıdağ adlanan dağın şəkli indi də Ermənistanın gerbində təsvir olunub. Amma bu, reallığı əks etdirmir və həm də mahiyyətcə Türkiyə Respublikasına qarşı ərazi iddiasıdır. Bəs İrəvan Türkiyəyə ərazi iddiaları ilə necə əməli əlaqələr qurmaq istəyir?

- Paşinyan bildirib ki, Ermənistanda konstitusiya referendumu keçirilə bilər. Deyirlər, qoy hər şeyi xalq həll etsin...

-Konstitusiyanın dəyişdirilməsi praktiki tələbdir, o cümlədən Ermənistan xalqı üçün onilliklər boyu davam etmiş zombi millətçilikdən, başqa dövlətlərə ərazi iddialarından, ümumiyyətlə, ölkə hakimiyyətinin tarixi dövrdən asılı olmayaraq, onlara qarşı qoyduğu hər şeydən əl çəkməsidir. Erməni xalqının belə çətin vəziyyətə düşməsi məhz Ermənistan liderlərinin günahıdır.

Ermənistan rəhbərliyinin, erməni xalqının realist olmaq və öz tarixinin yeni səhifəsini açmaq, irəliləmək vaxtıdır. Biz artıq utopik keçmişdə yaşaya bilmərik, gələcəyə doğru hərəkət etməliyik.

Biz görürük ki, bu gün də müxtəlif qüvvələr “Qarabağ kartı”na can atırlar. Ermənistanda həm ölkə daxilində, həm də ondan kənarda dünyanın müxtəlif yerlərində revanşistlərin fəallaşmasını istəyən kifayət qədər insan var.

Ermənistanda müxalifət qondarma “Dağlıq Qarabağ xalqının əsas hüquqları komitəsi” yaradıb və bu qurum ötən ilin sentyabrına qədər Qarabağda yaşayan ermənilərin beynəlxalq strukturların nəzarəti altında oraya qayıtmasını tələb edir. Amma indi də heç kim bu insanların geri qayıtmasına mane olmur, heç kim onları oradan qovmayıb. Qarabağ ermənilərinin guya geri qaytarılmaması ilə bağlı bütün bu hekayə təbliğatdan, süni ehtirasdan başqa bir şey deyil. Azərbaycan rəhbərliyi mütəmadi olaraq bildirir ki, Ermənistanın mülki əhalisi (döyüşçülər deyil) geri qayıda bilər.

Xülasə: Ermənistan rəhbərliyinin Konstitusiyanın dəyişdirilməsi və Azərbaycanla sülhə diqqətin yönəldilməsi ilə bağlı verdiyi bəyanatlar bir tərəfdən müsbətdir. Amma digər tərəfdən, biz öyrəşmişik ki, İrəvan sadəcə olaraq əvvəllər səsləndirdiyi və ya imza atdığını yerinə yetirə bilmir. Çox vaxt Ermənistanın indiki rəhbərliyinin sözləri ikili və ya üçlü məna gizlədir. Və hətta imzalanmış sənədləri də öz tərzlərində şərh edirlər.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər