MİA

  • 4 436

Açıq havada tüstü karnavalı: hamımız "tobaccoman"ıq

image

Dünyanın bir çox ölkəsində qapalı yerlərdə siqaret çəkmək qadağandır. Azərbaycanda da bu qadağa qanunla təsdiqlənir. 2017-ci ildə Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb. Bu qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Elmi araşdırmalar göstərib ki, siqaret tüstüsünün tərkibindəki zərərli maddələr uzun müddət havada və siqaret çəkilən mühitin səthlərində qalır və buna görə də heç vaxt qapalı mühitlərdə siqaret çəkilməməlidir. Tütün tüstüsünə birbaşa məruz qalmasanız belə, daha əvvəl ətraf mühitdə siqaret çəkilibsə o mühitə girəndə siqaret tüstüsünün passiv təsirinə məruz qala bilərsiniz. Tütün tüstüsünün təsiri hər il dünyada bir çox insanın ölümünə səbəb olur.

Siqaretdən əşyalara, əşyalardan bizə

Hər il dünyada 700 milyon uşaq tütün tüstüsünə məruz qalır, 600 min insan isə siqaret çəkməsə belə tütün tüstüsünün təsirinə məruz qaldığı üçün ölür. Başqalarının istehlak etdiyi tütün tüstüsünə məruz qalma nəticəsində ölənlər, yol qəzaları və narkotik istifadəsi nəticəsində baş verən ölümlərdən qat-qat çoxdur. Tütün tüstüsünə məruz qalma xərçəng, amfizem və infarkt kimi bir çox ölümcül xəstəliklərə səbəb olur. Uşaqlar tütün tüstüsünün zərərli təsirlərinə daha həssasdırlar. Tütün tüstüsünün zərərləri daha uzun müddət məruz qaldıqda daha da artır.

Tütün tüstüsündən əşyalara, geyimə hopan zərərli maddələr həftələr, hətta aylar sonra təmizlənmir. Pəncərələrin açıq olması və havalandırma sistemlərinin işləməsi bu zərəri azaltmır. Passiv təsirdən qorumağın yeganə yolu insanların qapalı məkanlarda siqaret tüstüsünə passiv məruz qalmasının qarşısını almaqdır.

Araşdırmalar, aktiv siqaret istifadəçilərinin çəkdiyi siqaretin tüstüsünə məruz qalan passiv istifadəçilərin 30 dəqiqə ərzində fiziki problemlər yaşadığını aşkarlayıb. Bundan əlavə, ÜST mütəxəssisləri qeyd edir ki, passiv istifadə zamanı insan orqanizmində baş qaldıran xərçəngdən ölənlərin sayı nüvə, radiasiya, kimyəvi dərman, təhlükəli maddələrlə tənəffüs nəticəsində yaranan xərçəng xəstəliyindən vəfat edənlərin sayından daha çoxdur.

Qanun deyir: “Olmaz!”

Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində ticarət obyektlərində, məişət obyektlərində, sosial xidmət müəssisələrində, yerləşdirmə vasitələrində tütün çəkilməsi qadağandır.

Qanunlarımız həmçinin teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində siqaret çəkməyi, başqalaraını tüstüsünə məruz qoymağı qadağan edir.

Bundan əlavə hava və dəniz, həmçinin çay limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda, avtostansiyalarda və avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində siqaret çəkmək qadağandır.

Harada tüstülətməli?

Hələ 2018-ci ildə Nazirlər Kabineti “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanununun 10.3-cü və 10.4-cü maddələrinə uyğun olaraq “Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair tələbləri” təsdiq edib. Tütün çəkmək üçün xüsusi ayrılmış qapalı yerlər yalnız tütün çəkənlər üçün nəzərdə tutulub, bütün növ qəlyanlar və elektron siqaretlər də bura daxildir. Bu qapalı yerlər bina daxilində insanların ümumi gediş-gəliş yerlərindən, kütləvi toplanma, istirahət və gözləmə sahələrindən kənarda yerləşdirilməlidir;, bütün tütün çəkilməyən yerlərdən tam təcrid edilməli, girişi və çıxışı bir qapıdan ibarət olmalıdır.

Xüsusi qapalı yerlərin tikintisində və quraşdırılmasında istifadə olunan materiallar yanğınadavamlı olmalı, özü açılan və bağlanan avtomatik qapılarla təchiz olunmalıdır. Bu yerlərin girişində “Tütün çəkmək üçün xüsusi ayrılmış yer” və “Tütün çəkmək səhhətiniz üçün zərərlidir” və “18 yaşadək şəxslərin girişi qadağandır” yazılarının, yaxud işarələrinin olması təmin edilməlidir, külqabılarla təmin edilməlidir, havalandırma sistemi olmalıdır, lakin havalandırma sistemi bütün binanın sistemi ilə eyni olmamalıdır.

Açıq məkanlarda çəkin, amma....

Tütün çəkmək üçün xüsusi ayrılmış açıq yerlərə dair tələblər də var. Tütün çəkmək üçün xüsusi ayrılmış açıq yerlər yalnız tütün çəkənlər üçün nəzərdə tutulur, həmçinin elektron siqaretlər və qəlyanlar da bura daxil edilir. Bu cür xüsusi açıq yerlər binaların giriş və çıxışlarından, ümumi gediş-gəliş yerlərindən kənarda yerləşdirilməlidir. Xüsusi açıq yerlərdə “tütün çəkmək üçün xüsusi ayrılmış yer” yazısının olması təmin edilməlidir. Xüsusi açıq yerlər ərazisində siqaret kötükləri və ya onun hər-hansı bir hissəsi, eləcə də digər tütün məmulatlarının tullantıları üçün metaldan hazırlanmış xüsusi külqabılar yerləşdirilməlidir. Siqaret kötüklərini və ya onun hər-hansı bir hissəsini, eləcə də digər tütün məmulatlarının tullantılarını nəzərdə tutulmuş yerdən kənara atmaq qadağandır. Xüsusi açıq yerlərin sanitariya-gigiyena normalarına cavab verməsi və mütəmadi təmizlik işlərinin aparılması təmin edilməlidir.

Göründüyü kimi, açıq havada siqaret çəkmək üçün xüsusi ayrılan ərazidə dayanmaq mütləqdir. Səkidə gedərkən, parkda dincələrkən, yeraltı və yerüstü keçiddə hərəkətdə olarkən siqaret çəkmək başqalarının sağlamlığına zərər vermək deməkdir və qanun bunu siqaret çəkənlərə qadağan edir. Xüsusilə COP29 ərəfəsində bu cür etiket və davranış qaydalarına əməl etmək hər bir vətəndaşın borcudur. Ölkəmizə gələn turistlər yerli əhalinin davranışına adekvat davranacaq, necə ki biz bunun acı təcrübələrini həm Avropa Oyunları zamanı, həm Evrovision, həm də Formula yarışları zamanı yaşadıq. Bakıda və ətraf rayonların istirahət guşələrində təmizliyə ziayət edən və etməyən çox sayda turist gördük. Siqaret üçün ayrılmış xüsusi açıq məkan axtaran turistlər də oldu, təbii ehtiyacını üzmə hovuzuna edən turist də.

Dünyanın ən çox siqaret çəkən ölkələrinin ilk sırasında Sakit okean adası olan Naurudir. 12500 əhalisi olan ölkəni Myanma (44,1%) və Sakit okeanın digər adası Kiribati (40,60%) ikinci və üçüncü sıradadır. Afrika ölkəsi Qana siyahının sonundadır. 33 milyon əhalisi olan ölkədə siqaret çəkmə nisbəti 3,5 faizdir. Qana 50 ildən artıqdır aktiv tütün sənayesinə malik olsa da, bu Qərbi Afrika ölkəsi ciddi reklam qadağaları səbəbindən ən aşağı siqaret çəkmə nisbətlərinə malikdir.

İnkişaf etmiş ölkələrdə siqaret çəkmə nisbətləri İngiltərədə 15,4 faiz, ABŞ-da 23 faiz, Avstraliyada isə 13,6 faiz təşkil edib. Britaniyada 2000-ci ildə yetkin əhalinin 37,9 faizi siqaret çəkirdi, lakin son 20 ildə bu nisbət iki dəfə azalıb. Eynilə, ABŞ-da dərəcələr eyni dövrdə 33,8 faizdən aşağı düşüb. Mütəxəssislərin fikrincə, bu nəticəni əldə etmək üçün ictimai yerlərdə siqaret çəkməyi dayandırmaq üçün qanunlar qədər ictimai davranış qaydalarının da təsiri olur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər