MİA

  • 977

Ölkəmizdə hər zaman mövcud olan gender bərabərliyi qorunmaqdadır – TƏHLİL

image

Gender bərabərliyi dedikdə, ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişilərin və qadınların bərabərliyi başa düşülür. İstənilən bir dövlətin məqsədyönlü gender siyasət var və bu siyasətin tərkib hissəsini də məhz qeyd olunan sahələrdə kişi və qadınlar arasındakı bərabərlik təşkil edir. İstər dini, istərsə də ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu hüquqlardan istifadə etməsi gender siyasətinin əsasını təşkil edir.

Dünyanın heç də hər yerində, heç də ayrı-ayrı ölkələrdə gender bərabərliyi, qadın və kişilər arasında bərabərlik eyni səviyyədə deyil. Amma bununla belə bütün dünyada gender bərabərliyi olduqca aktual məsələ hesab olunur. Hətta gender bərabərliyi məsələsi qlobal miqyasda nəzarət altındadır və diqqətdə də saxlanılır. İstənilən ölkədə gender bərabərliyi məsələsinə xüsusi önəm verilir və hər bir ölkənin gender siyasəti var. Azərbaycanda da gender bərabərliyinə necə həssa yanaşıldığı göz önündədir. Ölkəmizdə qadın və kişilər arasında bərabərlik daim qorunur və bu məsələ xüsusilə diqqət mərkəzindədir. İstənilən sahədə qadın və kişilərin eyni hüquqlara malik olması məsələsinə ölkəmizdə həssas yanaşıldığı da sirr deyil. Sirr deyil ki, şəxsən ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda da gender siyasəti uğurla həyata keçirilir. Onu da qeyd etmək yerinə düşərdi ki, məhz qadın və kişilərin hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması üçün ölkəmizdə hüquqi baza da mövcuddur. Buna görə də hər iki cinsin bərabərliyinin, gender bərabərliyinin təmin olunması üçün kifayət qədər imkanlar mövcuddur.

Etiraf etmək lazımdır ki, gender bərabərliyinin təmin olunması, qadın və kişilərin hüquqlarının müdafiəsi heç də təkcə hüquqi baza ilə tənzimlənə bilməz. Daha dəqiq desək, gender bərabərliyinin təmin olunması təkcə hüquqi baza və qanunvericilikdən asılı hesab olunmur. Əvvəla ona görə ki, bərabərliyin təmin olunması üçün məsələlər heç də hər zaman qanun müstəvisinə daşına bilmir. Buna mane olan səbəblər də ortaya çıxır. Beləki, elə stereotiplər vardır ki, onlar bərabərliklə bağlı məsələnin qanun müstəvisinə daşınmasına mane olur. Belə olan halda isə ictimai qınaq əsaslı rol oynamalıdır. Hərhansı bir tərəfin hüquqlarının pozulması halları məhz ilk növbədə ictimai qınağa çevrilməlidir. Bununla da xoşagəlməz halların qarşısının alınması mümkün hesab olunur. Cəmiyyət özü məhz bərabərliyin təmin olunması üçün çalışdığı halda, ya kişinin, ya da qadının hüquqlarının, ümumiyyətlə, bərabərliyin pozulmasına imkan vermədiyi halda bu məsələ daha arzuolunan şəkildə öz həllini tapmış olur. Cəmiyyətimiz birmənalı şəkildə başa düşməli və nəzərdən qaçırmamalıdır ki, bərabərlik dedikdə, gender bərabərliyi dedikdə, hansısa tərəfin birinin digərinin yerini tutması kimi başa düşülməməlidir. Gender bərabərliyi dedikdə nə kişinin qadının yerinə keçməsi, nə də qadının kişinin yerinə keçməsi başa düşülə bilməz.

Qadınlar və kişilər arasında bərabərlik, gender bərabərliyi bizim xalqımız üçün heç də yenilik deyil və bu bərabərlik bizdə hələ qədimdən olub. Əvvəla, İslam dini inancına malik olan insanlar üçün qadın və kişilər arasında fərq qətiyyən qəbul edilən olmayıb. İslam dini heç bir sahədə qətiyyən ayrıseçkiliyi qəbul etməyib. İnsanlar arasında fərq qoyulması İslam əxlaqına, müsəlmanların təfəkkürünə tamamilə yaddır. Buna görə də İslam dini inancına sahib olan Azərbaycan xalqı hər hansı ayrıseçkiliyi, bərabərsizliyi qəbul etməyib və bizim üçün bərabərlik məsələsi hələ qədimdən diqqətdən kənarda qalmayıb. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, hələ qədim zamanlardan bizim Xurşudbanu Natəvan kimi şairə qadınlarımız da olub, Tomiriz kimi, Nüşabə kimi hökmdar qadınlarımız da. Beləliklə, hər kəs yaxşı bilir ki, Azərbaycan qadını tarix boyu diplomat da olub, incəsənətə, mədəniyyətə, ədəbiyyata töhfə verən kimi də tanınıb. Buna görə də bizdə gender bərabərliyinin, qadın və kişilər arasında bərabərliyin hələ çox qədim dövrdən mövcud olması heç kimsədə şübhə doğura bilməz.

Kişi və qadınlar arasında bərabərliyin təmin edilməsində Azərbaycan dünya ölkələrinin əksəriyyətindən öndədir və hətta, birincilər sırasındadır. Diqqətə çatdıraq ki, Şərqdə ilk dəfə seçmək, seçilmək hüququ Azərbaycan qadınına məxsus olub. 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını da Azərbaycan qadını, beynəlxalq konfransda çıxış edən azərbaycanlı qadın Həmidə Məmmədquluzadə qoyub. Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşən Azərbaycan, qadınlara səsvermə hüququnu hələ 1920-ci ildə verən Amerikanı da, həmin hüququ 1944-cü ildə verən Fransanı da qabaqlayıb və bu baxımdan demək olar ki, müsəlman şərqində Azərbaycan məhz gender bərabərliyi məsələsində inqlab etmiş sayılır və hər zaman öndə olub.

Hal-hazırda Azərbaycan yenə də gender bərabərliyi məsələsində öndədir. Azərbaycan qadını istər dövlət idarəçiliyində, istər qeyri-dövlət sektorunda, istər təhsil sahəsində, istər tibb sahəsində, istər mədəniyyət sahəsində, istərsə də idman sahəsində şalışır. Ölkəmizdə qadın və kişilər arasında keç bir fərq qoyulmur və bu gün Milli Məclisdə belə millət vəkili olan çoxlu sayda qadınlarımız da var, ali təhsil ocaqlarında çalışan, pedoqoji fəaliyyətlə məşğul olan qadınlarımız da az deyil. Azərbaycan qadını elmi kəşflər edir, müxtəlif sahələrdə uğurlara imza atırlar və onlar öz fəaliyyətləri ilə heç də kişilərdən geri qalmırlar. Qadınlarımız elmlə yanaşı, mədəniyyətimizin də inkişafına tövhələr verməkdədirlər. İdman yarışlarında Azərbaycanın adını öz qələbələri ilə uca tutan, bayrağımızı qadıran qadınlarımız da var və onlarla fəxr etməyə dəyər. Belə bir şəraiti, qadınlarımız üçün belə bir imkanı yaradan sözsüz ki, ölkəmiz, dövlətimizdir. Ölkəmizdə qadın və kişilər arasında fərq qoyulmadığına görə qadınlarımız üçün heç bir maneə yoxdur və buna görə də Azərbaycan qadını istənilən sahədə fəaliyyət göstərə bilir. İstənilən sahədə Azərbaycan qadını kişilərlə çiyin-çiyinə çalışır və işinin öhdəsindən də layiqincə gəlir və bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə hər zaman mövcud olan gender bərabərliyi qorunmaqdadır.

Müəllif: İnam Hacıyev

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demokratik məsələlərin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər