MİA

  • 2 048

İnsan məskən salır, təbiəti məhv edərək...

image

İnsanların həddindən artıq müdaxiləsi səbəbindən dünyanın ekoloji tarazlığı getdikcə pozulur. Bu vəziyyətin yaranmasında mədən yanacaqlarının və süni gübrələrin həddindən artıq istifadəsi, meşələrin məhv edilməsi, planlaşdırılmamış urbanizasiya, istixana qazlarının intensiv emissiyası, sənayeləşmə-urbanizasiyanın yaratdığı ətraf mühitin çirklənməsi kimi insan faktorları əhəmiyyətli dərəcədə rol oynayır. İnsanların təbiətə həddindən artıq müdaxiləsi ilə təbii proseslərin tarazlığı pozulur, bunun da nəticəsində ətraf mühitin korlanması prosesi baş verir.

İnsanlar özlərinə yurd, məskən salmağa başlayanda şəhərləşmə prosesi hələ başlamamışdı və insan təbiətlə qarşılıqlı təmasda yaşayırdı. Sonradan, şəhərləşmə nəticəsində artan binalar və onlarla əlaqəli infrastrukturlar quruldu, torpaqların üstü betonlarla örtüldü, üstəlik bu betonlaşma prosesi yaxşı planlaşdırılmadı, nəticədə də betonlaşmanın miqyası təbii mühitə nisbətdə artdı. Belə olan halda insan həyatında mühüm yeri olan təbiətlə təmas getdikcə azalır, bitki və heyvan növləri azaldıqca biomüxtəliflik itirilir. Axı yağış sularının udulması, həddindən artıq istiləşmənin qarşısının alınması istiqamətində yaşıllığın əhəmiyyəti böyükdür. Xüsusilə yaşıllıqların azalması, tikintinin çoxalması şəhər yerlərində güclü yağış, daşqınlara səbəb olur, can və mal itkiləri baş verir. İnsan özünə betondan qalalar, qəsrlər tikir, amma o qəsrlər onları fəlakət anında bir ağacın qoruya biləcəyi qədər qorumur.

İnsanlar yaşamaq üçün qida, içki, geyim, sığınacaq, müalicə və digər ehtiyaclarını ödəmək üçün müəyyən bir şəraitə ehtiyac duyurlar. Ətraf mühitin bizə verdiyi müxtəliflikdən daha yaxşı faydalanmaq üçün insanlar bilməlidirlər ki, onunla harmoniya şəraitində yaşamasalar dünyanın ömrü çox olmayacaq. Təbii ehtiyatlardan daha səmərəli istifadə etmək yerinə təbiəti istismar edənlər çoxalır, ətraf mühiti qorumaq yerinə ona zərər verən kütləyə çevrilirik. Təbii resursların həddindən artıq istifadəsinin sonu yaxşı bitməyəcək.

Şəhərlərdə yaşayan insanların həyatının orta hesabla təxminən 90%-i binalarda keçir. Binaların və şəhərlərin dizaynında insan sağlamlığı və rahatlığı ilə bağlı bir çox məsələlər standartdır. Normal standartlarda tikilən binalarda yaşayan və işləyən insanların daha çox gün işığından faydalanması, daha çox təmiz hava alması, zərərli kimyəvi maddələrə daha az məruz qalması, daha işıqlı və daha az səs-küylü şəraitin yaradılması kimi standartlara əməl edilir. Lakin rabitəsiz, plansız tikilən bir çox binalarda bu standartlar nəzərə alınmır, günəş görməyən, işıq düşməyən, izolyasiyası olmayan binalar tikilib istifadəyə verilir, təbii fəlakət anında xilas imkanları nəzərə alınmır. İnsan öz əli ilə özünə betondan qəbirlər tikir.

Hər il dünyada atmosferə 207 milyard ton CO2 atılır, amma atmosferin illik dünyanın illik CO2 udma qabiliyyəti 204 milyard tondur. Bu da o deməkdir ki, hər il 3 milyard ton CO2 atmosferdə toplanır. Bundan əlavə, meşələrin qırılmasına, yanğın hallarının artmasına, havanın çirklənməsinə görə Yerin özünü təmizləmə qabiliyyəti daim azalır. Bu gün meşələrin atmosferə atılan CO2-ni odmaq qabiliyyətini bərpa edə bilməyimiz üçün Yer kürəsində yaşayan hər kəs 5000 ağac əkməlidir, bu həm itirilmiş ağacların bərpası, həm də artan insan sayına görə hesablanmış rəqəmdir.

Təbiətdə mövcud olmayan və bu səbəbdən təkrar emal oluna bilməyən, təbiətdə əriməsi mümkün olmayan tullantılar da təbiəti məhv edir. Statistik məlumatlara görə dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Rahat alış-verişin etalonu hesab edilən bu torbaların dənizə atılması bir çox dəniz canlısının mədəsində plastik tullantıların yığılmasına səbəb olur. Çünki okeanda səfərdə olan gəmilər ildə 4 milyon kiloqrama qədər polietilen torbanı dənizə atır. Ekoloqlar deyirlər ki, dünyanın quru səthinin polietilen torba işğalından qurtulmasının səbəbi okean dibinin sellofan torba və plastik qabların qəbristanlığına çevrilməsidir.

İnsan əli ilə təbiətin necə məhv edildiyini görə bilmək üçün dünyanın istənilən nöqtəsinə baxmaq kifayətdir. Son 1000 il ərzində insanların torpağa, suya və havaya təsiri, meşələrin qırılması, torpaqların asfaltlaşdırılması, yanğınlar törədilməsi təbiətə bərpası mümkün olmayan zərərlər vurub. İnsanlar özünə ev tikmək, şəhər salmaq uğrunda ən böyük evini – təbiəti məhv edir. Əgər bu elə belə davam edərsə yaxın gələcəkdə Yer planetində qarşısıalınmaz ciddi problemlər meydana çıxacaq. Necə ki, bunun əlamətlərini indidən görürük.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər