MİA

  • 3 436

Sergey Markov: Azərbaycan-Ermənistan sülh sazişində heç kimin vasitəçiliyinə ehtiyac yoxdur - MÜSAHİBƏ

image

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində ilin sonunadək Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması perspektivlərini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sergey Aleksandroviç, sizcə, bu il Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması perspektivləri necədir? Bu hansı amillərdən asılıdır?

- Məncə, bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri kifayət qədər yüksəkdir. İrəvan Bakının şərtlərini qəbul etməyə hazırdır. Artıq iki ölkə arasında 12 km sərhədin demarkasiyası həyata keçirilib, Ermənistan əvvəllər işğal etdiyi kəndləri Azərbaycana qaytarıb. Deyə bilərik ki, ikitərəfli sülh prosesi Ermənistanın da istəyi ilə gedir. Əminəm ki, respublikanın hakimiyyət orqanları da Azərbaycana qarşı bütün ərazi iddialarını ölkə Konstitusiyasından çıxaracaq- Azərbaycanın tələb etdiyi budur. Baxmayaraq ki, vaxtaşırı Ermənistan hökumətinin bəzi nümayəndələri Konstitusiyanın dəyişdirilməsi ilə sülh müqaviləsinin bağlanması prosesinin heç bir əlaqəsi olmadığını deyirlər. Bunun fonunda Ermənistanın baş naziri vaxtaşırı deyir ki, ölkə Konstitusiyasının həqiqətən də dəyişdirilməsi lazımdır, çünki bu, reallıqlara cavab vermir.

Zəngəzur dəhlizi ilə bağlı vəziyyətin necə inkişaf edəcəyi hələ də sual altındadır. Amma prinsipcə, Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla sülhə sadiqdir. Noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransına qədər hər şey bu sazişin imzalanmasına doğru gedir.

- Amma ötən gün Ermənistan cəmiyyəti arasında aparılan sorğu göstərdi ki, əhalinin əksəriyyəti Konstitusiyanın dəyişdirilməsinin əleyhinədir, qisas almaq, Qarabağın qaytarılmasının vacibliyini düşünür. Bununla bağlı nə etməli?

- Onlar sözdə həm Qarabağın qaytarılması, həm də revanş istəyində olsa da, əslində bütün bu məsələləri onların yerinə kiminsə həll etməsini istəyirlər. Və heç kim bu məsələləri həll etməyəcək. Cəmiyyətin bir növ qisas, millətçilik ideyaları ilə bağlı nəsə elan etməsində yenilik yoxdur. Düşünürəm ki, Paşinyan hər şeyi necə təqdim edəcəyini və vəziyyətdən necə çıxacağını tapacaq. Hər halda, Ermənistan üçün Azərbaycanla sülh imzalasa, bu, daha yaxşı olar. Ölkə həyatında yeni səhifə açılacaq.

- Ermənistanın gələcəkdə qisas alması ehtimalının qarşısını almaq, sülh sazişinə hansısa bənd daxil etmək üçün hər hansı bir yol varmı, yoxsa belə bir təhlükəsizlik şəbəkəsi yoxdur?

- Heç nə kömək etməyəcək. Yeganə şərt odur ki, Azərbaycan öz suverenliyini, bütün istiqamətlərdə gücünü, beynəlxalq statusunu, hərbi qüdrətini artırsın. Bakı bunu dərk edir və belə də edir.

Bu cür müddəaların sənədə salınması təkbaşına bu işə kömək etməyəcək. Ölkələr həqiqətən də beynəlxalq strukturların qətnamələrinə, imzalanmış sənədlərə əməl etmirlər. Diplomatik razılaşmaların prinsiplərinin “korroziyasından” danışmaq çoxdan mümkün olub. Əgər 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının çıxarılması və ərazilərin Azərbaycana qaytarılması ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilmirsə, nədən danışmaq olar?

- Vaşinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Tərəflərin son vaxtlar müstəsna olaraq birbaşa danışıqlar apardığını nəzərə alsaq, bu, nəyə lazım idi?

- Azərbaycan tərəfdən belə bir görüşdə iştirak birmənalı olaraq sadəcə diplomatik yanaşmadır. Əgər ABŞ Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istədiyini iddia edirsə, niyə gəlib onların dediklərinə qulaq asmayaq. Diplomatik nəzakət göstərilir.

Ermənistan tərəfində isə təbii ki, yanaşma tamam başqadır. Ermənistan ABŞ-ın sülh sazişində onlara nəsə kömək edəcəyinə ümid edir. Doğrudan da, ABŞ İrəvanın maraqlarını daha da manipulyasiya etmək üçün lobbiçilik etməyə çalışır. Azərbaycan isə bunu çox gözəl görür və bu amili nəzərə almaya bilməz.

Üstəlik, ABŞ uzun müddətdir haqqında danışdığımız kimi, danışıqlarda vasitəçi kimi görünmək, guya Cənubi Qafqazda sülh əldə etdiklərini nümayiş etdirmək istəyir. Bakı ilə İrəvan arasında sülh müqaviləsində vasitəçiliyini qeydə aldırmaq və bundan istifadə edərək regiona daha aktiv daxil olmaq. Onlar çalışırlar ki, Azərbaycanı da Ermənistan kimi öz tərəflərinə çəksinlər. Amma uğur qazana bilməyəcəklər. Azərbaycan heç kimin vasitəçiliyi ilə sülh müqaviləsi imzalamayacaq. Bakı bunun nəyi təhdid etdiyini mükəmməl başa düşür.

Vasitəçilik nəinki lazımsızdır, o, sadəcə işləmir. ABŞ açıq-aydın ermənipərəstdir, Avropa Birliyi əksər hallarda ermənipərəstdir. Ermənistan Rusiyanın vasitəçiliyini istəmir, çünki Moskvadan uzaqlaşma vektorunu götürüb. Beynəlxalq təşkilatlar da özlərini çoxdan gözdən salıblar, vasitəçilik baxımından heç nə edə bilmirlər. Ona görə də sülh müqaviləsi müstəsna olaraq Bakı ilə İrəvan arasında imzalanacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər