MİA

  • 3 038

Dünyamızın məhv olmaqda olan ağciyərləri - DƏHŞƏTLİ FAKTLAR

image

Meşələr dünyanın ağciyərləridir, çünki canlıların yaşaması üçün lazım olan oksigenin böyük hissəsini təmin edir. Meşələr bitki və heyvanlar üçün təbii su mənbəyidir. Həmçinin meşələr bitki örtüyündə və torpaqda böyük miqdarda karbon saxlayır ki, bu proses də iqlimə müsbət təsir edərək qlobal istiləşmənin qarşısını alır. Su buxarını kondensasiya edərək yağışın yağmasına səbəb olur. Meşələr vəhşi təbiəti qoruyur və heyvanların sağ qalmasını təmin edir. Bundan əlavə, meşələr daşqınların, sürüşmələrin, uçqun təhlükələrinin, həmçinin səhralaşmanın və havanın çirklənməsinin qarşısını alır.

Quru ərazisinin üçdə birini əhatə edən və canlı aləmin yarıdan çoxuna ev olan meşələr dünya ekosisteminin ən vacib qollarından biri hesab olunur. Quruda yaşayan canlıların 80%-nin sağ qalması meşələrdən asılıdır. Meşələrin məhvinə görə sayı azalan heyvanların ölümü ekosistemdə böyük bir boşluq yaratmaq deməkdir. Növünə, yaşına və iqliminə görə bəzi istisnalar olsa da, orta hesabla bir ağac bir gündə 10-12 insanın ehtiyacı olan qədər oksigeni istehsal edir. Yəni sadəcə bir ağac kəsilsə, 10-12 adam 1 günlük oksigen ehtiyatını itirir. Başqa sözlə,1 ağac insan ömrünün bir günü deməkdir. Üstəlik, meşələr təxminən 1,6 milyard insan üçün qazanc mənbəyidir.

Yanğınlar meşələrin mövcudluğu üçün ən böyük təhlükədir. Xüsusilə, yay aylarında təbii və ya insan faktorları nəticəsində baş verən yanğınlar yüz illər boyu böyüyən ağacların qəfil məhvinə, təbii tarazlığın pozulmasına, meşədə canlı növlərinin və təbii yaşayış yerlərinin nəsli kəsilməsinə, torpaqda üzvi maddələrin itirilməsinə səbəb olur. Meşə yanğınları adətən hiss olunmadan başlayır, sürətlə yayılır, bütün meşəni məhv edir. Yanğınlar ildırım çaxması, vulkan püskürməsi və yüksək temperatur kimi səbəblərdən, həmçinin səhlənkarlıq, ehtiyatsızlıq və qəsdən baş verir.

Son illər dünyanın müxtəlif ərazilərindəki meşələrdə böyük yanğınlar baş verir. Bu yanğınlar səmanın hislə örtülməsinə və Günəşin önünün bağlanmasına səbəb olur. Yanğınlar zamanı milyonlarla canlı məhv olur, dünyanın canlı orqanizm balansı pozulur. Yanğınlar həmçinin kənd təsərrüfatı ərazilərində məhsuldarlığa təsir edir, bunun da nəticəsində dünya miqyasında qıtlıq baş verə bilər.

Meşədə təhlükəsizlik tədbirləri görülmədən yandırılan və söndürülməmiş ocaq, meşəyə atılan kibrit və ya söndürülməmiş siqaret kötüyü, günəş şüasının qızdıraraq otları yandıracaq qədər istitdiyi şüşələr böyük yanğınlara səbəb ola bilər. Bir meşənin yanması orada yaşayan minlərlə canlının tələf olması, atmosferin cirklənməsi, dolayısı ilə insanlara təhlükədir.

Dünyanın ən böyük meşə yanğınlarını sıralasaq, ötən əsrə getməli olacağıq. 1871-ci ildə Çikaqoda baş verən yanğın tarixə “Böyük Çikaqo yanğını” kimi düşdü. İki gün davam edən yanğın nəticəsində 300 nəfər həlak olub, 100 min insan evsiz qalıb, 17 mindən çox ev yararsız hala düşüb. Bu yanğın ölkəyə 200 milyon dollar ziyan vurmuşdu.

1919-cu ildə Kanadanın Edmonton şəhərinin şimalında başlayan meşə yanğınını xatırlayarıq 5 milyon hektar ərazini yararsız hala saldı. Yüzlərlə insanın evsiz qaldı, 11 nəfər öldü. 1950-ci ildə Çhinchaqa yanğını 222 gün davam etdi. Ram altına alına bilməyən yanğın zamanı 245 kilometr uzunluğunda olan meşə zolağı məhv oldu.

Ümumiyyətlə, Kanada meşə yanğınların ən çox zərər görmüş ölkədir desək, yanılmarıq. 1989-cu ildə baş vermiş Manitoba yanğını da Kanadaya böyük zərər verdi. Bu əyalət Kanada yerləşir və yanğın zamanı 8,1 milyon hektar ərazi külə döndü. Kanada bu yanğını illər sonra, 2014-cü ildə təkrar yaşadı. Meşə yanğınları ilk günlər 3,5 milyon hektar ərazini əhatə etsə də alovun sürətlə yayılması nəticəsində 8,4 milyon hektar əraziyə zərər dəydi. Bu yanğınların baş verməsi zamanı hətta ABŞ-ın bəzi əyalətlərində, Qərbi Avropada havanın keyfiyyəti ciddi şəkildə pisləşdi.

1939-cu ildə Avstraliyanın Viktoriya ştatındakı yanğınlar da təbiətə böyük zərər vurdu. Kiçik bir ərazidə başlayan yanğın güclü külək nəticəsində 5 milyon hektar meşəni külə döndərdi. Bu təbii fəlakət nəticəsində 71 nəfər öldü.

2003-cü ildə Sibir tayqası yanğınını da dünyanın təbiətinə dəyəyn ziyan kimi qeyd edə bilərik. Ekeoloji tarazlığın pozulması ilə Sibirdə temperaturun yüksəlməsi və donmuş torpaqların sürətlə isinməsi təbiətə böyük zərər verdi və beləcə tarixin ən böyük meşə yanğınlarından biri baş verib. Həmin yanğında 47 milyondan artıq hektarda olan meşə kül oldu. Ozon təbəqəsinin bu yanğından böyük zərər görməsi danılmazdır.

2010-cu ildə Boliviyadakı ciddi quraqlıq hökm sürürdü. 1,5 milyon hektar ərazidəki meşənin yanması Boliviya hökumətini ciddi mənada təşvişə saldı. Ölkənin öz imkanları yetmədiyindən su təyyarəsi təminatı və yanğını söndürmək üçün Boliviya, Braziliya və Argentinadan kömək istədi. Təkcə 2010-cu ildə bu ölkədə 47 mindən çox yanğın hadisəsi qeydə alınmışdı. Ölkənin təxminən 4 milyon hektar ərazisi yanğına təslim oldu. 1910 -cu ilin yayında Ameriakada da ciddi yanğınlar törədildi. Aydaho, Montana və Vaşinqtonda dəhşətli meşə yanğınları baş verdi. Bu ABŞ Meşə Xidmətinin qurulmasından beş il sonraya təsadüf edirdi. Ayrı-ayrılıqda həmin yay 736 yanğın qeydə alındı və 3 milyon hektar ərazi yararsız vəziyyətə düşdü.

2020-ci ildə Avstraliyadakı meşə yanğınları da təbiətə ciddi zərər verdi. 2019-cu ilin iyun ayınında başlayan yanğın 240 gün davam etdi və nəticədə təxminən 8 milyon hektar ərazi yandı, 2500-dən çox bina yaşayış üçün yararsız hala düşdü, 28 nəfər həyatını itirdi, 1.1 milyarddan çox heyvan isə tələf oldu. Ekosistemə ən çox zərər verən yanğınlardan bəhs edərkən bu yanğın xüsusi qeyd edilir.

Türkiyədə, Antalyanın Manavqat bölgəsində 2021-ci ildə başlayan meşə yanğınları Türkiyənin bir çox şəhərlərinə yayıldı. Əksəriyyəti Aralıq dənizi, Egey, Mərmərə, Qara dəniz və Anadolu bölgələrində- ümumilikdə 53 vilayətdə baş verən 299 meşə yanğınında 8 nəfər həyatını itirdi, 150 min hektardan çox meşə sahəsi yandı, minlərlə heyvan tələf oldu.

Bütün bu faklar çox ciddi bir həyəcan siqnalıdır. Son 100 ildə dünya meşələrinin 50 faizindən çoxu məhv olub. Bu prosesin qarşısı alınmasa qlobal kataklizmlər başlayacaq və planetimizdə canlı aləm məhv olacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər