PDF Oxu

MİA

  • 4 869

Aleksey Naumov: Qərbin yardımı Ermənistanı Azərbaycandan güclü edə bilməyəcək - MÜSAHİBƏ

image

“İrəvan Bakının şərtləri ilə razılaşmayana qədər sülh razılaşması imzalanmayacaq”

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Bakı ilə İrəvan arasında sülhün perspektivləri ilə bağlı fikirlərini “Moskva-Baku” portalına müsahibəsində şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksey, belə görünür ki, Ermənistanın baş naziri Azərbaycanla sülh sazişinin imzalanmasını gecikdirmək məqsədi güdür...

- Doğrudan da, belədir, amma hər siyasi addımın öz səbəbi var. Heç bir siyasi addım elə-belə atılmır; Nikol Paşinyanın indi sülh müqaviləsi bağlamağa əsası yoxdur, çünki bu, ona heç nə verməyəcək. Və əksinə: sülh müqaviləsinin bağlanması prosesini gecikdirmək ona kifayət qədər çox şey verəcəkdir. Ermənistanın baş nazirinin vəziyyəti və taktikasını obrazlı şəkildə balıq ovu prosesi ilə müqayisə etmək olar. Balıqçı çubuqunu gölməçəyə atır və qarmağa nəyin düşəcəyini gözləyir. Bu yaxşı bir balıq da ola bilər, deşik ayaqqabı da ola bilər. Amma siyasətçilər yemi atmasalar, bundan heç nə çıxmayacaq. Sülh danışıqlarını gecikdirən Nikol Paşinyan daim özü üçün nə isə ovlayır. Ya Qərbdən gələn pul, ya silah, ya da Ermənistana xeyir verən siyasi bəyanatlar. Bu gün Ermənistan hökuməti “dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, iqtisadi problemlərin aradan qaldırılması” və “demokratiyanın inkişafı” üçün ABŞ-ın qrant yardımının 250 milyon dollara qədər artırılmasını təsdiqləyib.

Nikol Paşinyan Ermənistanı dünya hadisələrinin diqqət mərkəzində saxlayır. Çoxları bunu müzakirə edir, çoxları deyir ki, İrəvan və Bakı sülh müqaviləsi imzalamalıdır. Amma məhz bu sülh müqaviləsi imzalanan kimi Ermənistan diqqət mərkəzində olmaqdan əl çəkəcək. Nikol Paşinyan və Ermənistan xarici siyasət aktuallığını itirəcək. Ona görə də Ermənistanın baş naziri sülh sazişi ilə bağlı müxtəlif, bəzən də ziddiyyətli bəyanatlar verir: 2027-ci ildə və ya başqa vaxtda Konstitusiya ilə bağlı referendum keçirəcəyik, amma hələlik bunu bilə-bilə sülh razılaşması imzalayaq, ya da hələ ki, fikirləşək. Bilirlər ki, Azərbaycan yarımçıq saziş sənədinin bağlanmasına razı olmayacaq. Bu, İrəvanın belə bir strategiyası, taktikasıdır.

Biz görürük ki, bütövlükdə Ermənistan Qərbin təsiri altındadır. Buraya respublika ordusunun NATO standartlarına keçirilməsi, hüquq-mühafizə orqanlarında islahatlar da daxildir. Biz Ermənistan Respublikasının tədricən sürünənək qərbləşməsinin şahidi olduq. Qərb Ermənistanı Cənubi Qafqazda özünün forpostuna çevirmək, onu regionda təsir rıçaqına çevirmək istəyir. Təbii ki, hər bir ölkə, hər bir siyasi blok öz təsir imkanlarını artırmağa çalışır. Transqafqaz mühüm, əsas regiondur, o cümlədən əsas tranzit regiondur. Qərb isə bu regionu burdakı oyunçuların- Rusiya, Türkiyə, Azərbaycanın nəzarətinə buraxmaq istəmir. Qərb Zaqafqaziyada getdikcə daha çox nüfuz qazanmağa çalışır və bunun əvəzini ödəməyə hazırdır, bəlkə də çox da yüksək qiymətlə deyil, amma yenə də. Və o, Ermənistana maliyyə sərmayəsi yatırmaqla, hərbi sahəyə (silah, təlim, təhlükəsizlik) sərmayə qoymaqla və şifahi şəkildə, yəni Ermənistanı dəstəkləyən bəyanatlarla sərmayə qoyur.

- Sülh sazişinin bağlanması problemi və Qərbin Cənubi Qafqazda gərginliyi təhrik etməsi son nəticədə yeni müharibəyə gətirib çıxara bilərmi?

- Müharibə siyasətin davamıdır, dinc yolla əldə edə bilmədiyin şeyə hərbi yolla nail olursan. İndi hərbi üstünlük şübhəsiz Azərbaycanın tərəfindədir. Amma Azərbaycan həmişə onunla seçilib ki, məqsədlərinə çatmaq üçün xarici siyasət alətlərindən maksimum istifadə edib: siyasi, diplomatik və iqtisadi. Düşünmürəm ki, Azərbaycan rəhbərliyi indi hərbi təsir üsullarını mövcud vəziyyətə ən adekvat hesab edir. İndi Azərbaycan diplomatik, siyasi və iqtisadi cəhətdən təzyiq göstərə bilər. Biz görürük ki, Rusiya ilə Azərbaycan arasında yaxınlaşma Ermənistanın qərbləşməsi ilə diktə olunur və Qərbin Cənubi Qafqazdakı təsirinə qarşı tarazlıq təşkil edir.

Moskva və Bakı Ermənistana ərazi və digər reallıqları tanımaqdan, regionun digər dövlətləri ilə ən əməkdaşlıq etməkdən başqa gedəcək yeri olmadığıni izah edir. Münaqişə ehtimalı həmişə qalır, müharibə ehtimalı yanıb-sönür, onu heç vaxt tam zərərsizləşdirmək olmaz. Amma mən bunu qısa müddətdə mümkün hesab etməzdim.

Hesab edirəm ki, Cənubi Qafqazda vəziyyətlə bağlı hansısa birgə fəaliyyət xətti məsələsi son həftələrdə Vladimir Putin və İlham Əliyev tərəfindən həm Rusiya liderinin Azərbaycana dövlət səfəri çərçivəsində, həm də ondan sonra telefonla söhbət zamanı müzakirə olunub. Rusiya və Azərbaycanın ortaq marağı var: Qərbin regionda güclənməsinin qarşısını almaq. Çünki bu, Ermənistanı gücləndirəcək. Qərbin forpostu olmaq yəqin ki, o qədər də pis deyil, kifayət qədər yüksək qiymət ödəmək tələb olunmayana qədər. Pulunuz, silahınız var. Döyüşmədiyiniz zaman isə sizinlə hər şey qaydasındadır.

Biz burada Ermənistandakı vəziyyəti Rusiya ilə münaqişə ərəfəsində Ukraynadakı vəziyyətlə müqayisə edə bilərik. Bu pul idi, silah idi, zəmanət idi. Onlar dəhşətli qanlı qiymət ödəməli oldu, amma sən bunu ödəməyənə qədər heç kim deyə bilməz: gör hər şey necə dəhşətlidir. Pul da var, status da var, yaxşı sözlər də var. Ona görə də hesab edirəm ki, Qərbin Cənubi Qafqaza daxil olmasının qarşısını almaq üçün Rusiya ilə Azərbaycan arasında mütləq koordinasiya var. Ki, Ermənistan Ukraynaya çevrilməsin. Bununla yanaşı, Bakının təkcə Qərbin Zaqafqaziyada təsirini dayandırmaq deyil, həm də Azərbaycan üçün təhlükəli olan Ermənistanın güclənməsinin qarşısını almaq məqsədi var. Ona görə də burada iki gücün - Rusiya və Azərbaycanın ittifaqı tamamilə formalaşıb.

Formal olaraq, yaxın gələcəkdə Bakı ilə İrəvan arasında hansısa sülh sazişi imzalana bilər, lakin Ermənistan güzəştə getməyənə və Bakının şərtlərini qəbul etməyənə qədər bu, iki ölkə arasında münaqişəni tam həll etməyəcək. Burada bir növ radikal qərar lazımdır: Rusiya və Azərbaycan Ermənistana güclü təzyiq göstərməlidirlər ki, anlasınlar ki, gələcək qarşıdurmanın heç bir perspektivi ola bilməz, Qərbin dəstəyi həlledici təsir gücünə malik olmayacaq və güzəştlərə razı olmaq lazımdır. Müharibəni uduzmuş və açıq-aşkar qibtə olunmaz vəziyyətdə olan hər bir ölkə kimi Ermənistan da güzəştə getməlidir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər