“Moskva iki dəhliz formulunda maraqlıdır. Bu mövzuda İran və Rusiya arasında hansısa sövdələşmə gedir”
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşündə İranın Azərbaycanla dəhlizlər və nəqliyyat marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib. Agentliyin məlumatına görə, Şoyqu Rusiya prezidenti Vladimir Putinin mesajını ona çatdırmaq və tərəflər arasında əldə olunan razılaşmalar barədə məlumat vermək üçün İran prezidenti Məsud Pezeşkianla da görüşüb.
Bu fonda bir sual yaranır: Rusiyanın Zəngəzur dəhlizinin işə salınması məsələsində mövqeyi dəyişibmi? Axı Moskva yaxın vaxtlara qədər nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını fəal şəkildə müdafiə edirdi. Rusiyalı politoloqlar bu mövzu ilə bağlı fikirlərini “Caliber” analitik mərkəzinə açıqlayıblar. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.
“Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Azərbaycanın mövqeyinə daha yaxındır”
Rusiyalı beynəlxalq məsələlər üzrə ekspert və İran üzrə mütəxəssis Nikita Smaqinin fikrincə, hər üç tərəf ümumilikdə Azərbaycanın qərb bölgələrindən Naxçıvana dəhliz açmaqda maraqlıdır, lakin bunu hər kəs öz marşrutu ilə görür, maraqlar fərqlidir və bunun necə edilməli olduğu haqda öz mövqeləri var.
“Azərbaycan optimal formul üzrə iki dəhlizin olmasında daha maraqlıdır: həm Ermənistan ərazisindən, həm də İrandan. Aydındır ki, bu formatla risklər maksimum dərəcədə şaxələndirilir və Bakıya təzyiq təhlükəsi minimaldır. İran dəhlizin yalnız öz ərazisindən keçməsində maraqlıdır, o zaman bu prosesə nəzarət edə və ondan həm iqtisadi, həm də siyasi dividendlər əldə edə bilər.
Rusiyanın mövqeyi Azərbaycanın mövqeyinə daha yaxındır: Moskva iki dəhliz formulunda maraqlıdır. Lakin Rusiyanın mövqeyi o qədər də qəti deyil. Aydındır ki, bu mövzuda İran və Rusiya arasında hansısa sövdələşmə gedir. Amma ümumilikdə İranın Rusiyanı inandıra bildiyini və Moskvanın tamamilə “İran yolu” haqda düşünməyə başladığını söyləmək tezdir- hələ ki, bunu təsdiqləyən faktlar yoxdur. Şoyqunun Tehrandakı bəyanatı səliqəli diplomatik jest kimi görünür və hələlik Moskvanın bu məsələdə mövqeyində köklü dəyişikliyə işarə etmir”,- N.Smaqin hesab edir.
“İran öz ərazisindən yeni yolun açılmasını istəyir, amma keçmiş yolun da bərpasına qarşı deyil”
Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasitsin sözlərinə görə, Rusiyanın mövqeyi 2020-ci ildən bəri dəyişməz qalıb. Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Üçtərəfli Bəyanatına uyğun olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır.
“Bildiyiniz kimi, üçtərəfli qrupda baş nazirin müavinləri səviyyəsində razılıq əldə olunub ki, nəqliyyat əlaqələrinin bərpası Meqridən keçən dəmir yolu hissəsindən başlayacaq. Blokların açılması ilə bağlı sənəd də praktiki olaraq razılaşdırıldı, burada bütün nüanslar müzakirə edildi. Yalnız bir neçə uyğunsuzluq qaldı. Lakin Ermənistan işi başa çatdırmadan Üçtərəfli Qrupun işində iştirakını dayandırdı və yeni ideyalar, xüsusən də “Dünyanın kəsişməsi” adlandırdıqları ideyalarını irəli sürməyə başladı”,- deyə politoloq qeyd edib.
İranın narahatlığı, rusiyalı politoloqun fikrincə, çox güman ki, məlumatsızlıqdan irəli gəlir.
“Bu mövzuda bir sıra görüşlər təşkil olunub, o cümlədən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun iştirakı ilə bu məsələ ilə bağlı Rusiyanın mövqeyi rəsmi şəkildə bildirilib.
İranın mövqeyinə daha dərindən getsək, buradakı nüans odur ki, o, Zəngəzur dəhlizinin ekstraterritorial formasına, eləcə də ətraflı sitat gətirsək, “beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə” ziddir. İran öz ərazisindən Araz nəqliyyat dəhlizinin açılmasını, Araz çayı üzərində körpülərin, sahil boyu 55 km uzunluğunda avtomobil və dəmir yolunun olmasını istəyir. Amma fakt budur ki, İranın bu mövqeyi heç bir halda Ermənistanın cənubundan keçən dəmir yolunun bərpasına zidd deyil. Ümumiyyətlə, bir daha təkrar edirəm, kommunikasiyaların fəaliyyəti ilə bağlı bütün məsələlər praktiki olaraq Üçtərəfli Təmas Qrupunda baş nazirin müavinləri səviyyəsində razılaşdırılıb. Prosedurlarla bağlı hər hansı fikir ayrılığı olsaydı, Ermənistan bu işdə konstruktiv iştirakını davam etdirsə, onlar həll edilə bilərdi”,- deyə K.Tasits yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb