MİA

  • 3 481

Əgər yeni enerji ehtiyatları aşkarlanmasa...

image

Enerji problemi müasir dünyanın ən ciddi problemlərindən biridir və həyatımızın bütün sahələrinə aiddir. Kifayət qədər enerji olmasa həyat dayanır - telefon, televiziya, radio və ya internet kimi informasiya əlaqəsi yoxdur, evlərimizdə məişət avadanlıqları işləmir, işıqlandırma və havalandırma kimi əsas cihazlar işini dayandırır, enerji ilə işləyən ictimai nəqliyyat vasitələri iflic olur. Qısası, enerji olmasa həyat dayanır.

Neft, təbii qaz və kömür kimi enerji təmin edən təbii ehtiyatların gələcəyi yoxdur, çünki onlar yer üzündə məhdud miqdarda mövcuddur və uzun illərdir istehlak edildiyi üçün qaynaqlar tükənmək üzrədir. British Petrolium (BP) tərəfindən dərc edilən hesabatlarda qalıq enerji ehtiyatlarının ömrü neft üçün 54 il, təbii qaz üçün 64 il, kömür üçün 112 il olaraq ifadə edilib. Son iki əsrdə qalıq yanacaqlar istehsal texnologiyalarının inkişafı və ucuzluğu səbəbindən geniş istifadə edilib. Neft və kömürün üstünlüyünə əsaslanan enerji əsri 1973-cü ildə yaranan neft böhranı nəticəsində bir növ çöküş yaşadı. Dünya təbii ehtiyatların tükənə biləcəyi ehtimalı üzərində durub düşünməli oldu. Bərpaolunan enerjinin əldə edilməsi imkanları meydana çıxandan sonra təbii ehtiyatlara qənaət məsələləri gündəmə gəldi.

Dünyanın müxtəlif yerlərində insan həyatını təhlükə altına atan fəlakətlərin, məsələn, daşqınlar, sellər, yanğınlar təbii iqlim tarazlığının pozulmasının nəticəsidir. İqlim mütəxəssisləri müəyyən edirlər ki, qlobal istiləşmə nəticəsində havada rütubət və sıxlığın artması, habelə arktik və tropik bölgələr arasında temperatur fərqinin yaranması fırtına və küləklərin çoxalmasına səbəb olur.

Bərpaolunan enerji mənbələrindən istifadə bütün bəşəriyyətin gələcəyini təmin etmək üçün həyati əhəmiyyət kəsb edir. Çünki təbii yanacaqlardan istifadə artdıqca atmosferdə karbon qazının intensiv toplanması da çoxalır, bu da öz növbəsində qlobal istiləşməyə səbəb olur. Nəticədə temperaturun artması dünya iqliminin dəyişməsinə, qütb buzlaqlarının əriməsinə, dəniz səviyyəsinin qalxmasına və bir çox məhsuldar kənd təsərrüfatı sahələrinin su altında qalmasına, dolayısı ilə dünyada aclıq, qıtlıq kimi problemlərə səbəb olur. Qlobal temperatur artımının qarşısını almaq üçün ilk şərt, təbii ehtiyatların istifadəsini azaltmaq və enerji infrastrukturunu bərpaolunan enerjilərdən istifadəyə uyğunlaşdırmaqdır.

Qalıq yanacaqların məhdud miqdarı və bir gün tükənməsi təhlükəsi, alternativ enerjidən istifadənin zəruriliyini qaçılmaz etsə də, daha bir ciddi problem var ki, o da insan fəaliyyətinin atmosferə vurduğu ziyandır. Qalıq yanacaqlar bir gün tükənəcək və enerji ehtiyacları başqa mənbələrlə əvəz ediləcək, lakin yaşayış mühitimiz olan atmosferə vurduğumuz zərəri bərpa etmək mümkün olmayacaq. istehlak Məsələn, ozon təbəqəsinin deşilməsinin heç bir əvəzi yoxdur.

Bərpaolunmayan enerjilərə alternativ olaraq göstərilən bərpaolunan enerji mənbələri və nüvə enerjisidir. Bununla belə, bərpa olunan enerji mənbələrində hələ tam həllini tapmayan iqtisadi rəqabət qabiliyyəti kimi bəzi problemlər var. Həmçinin, nüvə tullantılarının utilizasiyası ilə bağlı da problemlər var. O cümlədən, yeni texnologiyaların tətbiq edilməsində yetərli qədər bazar azadlığı və beyin ehtiyatı da yoxdur.

2030-2050-ci ilə qədər bərpa olunmayan enerjilərin bərpa olunan enerji mənbələri ilə əvəz etmək planlarının 50 faizlik bir hədəfə çatdırmaq üçün yerli hökumətlərin və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı mütləqdir. Eyni zamanda, insanların bu istiqamətdə məlumatlandırılması, həyat tərzlərini yeni enerji qaynaqlarına uyğun dəyişdirmələri, enerjiyə maksimum qənaət barədə maarifləndirmə işləri aparılmalıdır. Əks halda, bərpaolunmayan enerji bütün dünyanın təlabatını qarşılaya bilməz. ABŞ Milli Bioenerji Mərkəzinin direktoru Maykl Paçeko bərpa olunan enerji mənbələrindən istifadə haqqında danışarkən belə bir fikir söyləmişdi: “Əgər bərpaolunmayan ehtiyatlardan istifadəni dayandırsaq, biokütlə, külək və günəşdən əldə edə biləcəyimiz enerjinin, enerji tələbatımızı ödəyib-ödəyə bilməyəcəyi barədə suallar var”.

Enerji istehlakı günü-gündən artır, əvvəlcə onu minimuma endirməliyik. Qalıq yanacaqlardan asılılıq həm onların planetimizə vurduğu ziyana görə, həm də tükənmə təhlükəsinə görə azalmalıdır. Ona görə də insanlar köhnə vərdişlərindən əl çəkməli, yeni həyat tərzinə uyğunlaşmalıdır. Qalıq yanacaqlara alternativ tapmaq, tətbiq etmək üçün çox vaxtımız qalmayıb. ABŞ Energetika Nazirliyinin hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrdə və xüsusilə Çində enerji tələbatının artımı sürətlə davam edir. Bu tələbatı nəzərə alaraq, dünyanın enerji ehtiyacını ödəmək üçün 2005-2025-ci illər arasında ümumi neft hasilatı 50% artırılmalı idi. “Əgər neft şirkətləri tərəfindən böyük və yeni neft ehtiyatları aşkar edilməsə, qlobal neft sənayesi çox güman ki, tələb olunan əlavə hasilatı istehsal edə bilməyəcək” deyə bir proqnoz da verilmişdi. Aralıq dənizində aşkarlanan böyük qaz yataqlarının istehsal xərclərinin də rentabelli olub-olmaması məsələsi də mübahisəlidir.

2030-2050-ci illərdə bərpaolunmayan enerjilərin 50%-nin bərpaolunan enerji mənbələri ilə əvəzlənməsi planları ilə bağlı bütün ölkələrdə fəaliyyət planı hazırlanıb. Bəzi ölkələrdə artıq ilkin işlər görülüb, enerji panelləri vasitəsi ilə günəş enerjisi istehsal edilir. Lakin əldə edilən enerjinin miqdarı hələ ki, tələb olunan miqdarı ödəmir. Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa təkan verəcək. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcək.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər