PDF Oxu

MİA

  • 8 445

Okeandan gələn təhlükə: sunami

image

2025-ci ildə Birləşmiş Millətlər Təşkilatı, Yaponiya tərəfindən təqdim olunan 5 noyabr tarixinin “Ümumdünya Sunami Günü” elan olunması barədə qətnamə qəbul edib. Həmin il dekabrın 4-də BMT Baş Məclisinin İkinci Komitəsi həmin qətnamənin təsdiq edilməsi ilə bağlı səs verib. Qətnamənin məqsədi bütün dünyada seysmik fəallıq nəticəsində yaranan nəhəng dəniz dalğalarının yaratdığı təhlükənin dərk olunmasına yardım göstərməkdir.

Sunami sözü yapon dilində nəhəng liman dalğası mənasını verir. O, tarix boyu dəhşətli fəsadlar törədən təbii fəlakət olub. Sunami zəlzələ, vulkan püskürmələri və çökmələr, yer sürüşmələri kimi tektonik hadisələr nəticəsində dənizə ötürülən enerji sayəsində yaranan və uzun müddət davam edən nəhəng dəniz dalğasıdır. 1896-cı ildə Yaponiyada 21.000 insanın ölümünə səbəb olan Böyük Melji Sunamisindən sonra dünyaya yapon dilindən yayılan bu kəlmə fəlakət sözünün sinonimidir.

Sunamilər daha çox Sakit Okeanda yayılır, digər okean və dənizlərdə isə nadir rastlanır. Sunami insan boyundan yüksəkdir və dalğa uzunluğu yüzlərlə kilometrdir. Sunaminin digər dalğalardan fərqi ondan ibarətdir ki, o, su hissəciklərinin sürüşməsi nəticəsində hərəkət edir. Sunamidən fərqli olaraq, qapalı hövzələrdə, körfəzlərdə, göllərdə, küləkdə və ya zəlzələlərdə meydana gələn kiçik dalğalara adi dalğalanma deyilir.

Sunamilər formalaşma zamanı 3 mərhələdən keçir. Yaranma mərhələsi - zəlzələ okean dibində yer qabığının qırılması ilə baş verir. Nəticədə okean və ya dəniz suyunun tarazlığı pozulur və su kütləsi qarışır. Yayılma mərhələsi - yaranan dalğalar açıq dənizlərdən sahillərə sürətlə yayılır. Sel mərhələsi -torpaqlar, sahilyanı yaşayış məntəqələri, obyektlər və limanlar su altında qalır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2020-ci ildə "Ümumdünya Sunami Məlumatlandırma Günü" çərçivəsində dərc etdiyi hesabata görə, sunami, 2030-cu ilədək dünya əhalisinin 50 faizini təhlükə altına alacaq ölçülərə çatacaq. Hesabatda qeyd olunub ki, düzgün siyasət və tədbirlərin əvvəlcədən həyata keçirilməsi mümkün fəlakətin qarşısını almağa kömək edə bilər.

Sunamini ən təhlükəli təbii fəlakətlər sırasına daxil edən BMT xəbərdarlıq edir ki, sunami təhlükəsi olan ərazilərdə urbanizasiya və turizmin qarşısı alınmalıdır, əks halda bir çox insan risk altında ola bilər. Şri-Lanka, Hindistan, İndoneziya, Tailand və Yaponiya sunamidən ən çox zərər çəkən ölkələr sırasındadır.

Rixter şkalası üzrə ən azı 6,5 gücündə olan sualtı zəlzələlər sunami yarada bilər. Zəlzələlərdən başqa, torpaq sürüşmələri, vulkan püskürmələri, sualtı sürüşmələr və sahilyanı qayaların uçması da sunamilərə səbəb ola bilər. BMT və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, son 100 ildə 60-a yaxın sunami nəticəsində 260 mindən çox insan həyatını itirib. Yer üzündə baş verən bütün sunamilərin 80 faizi Sakit Okeanın payına düşür.

Sunamilərin ən çox olduğu ölkələr Hindistan, İndoneziya, Maldiv adaları, Myanma, Şri-Lanka, Tailand və Yaponiyadır. Yaponiya sunamilərin ən uzun tarixinə malik olsa da, 2004-cü ildə Hind Okeanında baş verən zəlzələ və sunami hadisəsinin səbəb olduğu böyük dağıntılar onu müasir dövrdə ən dağıdıcı sunami hesab edir. Zəlzələ və onun nəticəsində baş vermiş sunami cənub-şərqi Asiyaya və xüsusilə, İndoneziya, Maldiv adaları, Myanma, Malayziya, Tayland və digər ölkələrə ciddi zərər vurdu. Sunami nəticəsində, təxminən, 225-300 minə qədər insan həlak oldu. Həlak olanların dəqiq sayı məlum deyil, çünki cəsədlərin bir hissəsi okean sularına qərq oldu.

26 dekabr, 2004-cü ildə İndoneziyanın Sumatra sahillərində 9,1 bal gücündə zəlzələdən sonra sunami fəlakəti baş verdi. 30 kilometr dərinlikdə meydana gəldiyi təxmin edilən zəlzələdən sonra yaranan 50 metr hündürlüyündəki dalğalar 5 kilometr məsafəni qət edərək Sumatra əyalətinin Meubolah bölgəsinə qədər gedib çıxdı. Hadisədə təxminən 230 min adam həyatını itirdi.

2011-ci il martın 11-də Yaponiyanın Sakit okeanın şimal sahillərində baş verən sunami 18 mindən çox insanın ölümünə səbəb oldu. Yaponiyanın şərq sahillərində 10 metr hündürlüyündə dalğalar 452 min insanın müvəqqəti sığınacaqlara köçməsinə səbəb olub. 1 noyabr, 1755-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda baş verən 8,5 bal gücündə zəlzələdən sonra meydana gələn 30 metr hündürlüyündəki dalğalar Portuqaliyanın qərb sahillərində və İspaniyanın cənubunda, eləcə də Mərakeşdə bir çox şəhərə ciddi təsir göstərdi. Zəlzələ və sunamidən sonra Portuqaliya, Mərakeş və İspaniyada təxminən 6 min insan həlak olub.

27 avqust 1883-cü ildə İndoneziyada Krakatau Kaldera vulkanının püskürməsi nəticəsində yaranan sunami Anjer və Merak şəhərlərini dağıdıb. Ümumilikdə 40 minə yaxın insanın, sunami nəticəsində 38 mini və vulkan partlayışı nəticəsində 2 minə yaxın insanın həyatını itirdiyi açıqlandı. 20 sentyabr, 1498-ci ildə Yaponiyada baş verən 8,3 bal gücündə zəlzələnin yaratdığı sunami Kii, Mikava, Suruqu, İzu və Saqami sahillərinə təsir etdi və 31 min insan həlak oldu.

1707-ci ildə, oktyabrın 28-də Yaponiyanın Nankaydo şəhərində baş verən 8,4 bal gücündə zəlzələ Kyushyu, Şikoku və Honşin sahillərində 25 metrlik sunamiyə səbəb oldu, təxminən 30 min insanın həyatını itirdiyi tarixi qaynaqlarda qeyd olunub. 15 iyun, 1896-cı ildə Yaponiyanın Sanriku bölgəsində 7,6 bal gücündə olduğu təxmin edilən zəlzələ və onun ardınca baş verən sunami 22 min nəfərin ölümünə səbəb olub. 38 metr yüksələn dalğaların Çinin şərq sahillərinə də təsir etdiyi və orada da 4 min insanın ölümünə səbəb olduğu bildirilir.

13 avqust, 1868-ci ildə Çilinin şimalında baş verən 8,5 bal gücündə zəlzələdən sonra meydana gələn və dalğa uzunluğunun 21 metr olduğu təxmin edilən sunaminin 3 gün davam etdiyini və təxminən 25 min insanın ölümünə səbəb olduğu barədə tarixi qaynaqlarda məlumat var. Həmçinin, tarixi qaynaqlarda 1771-ci il, aprelin 24-də Yaponiyanın Ryukyu adalarında baş verən 7,4 bal gücündə zəlzələnin bölgədəki bir çox adaya təsir etdiyi, 85 metr hündürlüyündəki dalğaların isə ən böyük ziyanı İşigaki adasına verdiyi bildirilir. Bu fəlakətdə təxminən 12 min insanın öldüyü bildirilir.

Dəniz sahilində hiss olunan zəlzələdən sonra sunami ehtimalı həmişə var. Sunaminin ilk təsiri dəniz suyunun yavaş-yavaş, təqribən bir metr qalxması və çökməsi ilə özünü göstərir. Bu dalğa sonrakıların xəbərçisidir. Dağıdıcı dalğalardan əvvəl okeandan və ya dənizdən ildırım və ya təyyarə səsini xatırladan uğultu səsi eşidilə bilər. Bu vəziyyətdə dərhal sahildən uzaqlaşmaq lazımdır. Gəmidə səfərdə olanlar sahildən uzaq, açıq dənizə gedərək dalğaların təsirindən xilas ola bilirlər. Quruda olanlar da dənizdən uzaqlaşmalıdır. Sunami daha çox sahil həvəskarlarına zərər vurur. Çünki sunami təhlükəsini hiss edən insanlar sunamini seyr etmək, lentə almaq istədikləri üçün sahilə yaxın dayanırlar və bu da çox vaxt həyatları bahasına başa gəlir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər