“İlk növbədə, əsas strateji tərəfdaşımız, qonşumuz və dostumuz Azərbaycanla fəal ünsiyyət gündəliyin ən vacib bəndlərindən birinə çevrilməlidir”
“Gürcü arzusu” komandasının birgə qərarı ilə Avropa Şurası Parlament Assambleyasında işi dayandırırıq”. Bu bəyanatla bir neçə gün əvvəl Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Tea Tsulukiani çıxış etdi. Gürcüstanın 1TV kanalının sitat gətirdiyi kimi, onun sözlərinə görə, nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı qeyd-şərtlər seçicilərin əksəriyyətinə və ölkə ictimaiyyətinə xəyanət etmək deməkdir.
Qeyd edək ki, AŞPA Gürcüstan hakimiyyətinin şərtləri yerinə yetirmədiyi təqdirdə fəaliyyətinin dayandırılması şərti ilə Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasına səs verib.
Nümayəndə heyətinin diskvalifikasiyası məsələsi Gürcüstan müxalifəti və AŞPA-dakı ən böyük siyasi qrup olan Avropa Xalq Partiyası tərəfindən qaldırılıb.
Xülasə, tələbə görə, AŞPA-da səsvermə hüquqlarını qorumaq üçün Gürcüstan dərhal “son parlament seçkiləri zamanı qeyd olunan nöqsan və çatışmazlıqların təcili aradan qaldırılması və yaxın aylarda təyin edilməli olan əsl demokratik yeni seçkilər üçün əlverişli seçki mühitinin yaradılması” prosesinə başlamalıdır.
AŞPA-nın bu qərarı Avropa bürokratiyasının böhranından xəbər verir, Gürcüstanın baş naziri İrakli Kobaxidze hadisəyə belə münasibət bildirib. Onun sözlərinə görə, Assambleyanın Gürcüstanın üzvlüklə bağlı qeyd-şərtlə qəbul etdiyi qərar konstruktiv işi davam etdirməyi mümkünsüz edib.
“Gürcüstan AŞPA-ya qayıtmağı bir şərtlə nəzərdən keçirəcək ki, Gürcüstan dövlətinə qarşı təhqiramiz olan tələblərə yenidən baxılsın”,- o qeyd edib.
Maraqlıdır ki, AŞPA belə bir qətnamə qəbul etməklə hansı məqsədləri güdür? Üstəlik, belə bir hücuma cavab olaraq Tbilisinin bir il əvvəl Bakının göstərdiyi nümunəyə əməl edərək, sadəcə olaraq AŞPA-dakı fəaliyyətini dayandıracağını qabaqcadan görmək mümkün deyildimi?
Tanınmış gürcü müşahidəçiləri bu vəziyyətlə bağlı fikirlərini Caliber.Az-la bölüşüblər. Ekspertlərin şərhini oxucularımıza təqdim edirik.
Politoloq və SIKHA Foundation tədqiqat mərkəzinin təsisçisi Arçil Sixarulidze deyir ki, Avropa strukturlarının müəyyən hissəsi Gürcüstandan öz geosiyasi maraqları üçün istifadə oluna biləcəyinə inanır.
“Avropa strukturlarında bu təəssürat tamamilə onlardan asılı olan qeyri-hökumət təşkilatları və yerli müxalifət tərəfindən yaradılıb. Təəssüflər olsun ki, onlarla təmasda olan o “elit” QHT-lər Qərbin bu qrantlarından asılıdır və ona görə də onlar Qərbin eşitmək istədiklərini ona ötürürlər. Müxalifət reytinqini itirdiyindən, Qərbdən asılı olduğundan, bu qüvvələr təəssüf ki, orada ümumi əhval-ruhiyyəni əks etdirməyən siqnallar ötürürlər.
Gürcüstanda hətta müxalif düşüncəli insanlar arasında belə Avropada öz dövlətlərinə qarşı işləmək çox pis addım kimi qiymətləndirilir. Ona görə də mənə elə gəlir ki, AŞPA-nın qətnaməsi ölkədəki ümumi əhval-ruhiyyədən tamamilə kənarda qaldı- istər iqtidara qarşı olanlar arasında, istərsə də hakimiyyəti dəstəkləyənlər arasında. Ona görə də Tsulukianinin qərarı tamamilə qanuni idi”,- deyə tədqiqatçı yekunlaşdırır.
O, təəccüblənir: qərblilər bununla nəyə nail olacaqlar? “Yalnız bir şeyə- Gürcüstanda anti-Qərb əhval-ruhiyyəsinin artmasına. Mən dəfələrlə təkrar etmişəm ki, Gürcüstan özünü “səhv” apararsa, onu cəzalandırmaq siyasəti 2000-ci illərin əvvəllərində Rusiyanın apardığı siyasətə çox bənzəyir. Və məhz bu siyasətə görə Tbilisi fəal şəkildə Moskvadan uzaqlaşmağın yollarını axtarırdı. Və hər şeyin necə bitdiyini bilirik.
Deməli, əgər Qərb Gürcüstana öz iradəsini sırımaqda davam edərsə, gec-tez indi bu qətnaməni dəstəkləyənlər belə deyəcəklər ki, xüsusilə Avropaya tabe olmaq istəmirlər. Çünki Moskvadan uzaqlaşmaqda məqsəd bir tabeçilikdən digərinə keçmək deyil, alternativ strateji tərəfdaşlıq tapmaq idi”,- deyə Sixarulidze izah edib.
Siyasi elmlər üzrə professor, Gürcüstanın əməkdar jurnalisti Badri Naçkebia öz növbəsində bildirib ki, bu gün Avropanın siyasi strukturları ilə Gürcüstan arasında münasibətlərdə baş verənlər həqiqətən də ciddi narahatlıq doğurur.
“Bir tərəfdən, məlum olduğu kimi, Gürcüstan konstitusion olaraq Avro-Atlantik kursa sadiqliyini təsdiqləyir. Digər tərəfdən, Gürcüstan faktiki olaraq Avropaya inteqrasiya deyilən hər şeyin kənarında qalır.
Bunun səbəblərini çox yaxşı bilirik. İndi də onlara başqa biri də əlavə olunub, o da Gürcüstanı AŞPA-dan çıxarmaq üçün ona növbəti təzyiqlər etməyə başlayıb. Fakt budur ki, nümayəndə heyətinin rəhbəri Tsulukianinin hərəkətləri doğrudan da bir komandanın oyunu idi. Belə olan halda, hamı payız seçkilərində hansısa saxtakarlıqdan danışır, lakin Gürcüstan Ombudsmanı İoselianinin dediyi kimi, sadəcə olaraq, sənədləşdirilmiş saxtalaşdırmalar yoxdur.
Hesab edirəm ki, avropalılarla hansısa güzəştə getmək olardı ki, müxalifətin hesab etdiyi kimi, qanun pozuntularına yol verilən bəzi ayrı-ayrı rayonlarda təkrar seçkilər keçirilsin. Amma hakim partiya və ölkə rəhbərliyi tamamilə yeni parlament seçkilərinə qəti şəkildə razı olmayacaq”,- professor əmindir.
O deyir ki, müxalifətin və AŞPA-nın mesajı aydındır.
“GA-nın bu seçkilərdə qalib gəlməsini müxalifətin özü də təsdiq edir. Sadəcə, onu təşkil edən partiyalar arasında rəqəmlər fərqlidir. Demək olar ki, indi parlament nümayəndə heyətinin rəhbəri Tsulukiani faktiki olaraq irəliyə doğru addım atıb. Bu halda, bu, GA-nin Gürcüstanın maraqlarını və seçicilərinin maraqlarını qurban verməyəcəyi ilə bağlıdır.
Amma digər tərəfdən, biz Gürcüstanın konstitusiyasında yazılan Avro-Atlantik xəttdən daha da uzaqlaşdığını görürük.
Belə olan halda mən hesab edirəm ki, həll yolu məhz regional əməkdaşlıqda, ilk növbədə Cənubi Qafqazda əməkdaşlıqdadır. Burada mən məşhur ictimai xadim Zurab Xonelidzenin Cənubi Qafqazda yeni strukturların yaradılması üçün kollektiv tədbirləri və bu sahədə gələcək əməkdaşlığı nəzərdə tutan doktrinasını nəzərdə tuturam. Gürcüstan təcrid olunsa, bu, onun üçün çox pis olacaq. Ona görə də, ilk növbədə, əsas strateji tərəfdaşımız, qonşumuz və dostumuz Azərbaycanla fəal ünsiyyət gündəliyin ən vacib bəndlərindən birinə çevrilməlidir”, - deyə Naçkebia yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb