Mixail Qaluzin: “Biz Ermənistan və Azərbaycan arasında gələcək nəsillər üçün "gecpartlayan mina" qoymayacaq sülh müqaviləsi hazırlamasının tərəfdarıyıq”
Rusiya tərəfdarıdır ki, Azərbaycan və Ermənistan münasibətlərin uzunmüddətli dayanıqlı nizamlanması demək olan sülh müqaviləsi hazırlasınlar və gələcək nəsillər üçün “gecpartlayan mina” qoyulmasın. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskva Qərbin təklif etdiyi tələsik sənədlərin əleyhinədir.
"Biz Ermənistan və Azərbaycan tərəflərinin- və Ermənistan və Azərbaycan bizim müttəfiq münasibətlərimiz olan ölkələrdir - münasibətlərin uzunmüddətli nizamlanmasına yol açacaq və gələcək nəsillər üçün "mina" qoymayacaq sülh müqaviləsi hazırlamasının tərəfdarıyıq. Təbii ki, biz hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq, lakin Qərb Ermənistan və Azərbaycanı hansısa Qərb platformasında tezliklə yarımçıq sülh müqaviləsi bağlamağa sövq etmək istəyir.
Bu cür tələsik, düşünülməmiş və tam təsdiqlənməmiş qərarlar uzunmüddətli davamlı sülhə gətirib çıxarmaya bilər, əksinə, gələcək üçün müəyyən qarşıdurma toxumları əkə bilər ki, bunu da təbii ki, biz həm Ermənistan, Azərbaycan, Cənubi Qafqaz, həm də Rusiya üçün son dərəcə arzuolunmaz hesab edirik”,- Qaluzin qeyd edib.
Nazir müavini həmçinin Ermənistan tərəfini regional kommunikasiyaların blokdan açılması istiqamətində işi davam etdirməyə çağırıb.
"Təəssüf ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin başçılıq etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının qarşısının alınması və iqtisadi əlaqələrin bərpası üzrə işi indi yarımçıq qalıb və dondurulub. Təbii ki, biz tərəfləri və ilk növbədə erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Rusiya tərəfi hər zaman mümkün yardım göstərməyə hazırdır”- diplomat deyib.
Rusiya XİN rəhbərinin müavini bəyan edib ki, Qərbin Cənubi Qafqazdakı siyasəti regionda vəziyyəti sabitləşdirməyə deyil, Moskva üçün əlavə təhlükələr yaratmağa yönəlib. Onun fikrincə, Qərb dairələri bu regiondan Rusiyaya strateji məğlubiyyət vermək üçün istifadə etməyə çalışır, hətta bəzi hallarda ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa razı salmağa çalışır.
“Bir tərəfdən Ermənistan, digər tərəfdən Avropa İttifaqı və bütövlükdə Qərb arasında əlaqələrin möhkəmlənməsinə gəlincə, biz aşağıdakılardan çıxış edirik. Rəsmi İrəvan, Ermənistan dövləti, erməni cəmiyyəti və erməni xalqı öz xarici siyasətini necə qurmaq, ölkəsini beynəlxalq aləmdə necə mövqe tutmaq barədə suveren qərarlar qəbul edir. Bu, onların müstəsna hüququdur və biz, siz də yaxşı bildiyiniz kimi, heç vaxt başqa dövlətlərin daxili işlərinə qarışmırıq və heç vaxt başqa dövlətlərə heç bir resept və ya öz baxışımızı tətbiq etmirik, əksinə, dialoq yolu ilə bəzi qarşılıqlı məqbul üsullar və müəyyən məsələlərin həllinə güzəştli yanaşmalar inkişaf etdirməyə çalışırıq”,- M.Qaluzin qeyd edib.
Diplomat İrəvanın Aİ ilə yaxınlaşmasını Rusiya və Ermənistan münasibətləri kontekstində şərh edib.
“Biz həm açıq şəkildə, həm də erməni dostlarımızla dialoqda Avrasiya İqtisadi İttifaqına və Avropa İttifaqına eyni vaxtda üzvlüyün mümkün olmadığını açıq şəkildə bildirdik, çünki bunlar gömrük standartları, texniki, sanitar və fitosanitar standartlar, məhsulların markalanması və sertifikatlaşdırılması, hətta intellektual mülkiyyət məsələlərinə fərqli yanaşmaları olan iki ayrı tənzimləmə sistemidir. Bunlar tamamilə fərqli sistemlərdir və eyni zamanda onların ikisinin də içində olmaq sadəcə mümkün deyil.
Ermənistanla Avropa İttifaqı arasında yaxınlaşmanın, xüsusən də vizasız rejimin xeyrinə müxtəlif layihələrlə bağlı danışıqlara başlanması ilə bağlı qeyd etdiyiniz suala gəlincə, bəli, belə danışıqlar başlayıb. Avropa İttifaqının burada da öz ampluasında olduğunu görürük, çünki vizasız münasibətlərlə bağlı heç bir vəd vermədən, ciddi qərarlar qəbul etmədən artıq Ermənistandan siyasi loyallıq və anti-Rusiya sanksiyalarına əməl etməsini tələb edir. Bütün bunlar isə Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün ona Aİİ ilə ticarətin artması və Aİİ-dən Ermənistana investisiyaların artması şəklində nəzərəçarpacaq və əhəmiyyətli uzunmüddətli faydalar gətirməsi fonunda baş verir”,- deyə xarici işlər nazirinin müavini bildirib.
Onun sözlərinə görə, İrəvanın siyasi və iqtisadi vektorunun dəyişməsi ölkənin ÜDM-ə də ciddi təsir edəcək.
“Ermənistanla Aİİ-dəki tərəfdaşları arasında ticarət dövriyyəsinin həcmi təxminən 13 milyard dollar təşkil edir və keçən il 53% artıb, Avropa İttifaqı ilə ticarətin həcmi isə keçən il 2 milyard dollarıdan bir az artıq olub və 24% azalıb. Yəni, hətta Ermənistan statistikasının bu rəqəmlərindən belə aydın olur ki, Ermənistanın və onun xalqının hazırkı iqtisadi rifahının mənbələrinin harada olması, paradiqmanın kəskin dəyişməsi və Avropa İttifaqı platformasına keçid, fikrimizcə, istər-istəməz ÜDM-in azalması, Ermənistan biznesinə, iqtisadiyyatına və səviyyəsinə ciddi zərbələr vurmaqla əlaqələndiriləcək.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb