PDF Oxu

MİA

  • 1 095

Şuşanın inciləri: 4 dəfə yenilənən abidə

image

Yuxarı Gövhər Ağa Məscidi işğalda olarkən Şuşanın dağıdılan 17 məscidindən biridir. Məscid Şuşanın mərkəzi meydanındadır. Onun inşası 1850-ci ildə Pənahəli xanın tapşırığı ilə başlayıb, amma fasilələrlə tikilib. Xanın qızı Gövhər Ağanın yardımı ilə tikintisi 1883-cü ildə yekunlaşıb deyə məscidə onun adı verilib. İşğal dövründə məscidin daş divarlarınadək hər yeri dağıdılıb, əmlakı yağmalanıb, xarabalıqları altında heyvan saxlanılıb.

Yuxarı Gövhər ağa məscidi həm də Şuşa cümə məscidi adlanır. Şuşa şəhərinin Mərkəzi meydanında tikilib, məlumatlara görə şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Bu məscidin yerində əvvəlcə qamışdan inşa edilmiş məscid olub. 1750-ci illərdə Şuşanın əsası qoyulanda Pənahəli xanın göstərişi ilə şəhər meydanında ilk məscid tikilməli idi, o dövrdə şəhər yeni salındığından daş tikinti üçün vaxt və imkan yox idi, belə olduqda Yuxarı Gövhər Ağa Məscidi nin ilk variantı qamışdan quruldu.

Qamış qədimdən bəri ucuz, asan əldə olunan tikinti materialı olub. Xüsusilə Qarabağ təbiətində qamışın bol olması, hər addımda bitməsi tikintidə istifadəsini də əlçatan edirdi. Əvvəlcə taxta dirəklər torpağa bərkidilir, bəlli bir çərçivə yaradılırdı. Qamış dəstələri şaquli və ya üfüqi şəkildə çərçivəyə hörülürdü. Bəzən iki qat qamış hörülür, arasına gil və ya saman qarışdırılmış palçıq doldurulurdu ki, bina möhkəm olsun. Hörmə prosesindən sonra divarların üzəri palçıq-saman qarışığı ilə suvanırdı. Bu üsulla həm yağışdan qorunurdu, həm də istilik və soyuq izolyasiyası balansı qorunurdu. Dam ya qamışla örtülürdü, ya da taxta və torpaq qarışığından istifadə olunurdu. İlk Yuxarı Gövhər Ağa Məscidi beləcə yarandı.

Qamışdan tikilmiş bu ilk məscid yalnız müvəqqəti ibadətgah funksiyası daşıyırdı, daha geniş imkanları yox idi. 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yenisi, ikinci məscid tikilir. Çünki Şuşa şəhəri böyüdükcə və möhkəmləndikcə, habelə əahlisi artdıqca daha dözümlü, funksional tikiliyə ehtiyac yaranır. Bu artıq Şuşa şəhərinin mərkəzində yerləşən əsas məscid rolunu oynayırdı. Memarlıq baxımından o dövrün sadə üslubunda qurulmuş, daş divarları, taxta tavanı və geniş ibadət zalı vardı. Məscid camaat üçün daha rahat, uzunömürlü və möhkəm idi. İlk daş məscidin memarlıq detalları barədə tarixi mənbələrdə ətraflı təsvir təəssüf ki yoxdur. Məscid 1768-ci ildə başlansa da inşası yarımçıq qalıb. Sonrakı illərdə (XIX əsrin əvvəllərində və 1883–1885-ci illərdə) məscid bir neçə dəfə yenidən tikilərək bugünkü monumental görünüşünə gətirilib, tam olaraq 1885-ci ildə tamamlanıb istifadəyə verilib. Məscidin ilk daş versiyasının, ümumilikdə ikinci versiyası haqqında ümumi məlumatlar olsa da ölçü, memarlıq üslubu, estetik görünüşü barədə çox ətraflı mənbə yoxdur.

XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilir. Məscidin iki minarəli olması, minarələrin məhəlli təbii daş və ya kərpicdən tikilməsi barədə məlumatlar isə rus rəssam və səyyah Vasili Vereşaqin tərəfindən çəkilmiş eskizlərlərdən əldə edilib. Rəssam məscidin memarlıq-bədii xassələri, minarələrin forması və binanın ümumi görünüşü dəqiq təsvir edir. Bu eskizlərin sayəsində tikilinin konstruktiv quruluşunu, daxili planlaşdırmasını və bəzək elementlərini təxmin etmək olur.

1883-cü ildə yenə Gövhər ağanın maddi vəsaiti əsasında memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Verşaginin təsvir etdiyi məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilir. Həmin məscid bizim dövrümüzə yaxşı saxlanmış vəziyyətdə çatıb. Lakin Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra məscid qismən dağıdılıb, interyeri məhv edilib, minarələrinin dekoru zədələnib və örtükləri dağıdılıb.

İşğaldan azad edildikdən sonra ölkə başçısının göstərişi ilə məscid yenidən təmir edildi, divarlar möhkəmləndirildi, tarixi daş və kərpic divarlar yoxlanıldı, işğal dövründən baxımsızlıqdan yaranan çatlar dolduruldu, zəif sahələr möhkəmləndirildi. İki minarə tamamilə yenidən quruldu, daxili və xarici daş kərpicləri dəyişdirildi, silinmiş, məhv edilmiş dekorativ elementlər orijinal üslubda bərpa olundu. Məscidin dam örtüyü tarixi plan üzrə taxta çərçivəli idi, həmin dam örtüyü yeniləndi, su keçirməyən örtüklərlə qorundu. Həmçinin təməlin bərpası diqqətlə aparıldı, torpaq və rütubət problemləri aradan qaldırıldı.

Məscidin unikal görünüşü qorunub saxlanılmaqla dekorativ elementlər bərpa edildi. Eyvanlar, taxta və daş ornamentlər, pəncərə çərçivələri və qapılar əvvəlki görünüşə uyğun hazırlandı. Mədrəsə elementləri, taxta konstruksiyalar, interyer bəzəkləri olan taxta tavan, sütunlar tamamilə bərpa edildi. Tarixi mənbələrdə qeyd olunan naxış və rənglər orijinal üsluba uyğun olaraq təkrarlandı.

Məscidə təhlükəsiz və müasir elektrik sistemi quraşdırıldı, sistem məscidin tarixi görünüşünə xələl gətirilmədən gizli şəkildə yerləşdirildi, müasir yanğın xəbərdarlığı, təhlükəsizlik kameraları və nəzarət sistemi əlavə olundu. Həmçinin, yağış və qar sularının düzgün axışını təmin etməsi, binaya zərər verməməsi üçün döşəmə və dam sistemləri yenilənib. Məscid Şuşa işğaldan azad edildikdən sonra əsaslı təmiri başa çatdırılaraq 10 may 2023-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən rəsmi olaraq açıldı.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər