PDF Oxu

MİA

  • 82 259

XX əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatı və azərbaycançılıq ideyaları

image

Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti illərində Azərbaycanın müstəqilliyinin yenidən bərpası üçün zəmin yarandı. Ulu Öndər bu barədə deyirdi: "Azərbaycanda böyük intellektual potensial yaranmışdır. Bunlar hamısı 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən, dövlət müstəqilliyinin əsaslarını təşkil etmişdir".

Nəhayət, dördüncü mərhələ 1991-ci ilin sonunda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi və müstəqillik dövrüdür. Bu, bizim ən xoşbəxt dövrümüzdür. Çünki Azərbaycan dövlət müstəqilliyini elan edib, bu illərdə dövlət müstəqilliyini təsdiq edib, qoruyub saxlaya bilib, dövlət müstəqilliyini möhkəmlədib və bu gün, bir də bəyan edirəm ki, dövlət müstəqilliyini əbədi edibdir.

Ancaq bu dövr, müəyyən mənada, 1918- 1920-ci illərə bənzəyirsə də, bir çox səbəblərə görə ondan fərqlidir. Çünki bu dövrdə Azərbaycan xalqı çox böyük faciələrlə rastlaşıbdır. Ancaq bunlardan ən böyük faciə - 1988-ci ildə Azərbaycanın ərazisinin bir qisminin Ermənistan tərəfindən ələ keçirməsi məqsədi ilə respublikamıza qarşı edilmiş təcavüzdür.

Ermənistanın Azərbaycan torpaqlarına göz dikməsi və tarixin ayrı-ayrı mərhələlərində Azərbaycan torpaqlarını ələ keçirməsi faktları dünyaya məlumdur. Bunlar 70 illik sovetlər dövründə də olmuşdur. 1988-ci ildə Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün hərbi təcavüz başlanmışdır. Bu da böyük faciələrə gətirib çıxarmışdır.

Nəhayət, bu, 70 ildə xalqımıza qarşı edilən daha bir soyqırımı, təcavüz 1990-cı il 20 Yanvar faciəsidir və bizim ondan sonrakı itkilərimizdir, şəhidlərimizdir, qurbanlarımızdır. Bunlar hamısı açıq göstərir ki, bu mərhələ, yəni üçüncü mərhələ - 70 il Azərbaycan xalqına böyük zərbələr vurmuşdur.

Eyni zamanda, qeyd etmək lazımdır ki, bu 70 il müddətində bütün bu əzab-əziyyətlərə, zillətlərə, məhrumiyyətlərə baxmayaraq, xalqımız yaşamış, yaratmış irəliyə getmiş, inkişaf etmişdir. Bu 70 il müddətində itkilərimizlə yanaşı, Azərbaycan xalqının böyük nailiyyətləri də olmuşdur. Ən əhəmiyyətlisi odur ki, Azərbaycan xalqının savad, bilik, elm, mədəniyyət səviyyəsi bu illərdə çox yüksəlmişdir. Azərbaycan xalqı kütləvi olaraq savadlanmış respublikamızda yüksək ali təhsil ocaqları yaranmış və azərbaycanlıların böyük bir hissəsi ali təhsil almağa və həyatın müxtəlif sahələrində səmərəli iş görməyə nail ola bilmişdir. Azərbaycanın elmi, mədəniyyəti inkişaf etmiş, çox dəyərli elm, mədəniyyət, incəsənət əsərləri yaradılmışdır.

Milli-azadlıq hərəkatı dövründə azərbaycançılıq ideyalarından bəhs edən Sona xanım Vəliyeva yazır: "Dağlıq Qarabağda başlanmış erməni separatçıları hərəkatına etiraz kimi yaranan, formalaşan və nəhayət, 1990-cı ilin qanlı yanvar hadisələrindən sonra əsil milli-azadlıq hərəkatına çevrilən, respublikanı az qala tam nəzarətinə götürən xalq hərəkatının daimi pressinqi altında 1991-ci ilin sonlarında hakimiyyətdə olan Ayaz Mütəllibov rejimi Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını imzalamağa vadar oldu. Az sonra Sovet İttifaqı Kommunist Partiyası özünü buraxdı və bununla da 70 illik sovet hakimiyyəti tarixin arxivinə göndərildi".

Azərbaycan ictimaiyyəti 1991-1994-cü illərdə qəribə bir proses keçirirdi. Sanki ictimai fikrimiz yenidən XX əsrin əvvəllərinə qayıtmışdı. O dövrdə cəmiyyətin savadlı, düşünən təbəqəsini məşğul etmiş milli önəmli məsələlər yenidən aktuallaşmış, bütün Azərbaycan əhalisinin fikir və duyğularının cazibə mərkəzinə çevrilmişdi. Azərbaycançılıq və türkçülük tendensiyaları və bu zəmində dilimizin adı ilə bağlı mübahisələr yenidən qızışmışdı. Həmin mübahisələrin obyektləri də, metod və vasitələri də, tərəflərin arqumentləri də artıq tanış idi. Paralellər də bunu sübut edirdi. Misal üçün, əsrin əvvəllərində azərbaycançılıq mövqeyində dayanmış Mirzəbala Məmmədzadə yazırdı: "Azərbaycanın türkləşməsi prosesi Anadoludan tez başlamışdı. Ona görə də, Azərbaycan türkcəsi daha tez ədəbi və sonra da milli dil səviyyəsinə yüksəlmişdir. Azərbaycançılıq ideyasını ortaya atmaqla biz heç də türkçülüyü inkar etmirik, ancaq Azərbaycan Vətəni ideyasını birinci yerə keçirir, Azərbaycanın coğrafi sərhədləri daxilində millətin yekdilliyini və vəhdətini birinci dərəcəli vəzifə kimi irəli sürürük".

Əsrin sonlarında, Azərbaycan yazıçılarının X qurultayında yazıçı Anar analoji məsələnin üzərində xüsusi dayanmışdır: "Söhbət Azərbaycan, azəri türkcəsindən gedir və onu Türkiyə türkcəsi ilə eyniləşdirmək olmaz... Türkiyə türkləri bizim qan qardaşlarımız, kök, tarix, ənənə, mədəniyyət, ruh baxımından çox doğma soydaşımızdır... Türkiyə-Türkiyədir, Azərbaycan-Azərbaycan. Bu gün Türkiyə türkləri və Azərbaycan türkləri kökü bir, soyu bir iki müstəqil xalqdır, bir xalqı, bir milləti mənəvi və mədəni cəhətdən, dil baxımından o birinin içində əritmək cəhdləri ancaq haqlı etirazımıza səbəb olacaq. Necə ki, vaxtilə bu sayaq cəhdlərə etirazımız "Anamın kitabı"nda, "Məşədi İbad"da, "Sevil"də öz parlaq əksini tapıb." Anar öz fikirlərini belə yekunlaşdırır: "Türkləşmək türkiyələşmək deyildir, öz köklərinə qayıtmaq deməkdir."

Ulu Öndər Heydər Əliyev bu dövrün ziddiyyətlərindən, faciələrindən bəhs edərək deyirdi: "Bir tərəfdən biz xoşbəxtik ki, nəhayət, dövlət müstəqilliyimizi elan etmişik. Dünya birliyi bunu qəbul edibdir və biz müstəqil dövlətdə, azad ölkədə yaşayırıq, milli azadlığa çıxmışıq. İkinci tərəfdən, bir çox ciddi problemlər Azərbaycanın vəziyyətini ağırlaşdırıb və çətinləşdiribdir. Ən ağır, ən çətin problem Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun ölkəmiz üçün çox ağır olan nəticələridir."

Ulu Öndər bu faciələrin səbəblərini və tarixini dərindən açaraq deyirdi: "Mən artıq dedim ki, bu təcavüz, bu münaqişə 1988-cı ildə başlayıbdır. Bu gün mən bildirməliyəm ki, o vaxt bu münaqişənin qarşısı alına bilərdi və alınmalı idi. Əgər o vaxt münaqişənin qarşısı alınmadısa, bu, bir tərəfdən, o dövrdəki sovet hökuməti rəhbərliyinin Azərbaycana olan qəsdi idi, ikinci tərəfdən də Azərbaycan Respublikası rəhbərlərinin fəaliyyətsizliyi, qeyrətsizliyi və fərasətsizliyi idi. Çünki 1918-1919, 1920-ci illərdə də Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ problemi ilə rastlaşmışdı, Qarabağda döyüşlər gedirdi. O vaxt Azərbaycan Xalq Cümhuriyyətinin hərbi hissələrinin böyük bir hissəsi Qarabağa göndərilmişdi. Çünki o vaxt da erməni millətçiləri Qarabağda hakim olmaq və Qarabağı ələ keçirmək istəyirdilər.

Ondan sonrakı zamanda - 1920, 1921, 1922-ci illərdə də bu proseslər davam etmiş və nəhayət, Dağlıq Qarabağ Muxtar Vilayəti yaranmışdı. Ancaq sonrakı dövrdə - 30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdı. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam.

Ona görə də, mən bu gün deyirəm ki, o vaxt - 1988-ci ildə onun qarşısı alına bilərdi. Sadəcə, onu deyim ki, Sovet İttifaqının o vaxtkı rəhbərliyi və şəxsən Qorbaçov Azərbaycana mənfi münasibət göstərərək, həqiqətən, ermənilərə xidmət etmək məqsədilə buna yol verdi."

Ulu Öndər Azərbaycanın o vaxtkı rəhbərlərini milli mənafeyi müdafiə edə bilməməkdə günahlandırırdı: "Azərbaycanın o vaxtkı -1988, 1989, 1990-cı illərdə olan rəhbərləri də öz xalqının milli mənafeyini qoruya bilmədilər, xalqın onlara göstərdiyi etimada layiq ola bilmədilər. Amma bunu etmək mümkün idi."

Ulu Öndər həmin rəhbərlərə vəziyyətdən çıxış yolunu da göstərirdi: "Sonrakı dövrdə isə, münaqişə artıq müharibəyə çevriləndən sonra, şübhəsiz ki, vəziyyət çox çətinləşmişdi. Beləliklə, Azərbaycan öz dövlət müstəqilliyini əldə edərkən ağır bir problemlə rastlaşmışdı. O vaxtlar Ermənistan-Azərbaycan müharibəsi gedirdi. Demək, bir tərəfdən müstəqil dövlət qurmaq, ikinci tərəfdən də Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan mənafelərini qoruyub saxlamaq lazım idi.

Şübhəsiz ki, belə bir vəziyyətdə Azərbaycanın o zamankı hakimiyyətinin vəzifəsi bütün qüvvələri səfərbər etməkdən, əlbir olmaqdan, bütün siyasi qüvvələri bir nöqtədə birləşib Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdən və eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsini həll etməkdən ibarət olmalı idi. Ancaq təəssüflər olsun ki, bu, belə olmadı. Azərbaycanın daxilində gedən ictimai-siyasi proseslər Azərbaycan Respublikasını çox ağır, gərgin bir vəziyyətə gətirib çıxardı. Bunlar hamısı da Azərbaycanın itkilər verməsinə sobəb oldu, Azərbaycana zərbələr, zərərlər vuruldu."

Milli-azadlıq hərəkatı dövrünün özünü də müxtəlif mərhələlərə bölən Ulu Öndər hər mərhələnin spesifik xüsusiyyətlərini təhlil edir, yaranmış şəraitin milli müstəqilliyə, milli dövlətçiliyə, azərbaycançılığa ciddi təhlükə olduğunu qeyd edirdi: "Əgər təhlil etsəniz, bu dövrün də müəyyən mərhələləri var. Ancaq hesab edirəm ki, bu, dövrün ən böhranlı nöqtəsi 1993-cü ilin iyun ayı və ondan sonrakı aylar idi. Məlumdur ki, beş il bundan öncə, 1993-cü il mayın sonunda Azərbaycanda hakimiyyət böhranı baş verdi. Hakimiyyətdə olan qüvvələr artıq müstəqil Azərbaycanı idarə edə bilmirdilər. Əhalidə narazılıq günü-gündən artırdı. Bunlardan istifadə edən xarici və daxili qüvvələr Azərbaycanda hakimiyyəti ələ keçirmək cəhdləri göstərirdilər. Nəhayət, iyun ayında bunların hamısı baş verdi və Azərbaycanda vətəndaş müharibəsi başlandı.

Məlum Gəncə hadisələrini xatırlayaq. Azərbaycan ərazisinin bir qismi artıq mərkəzi hakimiyyətin əlindən çıxmışdı. Bununla bərabər, cənub bölgəsində hakimiyyəti ələ keçirən cinayətkar dəstələr cənubda yeddi rayonu Azərbaycanın hakimiyyətindən çıxarmışdılar. Azərbaycanın şimalında da vəziyyət çox gərginləşmişdi. Azərbaycan vətəndaş müharibəsi şəraitində idi.

Beləliklə, milli-azadlıq hərəkatının gedişində, Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində meyillər arasındakı münasibətlər kəskinləşdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə azərbaycançılıq ideyası milli-dövlətçilik ideologiyasına çevrildi.


VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər