Məlum olduğu kimi, Cənubi Azərbaycanda - Atropatena ərazisində dünyanın ən qədim dini etiqadı Zərdüştün adı ilə bağlı olan zərdüştilik meydana çıxmışdır.Alman filosofu Fridrix Nitsşe "Zərdüşt belə dedi" əsərində Zərdüştü dahi, müdrik şəxsiyyət kimi səciyyələndirir, onun fövqəlinsan, fəzilət dərsləri, ölüm, sevinc və şövq, hərb, hərbçilər, ismət, vicdan, dostluq, ədalət, xeyirxahlıq və s. haqqında müdrik fikirlərini təqdim edir:
O adamları sevirəm ki, canlarını boş xəyallara, mənasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edirlər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni olacaq.
O adamları sevirəm ki, dünyaya kor gəlib kor getməsinlər, həyatdan bir şey anlasınlar, öləndə də arxayın olsunlar ki, ruhunu az da olsa kamilləşdirə biliblər.
O adamları sevirəm ki, canına cəfa verir, özündən sonra bir iz qoymaq istəyir.
Mərd adamları sevirəm, çünki gözüylə od götürə-götürə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar.
O adamları sevirəm ki, közü öz qabağına çəkməsin, ruhunu saflaşdırmağın qeydinə qalsın.
Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb, insan kimi də ölənləri sevirəm.
O kəsləri sevirəm ki, sözü havaya sovurmur, əməli boş vəddən üstün tutur.
O adamları sevirəm ki, gələcək qarşısında məsuliyyət, keçmiş qarşısında ehtiram, indinin önündə fədakarlıq duysun.
Fədakar adamları sevirəm, indi qədir-qiymətləri bilinməsə də, sabaha tək onlar üzüağ çıxacaqlar.
O kəsləri sevirəm ki, allahının da səhvlərini görür, lap allahın qəzəbindən tarmar olacağını bilsə belə, ayaq geri qoymur.
Əzabkeşləri, cəfakeşləri sevirəm, axı insan qəlbinin böyüklüyü onun çəkdiyi əzablarla ölçülür, yalnız onlar qiyamət körpüsünü cəsarətlə adlayır.
Gözü-könlü tox, mənəmlik buxovundan azad adamları sevirəm.
A.Fazili qeyd edir ki, zərdüştilik dini yalnız Azərbaycan ərazisində yaşayan tayfalar tərəfindən qəbul edilmədi; o, eyni zamanda, İran, Orta Asiya və digər ölkələrdə yaşayanların da dininə çevrildi. Zərdüştün həyat və fəaliyyəti haqqında hələ də tədqiqatçılar arasında mübahisə gedir. Uzun illər ərzində bu barədə külli miqdarda tədqiqat aparılmasına baxmayaraq, hələ də Zərdüştün nə vaxt və harada yaşayıb-yaratması haqqında dəqiq məlumata təsadüf edilmir.
Zərdüştiliyin təbliğ edilməsi və onun adının çəkilməsi ilə əlaqədar bir sıra mənbələrdə olan məlumatlara görə, habelə, bəzi tarixi və əfsanəvi şəxslərin onunla əlaqədar adlarının çəkilməsi ilə Zərdüştün nə zaman və harada yaşadığını təyin etmək düzgün deyildir.
"Avesta" və pəhləvi mənbələrində Zərdüştün adı, eləcə də, onun öz dini etiqadını təbliğ edib yayması haqqında məlumata təsadüf edilir. Lakin unutmaq olmaz ki, "Avesta", eləcə də, pəhləvi dilində yazılmış mənbələr Sasanilər dövrünün məhsuludur. Bu baxımdan da, hələlik, biz əlimizdə olan faktlarla Zərdüştün nə zaman və harada yaşayıb-yaratmasını dəqiq təyin edə bilmərik.
Zərdüşt dini məzdəizm, eləcə də, başqa dinlərin tarixində baş vermiş daxili təhəvvülata məruz qalmışdı. Bu baxımdan da, ilkin mağlar tərəfindən qəbul edilmiş Zərdüşt dinini və onun dünyagörüşünü Sasanilər dövründə yayılmış məzdəizm ilə eyniləşdirmək olmaz. Girşmanın göstərdiyi kimi, məzdəizmin ilkin dövründə əsas fövqəlbəşər qüvvə Hörmüzd, Mehr (Mitra) və Nahid idisə, sonralar onları əvəz edən Hörmüzd və onun barışmaz düşməni olan Əhrimən görüşü həqiqi dualizmdir. Ona görə ki, onlar iki - biri digərinə zidd olan qüvvəyə (xeyir-şər) və yaxud substansiyaya inanır və bu mübarizədə Hörmüzdün (xeyirin) qalib gəlməsinə əmindirlər. Məzdəizmə görə, Hörmüzd ilə Əhrimən nur ilə zülmət, xeyir ilə şər və sülh ilə müharibə arasında gedən mübarizə kimi iki ictimai və təbii kökə malikdir.
Zərdüşt dininin əsas müddəası ondan ibarət idi ki, dünyada bir-biri ilə daimi vuruşan iki qüvvə vardır. Bunlardan biri xeyir - Hörmüzd (Ahura-Məzda), digəri isə şər - Əhriməndir (Anqara-Maynyu). Zərdüştün dini təlimində baş ilahi qüvvə Hörmüzddür ki, onu od təmsil edir. Zərdüşt dininə inananlar atəşgədələr tikir, orada od yandırır və bu odu qoruyub saxlayırdılar. Onlara görə od müqəddəs bir qüvvədir, o, daima yanmalı və təbiətdə mövcud olan napak ünsürlərdən qorunmalıdır. Zərdüşt dininə inananlara görə, həyatın əsasını təşkil edən su, od, torpaq və havadır (külək). Onlar bu dörd ünsürü müqəddəs hesab edib, onların daima təmiz qalmasına səy göstərirdilər. Zərdüşt dininə inananlar odu göstərdiyimiz dörd ünsür içərisində ən müqəddəs baş ilahi və ülvi qüvvə hesab edirdilər. Onlar oda sitayiş edir, qarşısında səcdə qılıb, dua oxuyur və onun şərəfinə qurbanlar verirdilər. Mağlar xalqın başına gələn bütün müsibət və fəlakətləri qəddar ruhun, Əhrimənin üzərinə yıxırdılar. Onlar mövcud ictimai quruluşun ilahi fövqəlbəşər bir mənşəyə malik olduğunu təbliğ edirdilər.
Antik müəlliflər Zərdüştü mağ təriqəti və yaxud məzdəizmin banisi hesab edirlər. III əsrin filosofu Porfiosa görə "mağ" allaha sitayiş edib, onun elmi sirlərinə yiyələnən şəxsə deyilir.
Zərdüşt haqqında ilkin məlumat verən yunan tarixçisi Xsanti (e. ə. 465-425) olmuşdur. Kiçik Asiyanın Sard şəhərində yaşayan bu tarixçi Herodotdan da əvvəl Urmu gölünə qədər olan əraziyə bələd olmuşdur. İlk əvvəl Herodot, sonralar isə dəməşqli Nikolay onun yazılarından istifadə edib məzdəizm haqqında məlumat vermişlər.
17 il İran sarayında yaşayıb əsərini dövlət arxivi əsasında yazan Ktesidən (e. ə. 464-358) istifadə edən Diodor Zərdüştün Bəlx şahı olduğunu bildirmişdir.
Ammian Marsellinin yazdığına görə, Zərdüştün dövründən etibarən xüsusi ailədən olan mağlar nəsildən-nəslə din başçılığına təyin edilmişlər. Ona görə ilk əvvəl onların sayı az olsa da, sonralar onların sayı get-gedə artmışdır. Mağlar adət-ənənələrinə görə, digər təbəqələrdən fərqlənirdi. Xüsusən, onlar böyük hörmət və nüfuza malik olmuşlar.
Plasta istinad edən Ammian Marselli davam edərək, yazır ki, mağların təriqəti və dünyagörüşləri yüksək olmaqla bərabər, həm də onların allaha pərəstiş etmələri sırf və ciddidir. Bu dünyagörüşünün banisi Bəlxdən olan Zərdüştdür. Belə ki, onun ideologiyasını Daranın atası Gəştasib qəbul edib, onun dininə inanmışdır. Beləliklə, Ammian Zərdüştün Bəlx şahı Gəştasibin dövründə yaşadığını və mağ təriqətinin müəssisi olduğunu göstərir. Gəştasib Daranın atasıdır. Dara Bisütun qayasında atasına işarə edib yazmışdır: "Part və Varkan mənim əleyhimə çıxaraq, Frasyakın tərəfinə keçdilər. Atam Part ölkəsində idi, orada yaşayanlar ona qarşı çıxdıqda, o, ordusu ilə geri çəkildi. Partlarla olan vuruşmada atam Hörmüzdün köməyi ilə onlara qalib gəldi.
Ağayar Şükürov və Gülnaz Abdullazadə "Azərbaycan fəlsəfəsi" əsərində yazırlar: "Eramızdan əvvəl II-I minilliklərin qovşağında yaşayan, müəyyən dərəcədə qədim dünyada yeganə mükəmməl din, dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri toplusunu yaradıb təbliğ edən Zərdüştün həyatı, dövrü və fəaliyyəti tam şəkildə hələ də öyrənilməmişdir. Qədim dünya dinlərindən olan zərdüştilik ingilis tədqiqatçısı Meri Boysun sözləri ilə deyilsə, bilavasitə, bəşəriyyətə bütün digər etiqad növlərindən daha artıq dərəcədə təsir göstərmişdir. Zərdüştilik üç böyük imperiyanın dövlət dini olmuşdur. O dövlət dini rolunu VII əsrdən başlayaraq, yəni ərəb xilafəti vasitəsilə tətbiq edilən islamın yayılması ilə əlaqədar olaraq itirmişdir. Həmin vaxtdan zərdüştilik öz varlığını ya gizli, ya da çox çətinliklə açıq şəkildə qoruyub saxlaya bilmişdir. İndinin özündə də İranda və Hindistanda zərdüştiliyin xeyli tərəfdarı vardır.
"Avesta" bir neçə əsr müddətində (zərdüştilik hələ qəbilə-tayfa quruluşu dövründə meydana gəlmiş, quldarlıq və ilkin feodalizm dövründə hakim dinə çevrilmişdir) yaranmışdır.
Zərdüştün böyüklüyü ondan ibarətdir ki, özünə qədər mövcud olan allahların hamısını rədd edərək, yeganə allah Hörmüzü kainatın və bütün canlı varlıqların, ruhların, insanların və heyvanların yaradıcısı kimi irəli sürmüşdür. Hörmüz isə özlüyündə xeyir və şər, həqiqət və yalan arasındakı yolu sərbəst seçmək imkanı yaradır.
Qeyd etmək lazımdır ki, tunc dövrünün dinləri həm xeyirxah, həm də bədxah allahları tanıyırdı. Şər allahları qurban verməklə, müvəqqəti olsa da, rəhmə gətirmək mümkün idi. Şübhəsiz, xeyirxah allahlara da qurban gətirilirdi. Məqsəd isə onlardan daha çox xeyir əldə etmək idi. Maraqlı cəhətlərdən biri də o idi ki, qədim sinifli cəmiyyətlərdə insanlar taleyə tamamilə inanırdılar, onu dəyişmək onların ağlına belə gəlmirdi. Onlardan fərqli olaraq Zərdüşt sosial şərlə mübarizənin mümkünlüyünü elan etdi. Ona görə bir ruh və adam öz yolunu özü müəyyən etməli idi. Zərdüştə görə bu yolu ilk dəfə Hörmüz (Ahura-Məzdadan) aşağıda dayanan iki əkiz ruhlar Spenta-Maynyu və Anqra-Maynyu özləri üçün müəyyən etdilər. Spenta-Maynyu işıqlı-ruhla, şər Anqra-Maynyu arasında əbədi mübarizə həmin vaxtdan başlanır".
"Avesta"da Zərdüştün atasının adı, arvadlarının, oğlanlarının, qızlarının, dostlarının adlarını tapa bilərik. Tarix kitablarının çoxunda olduğu kimi, Z.A.Raqozina "Midiya tarixi" əsərində də Zərdüştün vətəninin Azərbaycan olduğunu qətiyyətlə bildirmişdir.
Orta əsr filosof, tarixçi və yazıçılardan əlavə, İranın yazılı və şifahi ənənələri də Zərdüşt peyğəmbərin tarixi şəxsiyyət olduğuna möhkəm inam yaratmağa cəhd etmişdir. Həqiqətən də, "Avesta"nın ən qədim hissələrindən biri olan "Qatlar"da Zərdüşt bizim qarşımızda öz ailəsi, uşaqları, ehtirasları, qələbə və məğlubiyyətləri ilə narahat bir həyat tərzi keçirən tarixi şəxsiyyət kimi durur. "Qatlar"da təsvir olunan Zərdüştdə heç bir ilahilik, qeyri-adilik yoxdur. O da digər insanlar kimi yaşayır, sevir, sevinir, kədərlənir və s. başqa insanlar kimi doğuluşla ölüm arasındakı ömrünü sürən həmin adam nə qədər dahi, böyük adam olursa-olsun ki, adi adamlardan biridir. Doğrudur, o, təkcə dini islahatçı kimi çıxış etmir, bütövlükdə, xalqın bütün həyat tərzinin islahatçısı rolunda çıxış edir. Belə bir adamı mifik şəxsiyyət hesab etmək olmaz. Zərdüşt real düşmənləri ilə təkcə sözlə deyil, həm də əlində silah real mübarizə aparan şəxsiyyətdir. "Qatlar"da qeyd olunduğu kimi, Zərdüştün üç arvadı və böyük ailəsi - üç qızı və üç oğlu olmuşdur.
Müasir alimlərin əksəriyyətinin fikrincə, zərdüştiliyin vətəni İranın Şərq vilayətləri, yaxud da Orta Asiyadır. Lakin söhbət konkret vilayətdən getdikdə müxtəlif baxışlarla rastlaşmaq olur. X.Nyuberq təsəvvür edirdi ki, "Qatlar" Soqdianada, yaxud da ona qonşu vilayətlərdə, Q.Videnqrene görə isə Aral dənizi sahillərində, J.Dyumen-Qiyemana görə, Margina ya Soqdiana və Xarəzmdə, İ.D.Dyakonova görə Baktriyada, İ.Əliyevə görə isə "Qatlar" Orta Asiya ilə Şərqi Midiyanın sərhəd xəttində yarana bilərdi.
B.Qafurova görə, zərdüştilik İranın şimal-şərqində, Orta Asiyanın və Əfqanıstanın İranla qonşu vilayətlərində meydana gəlmişdir. Bu fikirlə E.Doroşenko da şərikdir. V.V.Struvenin bu fikrini çoxları təsdiq edir ki, zərdüştiliyin vətəni Orta Asiyadır. Şübhəsiz, o, yunan müəlliflərinə, xüsusilə, Ktesiya əsaslanaraq, Raqa şəhərini zərdüştiliyin banisi olan Spitama-Zərdüştün doğulduğu yer hesab edir.
"Avesta"nın əsas hissələrindən olan "Qatlar"ın müəllifi, peyğəmbər Zərdüşt mənşəcə midiyalı olmuşdur. Midiya ərazisi, xüsusilə, müasir Azərbaycan ərazisi onun əsas fəaliyyət meydanı olmuşdur. Zərdüştün doğulduğu yer haqqında müxtəlif mülahizələri misal gətirən Biruni yazmışdır: "həqiqət budur ki, o, Azərbaycandır".
Zərdüştün Azərbaycandan olmasını Balazori də göstərmişdir. Bunlardan əlavə, belə bir ehtimal vardır ki, "Avesta"nın bizə gəlib çatan mətnləri midiyalı-azərbaycanlı ruhani-mağlar tərəfindən tərtib olunmuşdur. Həmin mağlar isə Raqa və Atropatendən olmuşlar. Deməli, "Avesta"nın kitablarını müəyyən mənada qədim Azərbaycan ədəbiyyatının əsərləri hesab etmək olar. Elə buna görə də, "Avesta" müəyyən dərəcədə qədim dövrdə Azərbaycan xalqının mənəvi mədəniyyətinin mənzərəsini yaratmağa imkan verir.
İqrar Əliyev "Avesta"ya əsaslanaraq, Zərdüştün vətəni haqqında öz mülahizələrini söyləyir. Bəzi deyimlərə görə, anası Azərbaycandan atası Raqadan olan Zərdüşt həmin şəhəri idarə edirmiş. İ.Əliyevin fikrincə, sonralar öz müqəddəsliyi ilə şöhrətlənən Raqanı "mağların vətəni" hesab etmək lazımdır. Öz mənşəyinə görə Zərdüşt midiyalıdır.
Zərdüştiliyin müasir tədqiqatçıları peyğəmbərin vətəni haqqında bir-birinə zidd fikirlər söyləyirlər. V.V.Struve, E.E.Bertels, M.M.Dyakonov, İ.M. Dyakonov, V.İ.Abayev, B.Q.Qafurov, E.A.Qrantovski, X.Nyuberq, V.Videnqren, R.Fray və başqaları belə hesab edirlər ki, zərdüştiliyin vətəni İranın şimali-şərqi, yaxud da onlara qonşu Orta Asiya və Əfqanıstan ərazisidir. "Avesta"da xatırlanan ölkələr Xarəzm, Soqdiana, Markiana, Baktriya, Areya - müasir Heratın vilayəti və s.-dir. Orta əsrlərdə isə belə hesab edirdilər ki, Zərdüştün vətəni Qərbi İrandadır. B.Qafurovun fikrincə, Sasani variantına və sonrakı dövrün ənənələrinə görə, Zərdüştün Vətəni Atropaten (Azərbaycan), yaxud da Midiyanın Raq - orta əsrlərdən Rey adlanan (Tehranın yaxınlığında) şəhər olmuşdur. Lakin son illərin axtarışları bu fikri rədd edir. Düzdür, (Kiçik "Avesta" da Zərdüştün vətəni yuxarıdakı kimi göstərilir. B.Qafurov heç bir güclü, inandırıcı dəlil gətirmədən Zərdüştün vətənini Orta Asiya ilə əlaqələndirir.
Ağayar Şükürov və Gülnaz Abdullazadə yazırlar: "Qeyd etdiyimiz kimi, son dövr Zərdüşt ənənəsinə görə, Zərdüşt Azərbaycandandır. Peyğəmbərin vətəninin Azərbaycan olduğunu bir çox orta əsr müsəlman müəllifləri də qəti şəkildə qeyd edirlər. Sonrakı müəlliflər tərəfindən Zərdüştün vətənini Azərbaycanda lokallaşdırmaq cəhdi Sasanilər İranının baş zərdüşti ziyarətgahının məhz burada yerləşməsi, "Avesta"nın burada tam formalaşması və nəhayət, bu vilayətin o dövrdə Zərdüşt kahinliyinin dayağı olması ilə izah edilir. Müasir tədqiqatçıların böyük əksəriyyəti belə fikirdədir ki, Zərdüşt öz təlimi ilə Şərqi İranda, yaxud Orta Asiyada çıxış etmişdir. Ənənə təsdiq edir ki, vətənində peyğəmbər kimi qəbul edilməyən zərdüşt diyarbadiyar gəzdikdən sonra Baktriya, yaxud Drangianın (Sakastan-Seistan) hakimi kavi Vişqasbın sarayına gəlmişdir. Peyğəmbərin həyatının 2-ci yarısı zərdüştilik dinini qəbul etmiş və onun yayılmasına kömək etmiş, Vişqasbın ölkəsində keçmişdir. Zərdüşt təlimini burada təbliğ etmiş, burada da qoca yaşında vəfat etmişdir.
Zərdüştiliyin vətəni, həqiqətən, Azərbaycan olmuşdur. Məlum olduğu kimi, hətta zərdüştiliyi rəsmi dövlət dini elan edən sasanilərin hakimiyyəti zamanı belə, əsas atəşgahın Atropatenin paytaxtında idi".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru