Seçki sistemləri barədə Endryu Reynolds və Ben Reylinin qələmə aldıqları "Beynəlxalq seçki sistemləri haqqında məlumat kitabı"nda daha geniş informasiya əldə etmək olar. Kitab "Demokratiya və seçkilərdə iştirak probleminin öyrənilməsi üzrə Stokholm beynəlxalq institutu"nda nəşr edilib (Andrew Reynolds & Ben Reilly. The İnternational İDEA: Handbook of Electoral System Design. Stockholm: İnternational İnstitute for Democracy and Electoral Assistance, 1997).
Robert Dahl yazır: "Bu kitabda "seçki sistemləri dünyası" üç əsas kateqoriyaya bölünür: plüralist-majoritar sistemlər, proporsional nümayandəlik (PN) sistemləri, yarıproporsional sistemlər "Hamısı qalibə çatır". (HQÇ) sistemi plüralist-majoritar sistemin dörd növündən biridir. Onunla yanaşı, həm də preferensial səsvermə kimi tanınan alternativ səsvermə (AS) və Fransada tətbiq edilən iki turluq sistem mövcuddur.
Alternativ səsvermə sistemindən yalnız Avstraliyada (və bir də azacıq dəyişilmiş şəkildə Sakit okean bölgəsində Nauru ada-dövlətində) istifadə olunmasına baxmayaraq, bəzi politoloqlar onu fəal müdafiə edirlər. Namizədlər birmandatlı dairələr üzrə seçilir (HQÇ-də olduğu kimi), lakin ondan fərqli olaraq seçicilər öz rəğbətlərinə uyğun şəkildə namizədləri bir növ sıraya düzürlər (namizədlər ierarxiyası): siyahıda birinci yeri tutana 1 bal, ikinci yeri tutana 2 bal verilir və s. Namizədlərdən heç biri səs əksəriyyətinə nail ola bilmədikdə, ən az səs toplamış namizəd sıradan çıxır və o vaxta qədər beləcə davam edir ki, namizədlərdən hansısa biri səslərin 50 faizini toplamış olsun və onda təkrar hesablama zamanı namizədə verilmiş "ikinci yerlərin" cəmi nəzərə alınır.
Fransada tətbiq edilən "iki turluq" sistem analoji nəticənin əldə olunmasına yönəlib. O da, AS sistemi də HQÇ sisteminin potensial qüsurunu aradan qaldırmağa imkan yaradır; həmin qüsur ondan ibarətdir ki, bir mandata iki namizəd iddia etdikdə, qələbə gözlənilmədən elə bir namizədə çatır ki, seçicilərə seçim etmək hüququ verilsə idi, onu hökmən rədd edərdilər. AS sistemi seçicilərə bu cür imkan yaradır.
PN sistemi üç qrupa bölünür. Bunların arasında ən geniş yayılanı - siyahılı sistemdir ki, onun tətbiqi halında seçicilər namizədləri siyasi partiyaların verdikləri siyahıdan seçirlər; seçilənlərin sayı bu və ya digər namizədin təmsil etdiyi partiyaya verilmiş səslərin sayına tam uyğun olur (faiz nisbətində)."
Müəllif göstərir ki, Almaniyada, İtaliyada və bu yaxınlarda Yeni Zelandiyada qəbul edilmiş sistem namizədlərin bir hissəsinin milli siyahı üzrə, yəni proporsional nümayəndəlik əsasında, bir hissəsinin isə birmandatlı dairələr üzrə seçilməsini nəzərdə tutur. "Siyahı"lı sistemin tərəfdarları sübut etməyə çalışırlar ki, bu sistem PN-ə xas olan proporsional nümayəndəliyi təmin edir və eyni zamanda, parlament əksəriyyətinin formalaşdırılmasının öhdəsindən PN-dən yaxş və HQÇ-qədər "bacarıqla" gəlir.
PN sisteminin politoloqlar tərəfindən bəyənilən, lakin nadir hallarda tətbiq edilən (İrlandiya istisna olmaqla, orada bu sistem 1921-ci ildən işlədilir) növlərindən biri - "bir keçici səs" (BKS) sistemidir. AS-də olduğu kimi, burada da seçicilər hər bir namizadin reytinqini müəyyən edirlər, fərq isə bundadır ki, bu sistem çoxmandatlı dairələrdə tətbiq edilir. Səslərin özünəməxsus hesablanma metodunu (bu metod çox mürakkəb olduğu üçün burada təsvir edə bilməyəcəyik) tətbiq edən BKS ən yüksək reytinqə malik olan namizədlərin çoxmandatlı dairələrdə yer almasına, habelə bu yerlərin proporsional bölgüsünə təminat verir. İrlandlar öz sistemlərindən razı qalsalar da, görünür, o, mürəkkəbliyi səbəbindən başqa yerlərdə münasib sayılmamışdır.
R.Dahl yazır: "Sözügedən məlumat kitabçasında doqquz sistem və onların hər birindən doğan nəticələr təsvir edilmiş, habelə "seçki sistemlərini işləyib-hazırlayanlar üçün" müdrik məsləhətlər verilmişdir. Bu tövsiyyələrin bəzilərini qısa izahlarla birgə nəzərinizə çatdırırıq:
• Sistemi sadələşdirin.
• Yeniliklərdən qorxmayın.
• Vətəndaşların ictimai həyatda daha fəal iştirakı yönünə üstünlük verin.
• İctimai həyatın bütün əsas subyektlərinin legitimliyinə və qarşılıqlı anlaşmasına nail olun.
• Seçicilərin nüfuzunu maksimum gücləndirməyə çalışın.
• Lakin bu zaman dəqiq formullaşdırılmış proqramları olan siyasi partiyaların ziyanına olaraq tarazlığın pozulmasına imkan verməyin.
Bu cür çoxsaylı seçki sisteminin mövcudluğu faktının özü aşağıdakı nəticələrə gəlməyə imkan verir:
birincisi, əgər demokratik ölkədə mövcud olan seçki sistemi onun vətəndaşlarının tələbatlarına cavab vermirsə, onlar həmin sistemi başqası ilə əvəz edə bilərlər;
ikincisi, seçki sistemi mövcud ölkənin tarixi, ənənəvi, mədəni və sair xüsusiyyətlərinə uyğun olaraq qurulur;
üçüncüsü, ölkə yeni seçki sistemini qəbul etmək (və ya köhnəsinə toxunmamaq) məsələsini həll etməzdən öncə bütün alternativ variantlar təcrübəli mütəxəssislərin köməyilə diqqətlə təhlil edilməlidir."
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov yazır: "Proporsional seçki sistemi hazırda müxtəlif variantlarda bir sıra ölkələrdə tətbiq olunur. Məsələn, Türkiyə, Rusiya, İsrail, Niderland və başqa ölkələrin parlamentləri proporsional seçki sistemi əsasında formalaşır.
Ölkənin çoxmandatlı seçki dairələrinə bölünməsi əsasında proporsional əsaslarla seçkilərin keçirildiyi ölkələrə misal olaraq Braziliyi Birləşmin Ştatlarını göstərmək olar. Braziliya seçki qanununa əsasən, ölkə, əhalisinin sayına görə 150 min və 250 min nəfərlik dairələrə bölünür. İndoneziyada isə bütün ərazi 300 min nəfərlik dairələrə bölünür. Dairədən namizədələr ümumi partiyalar siyahısında və fərdi qaydada irəli sürülə bilər.
Proporsional seçki sisteminin ən mühüm institutlarından biri də seçki maneəsidir (barueridir). Seçki maneəsinin mahiyyəti ondadır ki, qanunla müəyyən edilmiş minimum miqdardan az səs toplayan siyasi partiyalar (siyasi partiayaların blokları) deputat mandatlarının bölüşdürülməsində iştirak etmir, yəni seçkilərdə iştirak edərək müəyyən qədər də səs toplanmasına baxmayaraq, seçki maneəsini keçə bilməyən siyasi partiyalar mandat əldə etmir. Seçki maneəsi seçkilərdə (səsvermədə) iştirak etmiş seçicilərin ümumi sayının müəyyən faizi ilə ifadə olunur. Bu maneə AFR-də 5 faiz, Bolqarıstanda və İtaliyada 4 faiz, İspaniyada 3 faizdir.
Qeyd etmək lazımdır ki, nə majoritar, nə də propolsional seçki sistemlərində seçici, bir qayda olaraq, namizədlərin siyahısına heç bir əlavə və dəyişiklik edə bilməz. Belə əlavə və dəyişikliklərin edilməsinə imkan verilməyən siyahılar asılı siyahılar adlanır. Lakin seçki sisiteminin bəzi növlərində seçicinin siyahılara əlavə və dəyişikliklər etməsinə imkan verilir. Bu tip siyahı institutu proporsional sistemin bir növü hesab olunan preferensial sistemlə və panaşir səsvermə ilə əlaqədar olaraq tətbiq edilir."
Müəllif qeyd edir ki, həm majoritar və həm də proporsional seçki sistemlərinin özünəməxsus üstün və çatışmayan cəhətləri vardır.
Majoritar seçki sistemini tətbiq edən dövlətlər onun aşağıdakı üstün cəhətlərinə əsaslanırlar. Birincisi, majoritar seçki sistemi ölkədə qüvvələr nisbətində balans yaradılmasına parlamentdə daha güclü partiyaların və ya birliklərin üstünlük qazanmasına şərait yaradır. Cəmiyyətin həyatında real gücə malik olmayan, seçicilərin əksər hissəsinin dəstəyindən məhrum olan partiyalar majoritar seçki sisteminin təsiri altında tədricən parlamentdən kənarda qalır və son nəticədə, iki-üç partiyanın fəaliyyət göstərdiyi sabit siyasi sistem formalaşır. Belə ki, ikipartıyalı və ya üçpartiyalı siyasi sistemlər zamanı parlamentdə təmsil olunmuş partiyalar arasmda təxmini qüvvələr tarazlığını təmin etmək nisbətən asan olduğundan tez-tez hökumət böhranının baş verməsi ehtimalı azalır, daha sabit hökumətin formalaşması və fəaliyyət göstərməsi imkanı müvafiq olaraq artır. Majoritar seçki sisteminin uzun müddət tətbiq olunduğu Böyük Britaniya və ABŞ-da formalaşmış ikipartiyalı siyasi sistem bunun ən bariz nümünəsidir.
E.Nəsirova yazır: "Majoritar seçki sisteminin üstünlüyü, həmçinin ondadır ki, bu sistemin tətbiqi zamam seçicilər konkret namizədlərlə və mandat qazanmış şəxslərlə, bilavasitə münasibətdə olur, hər bir namizədin şəxsi, siyasi və işgüzar keyfiyyətləri ilə daha yaxından tanış olur, onlar arasında öz iradələrinə uyğun sərbəst seçim etmək imkanına malik olurlar. Yəni majoritar seçki sistemi zamanı həm seçicilər səs verəcəkləri namizədi, həm də namizədlər səsvermə keçiriləcək dairəni, həmin dairə üzrə qeydə alınmış seçiciləri daha yaxından tanıya, mövcud problemləri, həmin problemlərin həlli yollarını dərindən öyrənə bilirlər. Majoritar seçki sisteminin tətbiqi zamanı seçki prosesində şəxsi tanışlıq və şəxsi simpatiya ünsürləri mühüm rol oynayır ki, bu da, bütünlükdə daha ləyaqətli namizədlərə, nümayəndəli orqanlara mandat verilməsi prosedurunu daha etibarlı zəmində həyata keçirməyə əsas yaradır."
N.Məmmədov yazır: "Beləliklə, majoritar seçki sistemi cəmiyyət tərəfindən tanınmış, seçicilərin inandığı və etibar etdiyi, öz intellektual imkanlarına görə xalqa xeyir verə biləcək ayrı-ayrı şəxslərin nümayəndəli orqanın tərkibinə və ya seçkili vəzifələrə müstəqil seçilə bilməsi üçün gözəl imkan yaradır. Sağlam düşüncəli, orta intellektual səviyyəli cəmiyyətlərdə bu sistemin tətbiqi baxımından problem yoxdur. Yəni xalq demokratik şəraitdə yalnız özü inandığı və etibar etdiyi bir namizədə səs verib, onu bu və ya digər publika hakimiyyət orqanına üzv seçir.
Majoritar seçki sisteminin başlıca çatışmayan cəhəti seçici səslərinin müəyyən hissəsinin itməsi, seçkilərin nəticələrində öz əksini tapmamışdır. Ayrı-ayrı ölkələrin təcrübəsində bütün ölkə üzrə daha çox səs toplayan partiyanın parlamentdə az mandat əldə etməsi kimi hallar olmuşdur. Belə ki, 1951-ci ildə Böyük Britaniyada keçirilmiş seçkilərdə Mühafizəkarlar Partiyası təxminən 13,72 milyon səs toplayaraq parlamentdə 321 deputat mandatı əldə etdiyi halda, nisbətən çox, yəni təxminən 13,94 milyon səs toplayan Leyboristlər Partiyası 25 mandat az - cəmi 296 mandat qazanmışdır.
Bəzi ölkələrdə majoritar və proporsional seçki sistemlərinin nöqsanlarını istisna etməklə, bu sistemlərin elementlərindən ibarət olan qarışıq seçki sistemi təşkil olunur. Bu zaman hər iki sistemin müsbət cəhətlərindən ya bərabər, ya da birinə üstünlük verməklə istifadə olunur. Yani parlament üzvlərinin müəyyən bir hissəsi majoritar seçki sistemi əsasında, digər hissəsi isə proporsional seçki sistemi əsasında seçilir. Hazırda qarışıq seçki sistemi Almaniya Federativ Respublikasında, Litvada, Gürcüstanda və başqa ölkələrdə tətbiq olunur.
Qarışıq seçki sistemi bir müddət Azərbaycan Respublikasında da tətbiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 83-cü maddəsinin ilkin mətnində müəyyən olunurdu ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar və proporsional seçki sistemləri, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin birinci və ikinci çağırışının seçkiləri (1995-ci və 2000-ci illər) qarışıq seçki sistemi əsasında keçirilmişdir. Yəni Azərbaycan Respublikası Milli Məclisinin 100 deputatı majoritar seçki sistemi əsasında birmandatlı seçki dairələrindən, 25 deputatı isə proporsional seçki sistemi əsasında vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmişlər. Azərbaycan Respublikasının Milli Məclisinə 1995-ci il seçkilərində proporsional seçki sistemi üzrə seçki maneəsi 8%, 2000-ci il seçkilərində isə 6% həddində müəyyən ediimişdir. Hazırda isə Azərbaycan Respublikasının Milli Məclisi, bütünlüklə nisbi çoxluqlu majoritar seçki sistemi əsasında formalaşdırılır."
Müəllifin fikrincə, yuxarıda şərh olunanlar baxımından, Azərbaycan Respublikasında parlament seçkilərinin, bütünlüklə majoritar seçki sistemi əsasında keçirilməsini dövlətimizin hazırkı siyasi reallığından irəli gələn daha məqsədəuyğun variant hesab edirik. Belə ki, Azərbaycan Respublikası gənc müstəqil dövlətdir və dövlət müstəqilliyini əldə etdiyi ilk günlərdən çoxsaylı problemlərlə üzləşmişdir. Azərbaycan Respublikası artıq 20 ildən çoxdur ki, Ermənistanın təcavüzünə məruz qalmaqdadır, ərazisinin 20 faizindən çoxu işğal altındadır. Belə bir şəraitdə icra hakimiyyətinin sabitliyi və möhkəmləndirilməsi, mübarizənin daha güclü siyasi partiyalar arasında aparılmasına şərait yaratmaqla parlamentarizmin tədricən inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Majoritar seçki sisteminin yuxarıda qeyd olunan üstünlükləri-ölkədəki siyasi qüvvələr nisbətində sabit balans yaradılması və daha güclü partiyaların parlamentdə təmsil olunması, cəmiyyətin həyatında real gücə malik olmayan kiçik partiyaların parlamentdə təmsil olunmaları üçün daha yaxşı təşkilatlanmanın zəruriliyinə stimul yaradılması, tez-tez hakimiyyət böhranının baş verməsi ehtimalının əhəmiyyətli dərəcədə azaldılması, parlamentarizmin inkişaf etdirilməsinə şərait yaradılması, sabit icra hakimiyyəti sisteminin formalaşdırılması, möhkəmləndirilməsinə və daha da inkişaf etdirilməsinə kömək edir. Eyni zamanda, majoritar seçki sistemi Azərbaycan Respublikasının Milli Məclisinə deputatların siyasi mənsubiyyətindən asılı olmayaraq şəxsi və işgüzar keyfiyyətləri əsasında seçilməsinə şərait yaradır. Bu da, öz növbəsində Azərbaycan Respublikası Milli Məclisinin daha səmərəli fəaliyyət göstərməsinə, siyasi çəkişmələrə deyil, parlamentə aid olan əsas funksiyaların - təmsilçilik, qanunvericilik və nəzarət funksiyalarının daha keyfiyyətli həyata keçirməsinə üstünlük verməsinə yol açır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru