PDF Oxu

MİA

  • 21 019

Boşanmış qadınların aliment hüququ

image

1992-ci il 2 mart tarixində Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olduqdan sonra Azərbaycan Respublikası BMT-nin bir sıra sənədlərinə, o cümlədən, 20 noyabr 1989-cu ildə qəbul olunmuş "Uşaq Hüquqları Konvensiyası"na müvafiq bəyanatla qoşulmuşdur. Bu Konvensiyaya qoşulmaqla Azərbaycan dövləti bu sənəddə təsbit olunmuş hüquqların ölkə ərazisində (Ermənistan tərəfindən işğal olunmuş ərazilər istisna olmaqla) təmin olunmasını öz üzərinə götürmüşdür.

Hüquqşünas Faiq Ağayev yazır: ''Ölkəmizdə hüquqi islahatların məntiqi davamı olaraq 1995-ci ilin 12 noyabr tarixində referendumla Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmiş və həmin ilin 27 noyabr tarixində qüvvəyə minmişdir. Konstitusiyaya 2002-ci ilin 24 avqust və 2009-cu ilin 18 mart tarixlərində ümumxalq səsverməsində (referendumda) əlavələr və dəyişikliklər qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin II hissəsində "Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir" müddəası qeyd edilmişdir. Eyni zamanda, 1998-ci il 19 may tarixində qəbul olunmuş "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində də uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququnun olması təsbit olunmuşdur.

Həmçinin, Ailə Məcəlləsində və digər qanunvericilik aktlarında valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaları qeyd edilmişdir ki, bu da uşağın saxlanılmasına valideynlərin məsuliyyət daşıdığını bir daha sübut edir. Bununla yanaşı, Ailə Məcəlləsinin "Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi" adlı 75-ci maddəsində "Valideynlər uşaqlarını saxlamağa borcludurlar" və "Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur" kimi bəndlər qeyd edilmişdir.

Lakin məlumdur ki, hər il ölkədə nikah hallarının qeydə alınması ilə yanaşı, boşanma halları da olur. Ailə Məcəlləsinin 19-cu maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda bu halda nikah məhkəmə qaydasında pozulur".

"İcra haqqında" Qanuna əsasən, alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Ailə Məcəlləsi ilə müəyyən edilir. Eyni zamanda, Ailə Məcəlləsində aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olduğu və onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənilməli olduğu qeyd edilmişdir.

Müəllif yazır ki, nikahın pozulması haqqında qətnamə qəbul etdikdə, Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmənin həll etdiyi məsələlər aşağıdakılardır:

* boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;

* uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

* ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;

* ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

* Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.

Aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

* 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

* 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

* 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

F.Ağayev daha sonra yazır: "Eyni zamanda, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir".

Müəllif təəssüflə qeyd edir ki, məhkəmə təcrübəsində uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edildikdən sonra bir çox hallarda alimenti ödəyən şəxs bu məbləği qəsdən ödəməkdən imtina edir. Bu isə uşağın saxlanılmasında problemlərin yaşanması ilə yanaşı, onun təhsil, sağlamlıq və digər hüquqların da pozulmasına gətirib çıxarır.

Təcrübədə alimentin ödənilməməsi ilə bağlı bir sıra problemlərlə rastlaşmaq olar. Baxmayaraq ki, Ailə Məcəlləsinə əsasən, alimenti qəsdən ödəmədikdə valideyn valideynlik hüququndan məhrum edilə bilər. Bəzən boşandıqdan sonra uşağın saxlanılması üçün alimenti ödəyən şəxs uşaq yanında olmadığını, əvvəlki həyat yoldaşından qisas almaq hissi olduğunu əsas gətirərək, alimenti qəsdən ödəməkdən yayınır.

Qanunvericiliyə əsasən, məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.

2010-cu il 18 iyun tarixli "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qanunvericilik aktlarına bir sıra əlavə və dəyişikliklər edilmişdir.

Belə ki, Cinayət Məcəlləsinin 306.1 və 306.2-ci maddələri yeni redaksiyada verilmiş və cəzalar sərtləşdirilmişdir. 306.1-ci maddəyə əsasən, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə halları üzrə sanksiyada "min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır" qeyd edilmişdir. Lakin əvvəlki redaksiyada sanksiyada cəza bu cür nəzərdə tutulurdu: "beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."

Eyni zamanda, 306.2-ci maddəyə əsasən, eyni əməllər vəzifəli şəxs tərəfindən törədildiyi halda bu cinayətə görə nəzərdə tutulan sanksiya da sərtləşdirilmişdır: "üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır." Bu maddə üzrə sanksiya əvvəlki redaksiyada belə qeyd olunmuşdur: "min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."

F.Ağayev yazır: "Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər son dövrlərdə məhkəmə qərarlarının icra vəziyyətinin daha da yaxşılaşdırılmasına baxmayaraq, alimentin ödənilməsi ilə bağlı olan hər bir icra olunmamış qərar bir və ya bir neçə uşağın həyatına mənfi təsir göstərir. Bu kimi halların, ümumiyyətlə aradan qaldırılması məqsədilə fikrimcə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2009-cu ildə uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsində və daha sonrakı illik məruzələrində təklif etdiyi "Aliment Fondu"nun yaradılması ölkəmizdə alimentin ödənilməsi ilə bağlı problemin birdəfəlik həllinə gətirib çıxardacaqdır. Belə ki, həmin təklifdə məhkəmə qərarlarına uyğun olaraq uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemlərin olmasını nəzərə alaraq, cavabdehdən alınaraq, iddiaçıya verilməsi məhkəmə tərəfindən qət edilən alimentin Dövlət Sosial Müdafiə Fondu (və ya müvafiq dövlət orqanı nəzdində yaradılmış və dövlət tərəfindən maliyyələşən "Aliment Fondu" tərəfindən ödənilməsi üzrə mexanizmin yaradılması və tətbiq edilməsi) həmin alimentin sonradan borcludan dövlət tərəfindən məcburi qaydada alınması şərti ilə irəli sürmüşdür.

Bu təcrübə bir çox xarici ölkələrin təcrübəsində istifadə olunur. Eyni zamanda, bu təcrübə, bir daha onu sübut edir ki, alimenti ala bilməyən və aztəminatlı ailələrdə böyüyən uşaqların uşaq evi və internat məktəblərinə düşmə riski də çoxdur.

Ölkəmizdə, eyni zamanda, Cənab Prezidentin 29 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət-uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) uğurla icra olunması üçün qarşıya qoyulan əsas məqsədlərdən biri də müəssisələrə düşmə riski olan uşaqlarla və onların ailələri ilə preventiv işlərin aparılması, mövcud çətinliklərin aradan qaldırılması yolu ilə hər bir uşağın müəssisəyə düşməsinin qarşısının alınmasıdır.

Ümumilikdə, belə bir nəticəyə gəlmək olar ki, ölkədə "Aliment Fondu"nun yaradılması, uşaqların təhsil, sağlamlıq, asudə vaxt və digər hüquqlarının və mənafeyinin daha səmərəli təmin olunmasına, onların müəssisəyə düşmə, əməklərindən sui-istifadə olunma riskinin azalmasına, sağlam ailə mühitinin formalaşmasına zəmin yaradacaqdır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər