PDF Oxu

MİA

  • 3 949

Dünya hökumət strukturlarının hüquqi səlahiyyətləri

image

Keçmişdə qalsa da, SSRİ məkanında hökumətin çox böyük çəkisi olmuşdur. Hökumətin rəhbərinin təyinatı SSRİ MK-nin Baş Katibi və Siyasi Büronun rəyindən asılı olsa da, SSRİ Nazirlər Sovetinin Sədrinin böyük səlahiyyətləri var idi və bu şəxs "güclü" şəxsiyyət olardısa, hətta Siyasi Büro üzvləri bir çox məsələlərdə onunla razılaşmalı olurdular.

Ümumilikdə isə, dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edən qurumlar sırasında hökumətin, xüsusi çəkiyə malik olması vacibdir. Formalaşmış ümumi qaydalara görə, ölkənin hökuməti icra və sərəncam fəaliyyətinə rəhbərliyi həyata keçirən əsas kollegial dövlət təşkilatıdır. Ancaq prezidentli ölkələrə və digər dualist monarxiyalara aid edildikdə, bu anlayışla mövcud həqiqət arasında bəzi uyğunsuzluqlar da olur (Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və s. kimi). Yəni bu ölkələrdə ümumi səlahiyyətli təşkilata onlar özləri deyil, prezident və ya monarx təşkilata, öz iradəsinə uyğun tərzdə rəhbərlik edir. Bunun bariz nümunəsi, dünya demokratiyasının aparıcısı hesab edilən ABŞ-da nazirlərin hamısı yalnız prezidentə tabedir. Onları birləşdirən kabinet isə qərar qəbul etmir, ancaq müzakirələr aparmaq səlahiyyətindədir. Ümumi səlahiyyətli mərkəzi icra hakimiyyətinin qərarlarının yalnız prezident qəbul edir. Azərbaycanda da təxminən belədir.

Siyasi tərkibindən asılı olaraq, hökumət birpartiyalı, koalisyon və ya partiyasız olur. Parlamenti və ya qarışıq idarəçilik formalı demokratik ölkələrdə birpartiyalı hökumət, siyasi partiyalardan biri seçkilər nəticəsində parlamentdə və ya onun aşağı palatasında yerlərin çoxunu əldə etdiyi təqdirdə, formalaşdırılır. İngiltərə hökuməti buna bir misal ola bilər. Hökumətin olduğu prezidentli ölkələrdə prezident hökuməti öz partiyasının nümayəndələrindən formalaşdırır, Azərbaycan Respublikasında olduğu kimi. Bəzən isə bu və ya digər siyasi məqsədlə onun tərkibinə başqa partiyalardan olanları da cəlb edirlər.

Parlamenti və qarışıq idarəçilik formalı ölkələrdə isə koalisyon hökumət yaratmağa məhkumdurlar. Bu, o zaman baş verir ki, seçkilər nəticəsində partiyalardan heç biri parlamentdə birpartiyalı hökumət formalaşdırmağa kifayət edəcək qədər çoxluq qazana bilmir. Bu səbəbdən də hakimiyyət özünü müdafiə üçün seçkilərdə istənilən yollardan istifadə etməyə çalışır. Almaniya, Azərbaycan, İtaliya, Türkiyə və s. kimi ölkələr əksərən belə hökumətlər formalaşdırmağa meyillidirlər.

Ən nəhayət, partiyasız hökumətlər partiyaların koalisyon hökumətin təşkili barədə razılığa gələ bilməməsi və parlamentin buraxılmasının arzuolunmaz olduğu hallarda yaradılır. Adətən, belə hökumət mütəxəssislərdən ibarət olur. Onların siyasi mənsubiyyəti isə heç bir əhəmiyyət kəsb etmir. Bu qayda ilə formalaşdırılan hökumətlərin mövcudluğu, adətən, çox çəkmir.

İdarəçilik formasından və parlamentin, hökumətin formalaşdırılmasında iştirak dərəcəsindən asılı olaraq, hökumətin təşkilinin iki əsas forması daha çox işlədilir.

Birincisi, parlament modelli hökumətin parlament seçkilərinin nəticələri əsasında təşkilini nəzərdə tutur. Deyilən model parlamentli ölkələr, monarxiyalar və qarışıq respublikalar üçün səciyyəvidir. Bir qayda olaraq, dövlət başçısı hökumətin başçısını təyin edir. O, isə hökumətin tərkibini formalaşdırır və onun fəaliyyət proqramı ilə birlikdə parlamentin təsdiqinə verilir. Böyük Britaniya, Azərbaycan, İtaliyada və s. olduğu kimi. Bolqarıstanda isə yalnız hökumətin başçısı təsdiqə təqdim olunur. Almaniyada isə Bundestaq federal kansleri federal prezidentin təşkili ilə seçir. İsveçdə hökumətin başçısı kral yox, Piksdaqın Talmanı tərəfindən təyinat alır.

Mərkəzi icra hakimiyyətinin formalaşdırılmasının parlamentdən - kənar modeli prezidentli respublikalar, dualist monarxiyalar və qarışıq respublikalar üçün səciyyəvidir, Kolumbiyada, Azərbaycanda və s. olduğu kimi. Yəni prezident kabinetin nazirlərini və inzibati departamentlərini sərbəst surətdə təyin edir.

ABŞ-da isə parlament mərkəzi icra hakimiyyəti olan hökumətin formalaşdırılmasında müəyyən formada iştirak edir. ABŞ Konstitusiyasının 2-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, prezident həm də Senatın razılığı ilə vəzifələrə təyinat verə bilər.

Ayrı-ayrı ölkələrdə hökumət üzvlərinə münasibətdə işlədilən eyniadlı vəzifələr müxtəlif işləri icra edirlər. Əgər Yunanıstanda "dövlət katibi" ifadəsi nazirin 1-ci müavinidirsə, ABŞ-da bu vəzifənin daşıyıcısı xarici işlər naziri vəzifəsinin icraçısıdır. Böyük Britaniyada isə "dövlət katibi" "böyük nazirlər" adlanan kabinet üzvləri hesab edilir.

"Dövlət naziri" ifadəsi də müxtəlif ölkələrdə müxtəlif mənalarda işlədilir və müxtəlif vəzifələri icra edirlər. Bəzi ölkələrdə bu adı daşıyan vəzifəli şəxslər hökumətin tərkibinə aid edilir. Norveçdə hökumətin başçısının, Yaponiyada Kabinetin hər bir üzvünü, İngiltərədə nazirin (dövlət katibinin) 1-ci müavinini "dövlət naziri" adlandırırlar.

Portuqaliyada, Macarıstanda, Fransada və s. dövlət nazirləri hökumət başçısının müavinləri kimi fəaliyyət göstərirlər.

Bəzi ölkələrdə isə ayrı-ayrı hökumət üzvlərinin orta əsr tarixindəki adları saxlanılınaqdadır. Maliyyə naziri-xəzinə konsleri, məhkəmə hakimiyyətinin başçısı - lord kansler vəzifə adları hələ də qalmaqdadır. Almaniyada, İspaniyada, Böyük Britaniyada, Ərəb ölkələrində, Cənubi Amerika dövlətlərində bu xüsusiyyətlərə bu və ya digər tərzdə rast gəlmək mümkündür.

Hökumət başçısı yanında xüsusi aparatın yaradılması istiqaməti son dövrlərdə daha çox müşahidə edilməkdədir. Deyilən aparatın başçısı kifayət qədər nüfuzlu şəxsdir və bir sıra hallarda nazir statusuna malikdir, onlar hökumət sənədlərini hazırlayır və onların icrasına nəzarət edir ki, bu da, öz növbəsində, aidiyyatı nazirləri müəyyən çərçivədə saxlamağa şərait və səlahiyyət hüququ deməkdir.

Deyək ki, Almaniyada nazirin başçılıq etdiyi Federal Kansler İdarəsi hökumət başçısı üçün siyasətin bütün istiqamətləri üzrə-inzibati, əlaqələndirmə, nəzarət, təşkilatı və s. tövsiyələri, qanun və hökumət qərarlarının layihələrini, Bundestaq və Bundespat üzvlərindən daxil olan sorğulara cavabları işləyib-hazırlayır.

Adətən, hökumətin səlahiyyətləri ölkənin konstitusiyası ilə tənzimlənməlidir.

Bir sıra demokratik dövlətlərin və sosialist ölkələrinin konstitusiyalarında hökumətin səlahiyyətləri daha genişmiqyaslıdır. Çin Xalq Respublikası buna ən bariz nümunədir.

Prezidentli ölkələrdə prezident, icra hakimiyyətinin daşıyıcısı hesab edildiyindən, onun verdiyi aktlar hökumət aktları funksiyasını daşıyır. Qarışıq idarəçilik formalı respublikalarda isə hökumətin səlahiyyətləri fərqli şəkildə nizama salınır. Fransanın Konstitusiyası hökumətin səlahiyyətlərini - "hökumət millətin siyasətini müəyyənləşdirir və idarə edir, inzibati orqanlar və silahlı qüvvələr onun sərəncamındadır" ixtiyaratı verdiyi halda, Nambiya hökumətinin səlahiyyətləri prezident və baş nazir daxil olmaqla, onun üzvlərinin birgə səlahiyyətləri, kimi müəyyən edilmişdir.

Hökumət, öz iclaslarını həmişə bağlı qapılar arxasında keçirir, qərarlar qəbul edirlər. Bəzi dövlətlərdə rəsmi iclaslarda dövlət başçısı iştirak edir və hətta yığıncağa sədrlik edir. Lakin bu iclaslar daha çox formal səciyyə daşıyır. Hökumətin rəhbərinin dövlət başçısı olduğu prezidentli ölkələrdə və dualist monarxiyalarda isə rəsmi hökumət yığıncaqları daha mühüm əhəmiyyət kəsb edir. Belə dövlətlərdə heç bir əhəmiyyətli qərar hökumət tərəfindən dövlət başçısının iştirakı olmadan qəbul edilə bilməz. Baş nazir vəzifəsinin olmadığı prezidentli respublikalarda, hökumət yığıncaqlarının rəsmi və qeyri-rəsmi iclaslar kimi bölgüsü yoxdur. Dövlət başçısı bütün iclaslarda həm iştirakçı, həm də sədrdir.

Bütün hallarda hökumət öz fəaliyyətinə görə siyasi, mülki və cinayət məsuliyyəti daşıyır. Xidməti vəzifələrini yerinə yetirərkən, cinayət, xəta, hüquqi pozuntular və s. görə hökumət üzvləri qanuna uyğun olaraq adi vətəndaşlar kimi məsuliyyət daşıyırlar.

Bir çox dövlətlərin konstitusiyalarına görə hökumətin və ayrı-ayrı nazirlərin xidməti fəaliyyətlərinə görə siyası məsuliyyətlə yanaşı mülki məsuliyyət daşımalarnı da nəzərdə tutur.

Hökumətin, onun üzvlərinin (nazirlərin) xidməti vəzifələri yerinə yetirərkən, qanunları pozduqlarına görə cinayət məsuliyyəti də mövcuddur, heç kim vəzifəsinə görə cinayət məsuliyyətindən kənarda qala bilməz.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər