PDF Oxu

MİA

  • 7 572

Totalitarizm və insan hüquqları

image

İctimai praktikada kommunizm, proletar sinfinin əsas etibarı ilə kommunist partiyası ətrafında birləşməsi, bu partiya təfindən həmin sinfin maraqlarının "təmin olunması" və mənafeyinin "qorunması" üçün yaradılan dövlətin iqtisadi, siyasi, sosial və mənəvi sahələri öz əlində inhisarlaşdıraraq, total nəzarət sistemini formalaşdırması ilə müşayiət edilmişdir. Bütün kommunist dövlətlərdə hakim nomenklatura, fəhlə-kəndli aristokratiyası yüksək statusa və səlahiyyətlərə malik olmuşdur. Bu dövlətlərin konstitusiyalarına nəzər salsaq, görərik ki, onların hamısında insanların söz, mətbuat, sərbəst toplaşmaq, tətil, küçə yürüşləri keçirmək və s. hüquq və azadlıqları (məsələn, SSRİ-nin 1977-ci il Konstitusiyasının 50-ci maddəsi, Rumıniyanın 1948-ci il Konstitusiyasının 31-ci maddəsi, Macarıstanın 1949-cu il Konstitusiyasının 55-ci maddəsi) nəzərdə tutulsa da, onlar heç bir zaman həyata keçirilməmişdir. İnsan hüquqlarına yalnız sosial təminat prizmasından baxılması, bu haqların böyük bir qisminin olmamasını, qalanlarının isə dövlətin iradəsinə tabe edilməsini səbəbləndirmişdir. Bu, insan haqlarına dövlətdən xaricdə heç bir mövcudluq ehtimalı verməmək idi. İctimai rəyin taleyi də, bütövlükdə dövlətin diktəsi altında olduğundan, o, faktiki olaraq, haqların qorunmasında hansısa gücə və imkana malik deyildi.

Ə.Abbasov yazır: "Totalitarizm, bütün təzahür formalarına, ideoloji, tarixi təşəkkül və praktiki reallaşma fərqlərinə baxmayaraq, insan hüquq və azadlıqları ilə bir araya sığışmır. Fərdin azadlığı, mülkiyyət hüququ, şəxsi həyat, fikrini ifadə etmək azadlığı, söz azadlığı və s. Hüquqların, hətta ən bəsit elementlərinə yer verilməyən, "hüquq"dan yalnız dövlətin maraqları naminə istifadə edilən siyasi sistemdə hər hansı hüquq və azadlıqların təmin edilməsi və müdafiəsini düşünmək belə mümkün deyil.

İnsan hüquqlarının fərqli ideologiyalar əsasında yaradılmış siyasi sistemlərlə münasibətini təhlil etdikdən sonra müasir dövrdə siyasi, iqtisadi, sosial, ictimai və mədəni inkişaf səviyyəsinə görə təsnif olunan inkişaf etməmiş, inkişaf edən və inkişaf etmiş ölkələrdə də insan hüquqlarının vəziyyətinin tədqiq edilməsi çox önəmlidir. Belə ki, bu zəmində mövzunun dərindən və geniş öyrənilməsi üçün daha böyük imkan yaranır, yeni idraki müstəvilər ortaya çıxır.

İnkişaf etməmiş ölkələrdə zəif iqtisadiyyat və çox aşağı səviyyədəki sosial şərtlər insanların həyat şəraitinə və ən əsası, hüquqlarının reallaşmasına güclü təsir edir. Bu ölkələrdəki qeyri-sabit iqtisadi vəziyyət insaniarın gəlirləri arasındakı kəskin fərqlər və sosial ədalətsizliklərlə müşayiət olunur. Bəzi hallarda bu ölkələr, zəngin təbii ehtiyatlara malik olsalar da, sərvətlərdən rasional istifadə olunmaması nəticəsində onların iqtisadiyyatlarının güclənməsi və xalqın rifahının yüksəlməsi baş vermir. Bu dövlətlər Qərbdə hakim olan prinsip və dəyərləri inkar edərək, insan hüquqları və azadlıqlarının təmin olunmasını həyata keçirmir və hətta bu hüquqların pozulmasında, bilavsitə iştirak edirlər.

İkinci kateqoriyaya aid olan inkişaf edən dövlətləri, şərti olaraq, beş qrupa bölmək olar. Birinci qrupa zəngin təbii sərvətlərə malik olan, bununla belə, iqtisadiyyatları zəif inkişaf etmiş, sosial şərtləri az əlverişli olan dövlətlər daxildir (məsələn, Yaxın Şərq və Afrika regionundakı bəzi dövlətlər).

Bu dövlətlərdə təbii ehtiyatlardan əldə olunan gəlirlər cəmiyyətdə bütün təbəqələrin maraq və mənafeyinə yönləndirilməmiş və sosial ədalətsizliyə səbəb olmuşdur. İnkişaf edən ölkələrin ikinci qrupuna daxil olan dövlətlərdə isə vəziyyət fərqlidir. Sosialist inkişaf modelini əsas götürmüş bu dövlətlər cəmiyyətin bütün ictimai həyatını nəzərətdə saxlamaqla mövcud problemlərin həllinə səy göstərirlər. Bu dövlətlərdə sosial ədalət və bərabərlik, əsasən, təmin olunsa da, siyasi struktur baxımından, onların əksəriyyəti vahid təşkilat ətrafında formalaşmış və fərdlərə məhdud çərçivədə azad fəaliyyət imkanı yaradılmışdır. Vətəndaşların siyasi hüquq və azadlıqları isə ikinci dərəcəli məsələ olaraq qalır".

İnkişaf edən dövlətlər kateqoriyasının üçüncü qrupuna isə Afrika, Asiya və Latın Amerikasının bir sıra dövlətlərini aid etmək olar. İkinci qrupdan fərqli olaraq, bu qrupa kapitalist inkişaf modelini əsas götürmüş və sosializmin bəzi elementlərini də nəzərə almış dövlətlər daxildir. Ölkənin inkişafına iqtisadi islahat və proqramlarla nail olmağa cəhd edən bu dövlətlərdəki siyasi idarəetmə sistemi "demokratik" sistem kimi bəyan edilir. Mahiyyətinə vardıqda, bu "demokratik" sistemin, əslində, rəhbər-partiya-ordu üçbucağında birləşmiş idarəetmə forması olduğu ortaya çıxır. Burada insan hüquq və azadlıqları dövlətin inkişafına maneə yaradan bir faktor kimi dəyərləndirilərək, onlara əhəmiyyət verilmir. Belə dövlətlər, adətən, qeyri-sabitlik, hərbi çevrilişlər, vətəndaş müharibələri və iqtisadi böhranlarla gündəmdə olurlar.

Müəllifin fikrincə, inkişaf edən ölkələrin başqa bir qrupuna avtoritar rejimli ölkələr daxildir. Bu qrupa daxil olan ölkələrdə qeyri-məhdud hakimiyyətə əsaslanan idarəetmə sistemi mövcud olur (Afrika və Orta Asiyadakı bəzi dövlətlər). Burada dövlətin hakimiyyəti mütləq olmur, vahid ideologiya əvəzinə, milli birlik konsepsiyası əsas götürülür. Bu dövlətlərdə demokratiyanın bəzi elementlərinə rast gəlinsə də, siyasi fəaliyyət məhdudlaşdırılır və siyasi hüquqlar, demək olar ki, idarə olunur. Belə rejimli ölkələrdə vətəndaşlar siyasi proseslərdə aktiv və təsirli iştirakdan məhrum olunur, onların hüquq və azadlıqları milli həmrəylik, milli maraqlılar baxımından, arzuolunmaz kimi təbliğ edilir. Beləliklə də, ictimai rəydə insan haqları mövzusu əhəmiyyətli bir yer tutmur.

İnkişaf edən ölkələrin beşinci qrupuna demokratik dəyərlər, o cümlədən, qanunun aliliyi, insan hüquqları, azad bazar iqtisadiyyatı, yaxşı idarəçilik kimi faktorlar mövcud olan, müasir inkişaf yolunu seçmiş dövlətlər (əsasən, Şərqi Avropa dövlətləri) aiddir. İkinci Dünya müharibəsindən sonra sosialist rejiminin bərqərar edildiyi bu ölkələr vahid partiya və ya diktatorların idarəsi altında yaşamışdır. Burada insan hüquq və azadlıqları simvolik formada mövcud olmuşdur. Sosializmin süqutundan sonra iqtisadi və sosial inkişafa nail olmaq naminə bu ölkələr demokratiya və insan hüquqları məsələsinə kifayət qədər diqqət yetirməsələr də, qəbul olunmuş konstitusiya və normativ-hüquqi aktlar bu hüquq və azadlıqların reallaşması və müdafiəsi üçün güclü hüquqi baza yaratmışdır. Eyni vaxtda, insan haqları mövzusu ictimai rəydə öz təsirli yerini tutmağa başlamışdır.

İnsan haqlarından iqtisadi inkişaf naminə imtina edilməsini zəruri və müvəqqəti bir hal kimi məqbul hesab etməyən C.Donelli bunun insan hüquqları ideyası baxımından, faciəvi nəticələrə səbəb olduğunu vurğulayır. O, ölkənin iqtisadi cəhətdən inkişafının əhəmiyyətini nəzərə alaraq, bunun üçün insan hüquqlarından müəyyən qədər imtina edilə biləcəyini məqbul sayır, lakin iqtisadi inkişaf naminə insan haqlarına edilən total məhdudiyyətlərin, ümumiyyətlə, lazımsız və hətta zərərli olduğunu diqqətə çəkir. Ehtimal olunur ki, bu ölkələr iqtisadiyyatlarını gücləndirərək, insanların siyasi və əsas sosial hüquqlarının təmin olunmasına daha çox diqqət yetirməyə başlayacaqlar.

Xüsusi diqqətə layiq başqa bir önəmli məsələ insan hüquqlarının və dövlət hakimiyyətinin qarşılıqlı məhdudlaşdırılmasıdır. Bu ikitərəfli məhdudlaşdırma, bir tərəfdən, bütün insanların hüquqlarının eyni dərəcədə təmin edilməsinə, digər tərəfdən isə, dövlət hakimiyyətinin qeyri-qanuni müdaxiləsinin qarşısının alınmasına imkan yaradır.

Müəllifin fikrincə, insan haqları ideyasının təbii hüquqlardan qaynaqlandığını nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, insan hüquqları dövlətdən əvvəl mövcud olmuşdur. Deməli, insanın hüquq və azadlıqları dövlətlərin fərdlərə verdiyi "hədiyyə" olmadığı üçün dövlətin bu hüquqları birtərəfli məhdudlaşdırması da qəbuledilməzdir. İnsan haqları, mahiyyətcə pozitiv anlayış olaraq, insanlara və bəşəriyyətə, ölkənin və dövlətin rifahına xidmət etmək vəzifəsi aşılayır. Bu hüquqların məhdudlaşdırılması, nəinki insana, nəticə etibarı ilə elə dövlətin özünə də ziyan vurur. Tarixə nəzər salsaq, görərik ki, insan hüquqları pozulmuş və azadlıqları məhdudlaşdırılmış ölkələrdə hakimiyyət sabitliyi, əmin-amanlıq, davamlı inkişaf deyil, siyasi və sosial qeyri-sabitlik, çevriliş və çevrilişə cəhdlər, sosial və iqtisadi tənəzzül mövcud olmuşdur. İndinin özündə də ictimai praktika bu qanunauyğunluğu təsdiqləyir.

Hüdudsuz hüquqlar və azadlıqlar da cəmiyyət və dövlət üçün təhlükəli ola bilər. Belə ki, hər bir fərdin öz istəydiyini etməsi, azadlıqlarından sui-istifadə etməsi digər fərdin və ya fərdlərin hüquq və azadlıqlarına zərər vura bilər. Bu da, öz növbəsində, cəmiyyətdə qarşıdurmanı, özbaşınalığı və anarxiyanı artırar. Bu baxımdan da, dövlətin və cəmiyyətin mövcudluğu, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün bu hüquq və azadlıqların qanunun aliliyi çərçivəsində məhdudlaşdırılması zəruridir. Necə deyərlər, dəniz də sərhədsiz olarsa, dənizliyini itirər. Zəruri məhdudiyyət (qadağa) prinsipinin gözlənilməsi demokratiyanın və insan haqlarının təmin olunmasında başlıca şərtlərdəndir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər