PDF Oxu

MİA

  • 6 832

Həyatın mənalı axtarışları, özgələşmə və insan hüquqları

image

Aydındır ki, despotik rejimlərin hökmranlıq etdiyi cəmiyyətlərdə insanın özgələşməsi, sosiuma və ictimai institutlara münasibətdə yadlaşması, öz-özünə seqreqasiyası, qapanması daha kütləvi və təhlükəli xarakter alır. Bu rejimlər, insan hüquqlarını total surətdə tapdalamaqla, şəxsiyyətin öz təyinatından uzaqlaşmasına, bir ali varlıq kimi, həyatının mənasını itirməyə sövq edirlər. Həyatının mənasına biganə, bu mənanı axtarmayan, sönük təfəkkürlə, küt ağılla "yaşayan" məxluq - despotlar üçün ən əlverişli "şəxsiyyətdir".

Filosof Əbulhəsən Abbasov yazır: "Özgələşmə anlayışına dair belə bir tərif söyləmək mümkündür: özgələşmə - sosial hadisə olmaqla yanaşı, insanı konkret şəxsiyyət və fərdiyyət səviyyəsində öz ictimai təyinatından uzaqlaşdıran prosesdir. Fikrimcə, təyinatdan uzaqlaşma mürəkkəb keçid dövrləri, ictimai tranzit vəziyyətləri üçün xüsusi aktuallıq kəsb edən məsələdir. İnsan hüquq və azadlıqlarının təmin olunması da bu məsələ ilə sıx bağlıdır. Müxtəlif səviyyə və aspektlərdə özünü göstərən və tranzit dövrü üçün xarakterik olan qərarsızlıq, marginallıq, istər-istəməz, insan hüquqlarının təmin olunmasında özünü ifadə edir. Ümumiyyətlə, yuxarıdan aşağıya kimi təyinatdan uzaqlaşma və yayınma baş verir".

Görkəmli psixoloq-psixiatr və filosof Viktor Franklın fundamental nəzəriyyəsinə əsasən, ictimai təyinatdan uzaqlaşma insanı öz həyatının mənasını itirməsinə gətirib çıxara bilər ki, hansısa hüquq və azadlıqlardan danışmaq da yersiz olar. V.Frankin "İnsan məna axtarışında" kitabında yazır: "O şeyi fəzilət hesab etmək olar ki, insanın üzərinə qoyulmuş və ondan tələb olunan mənanı həyata keçirməkdə yardımçıdır. Mənanı vermək mümkün deyil, onu tapmaq lazımdır. Məna yaradıla bilməz, o, şəxsi axtarış vasitəsi ilə tapılmalıdır". V.Franklin belə bir əhəmiyyətli müddəanı da irəli sürür: "Məna, nəinki tapılmalıdır, o, tapıla bilər və məna axtarışında insanı vicdanı istiqamətləndirir. Bir sözlə, vicdan - məna orqanıdır. Məna - insani mövcudluğun şərtidir. Biz mənanın itirilməsi hissinin genişlənməsi əsrində yaşayırıq. Belə əsrdə tərbiyə yalnız biliyin verilməsindən ibarət olmamalıdır, o, həmçinin, vicdanı elə cilalamalıdır ki, insan hər bir situasiyada ona olan tələbi hiss edib, eşidə bilsin. Bu halda, həyat ona, nəinki mənalı görünəcək, həm də, o, konformizmə və totalitarizmə - ekzistensial vakuumun bu iki nəticəsinə qarşı immunitet əldə edəcək. Axı, yalnız oyaq vicdan insana müqavimət göstərmək qabiliyyəti verir.

V.Franklin vicdanlığı məsuliyyətliliklə üzvü əlaqə və vəhdətdə olan fenomenlər kimi dəyərləndirərək, göstərir ki, tərbiyə bu gün əvvəlki zamanlardan daha çox məsuliyyətin tərbiyəsinə çevrilməlidir. Cəmiyyətin başlıca qayəsi yalnız maddi tələbatların ödənilməsindən ibarət olmamalıdır. Konkret situasiyalarda mənanı axtarmaq və reallaşdırmaq naminə, ekzistensial vakuumun dərinliklərinə düşməmək üçün cəmiyyət insana şans və imkan verməlidir. Bununla belə, V.Franklin bu imkan və şansın hasil olunmasını yalnız cəmiyyətin üzərinə qoymur. O, qeyd edir: "İnsan, hətta çıxılmaz situasiyanı qələbəyə çevirə bilər. İztirabın özündə də məna imkanı vardır". Filosofa görə, iztirabda olan mənanı reallaşdırmaqla individuum insanda ən insani olanı yaşadır, yetkinlik, böyüklük əldə edir, özündən yüksəyə qalxır, sözün pozitiv mənasında özgələşir. İnsan yalnız bu halda, K.Yaspersin sözü ilə desək, ''tarixin öhdəsindən gəlir". V.Franklin belə bir tezis irəli sürür: varlıq hərəkətdən doğur; son nəticədə, hərəkət (əməl) - imkanın gerçəkliyə, potensiyanın akta keçməsidir, insan, taleyini formalaşdırmaqla, bir şəxsiyyət kimi malik olduğu xarakteri formalaşdırır. Onun fikirlərindəki vacib məqamlardan biri budur: öz taleyini formalaşdırmaqda fəal və qabiliyyətli olan insan, hüquqların da lazımınca qavranılıb mühafizə edilməsində fəal və qabiliyyətli olur. Öz taleyi, həyatının mənası barəsində məsuliyyətli olan insan başqalarının da hüquqlarının etirafında və gözlənilməsində məsuliyyətli və vicdanlı olur. Bu kontekstdə düşünərkən, aydın olur ki, insan hüquqlarının təmin olunması məsələsi yalnız dövlətin və ayrı-ayrı qurumların problemi deyil, o, həmçinin, insanların keyfiyyət dərəcəsi ilə, habelə, milli mentalitetlə şərtlənir.

Əbulhəsən Abbasovun fikrincə, bütün dövrlərdə olduğu kimi, cəmiyyətlərin tranzit (transformasiya) şəraitində insan hüquq və azadlıqlarının təmin olunmasında iqtisadi faktorların yeri və rolu olduqca əhəmiyyətlidir. İqtisadi faktorlar və bütünlükdə, cəmiyyətin maddi həyatının yenidən təşkili, tənzimlənməsi və idarə olunması köklü transformasiya dövrünün ən mühüm və zəruri məsələlərindəndir. XX əsrdə dünya dövlətlərinin əksəriyyəti iki iqtisadi sistemdən (inzibati-amirlik və bazar iqtisadiyyatı sistemlərindən) birində yaşayırdılar. Keçmişdə sosialist ölkələri dövlət mülkiyyəti formasına (ümumxalq mülkiyyəti adı altında), sərt determinasiya əlaqələrinə arxalanan və direktivlərlə idarə olunan inzibati-amirlik sistemi daxilində yaşayırdılar. Xarakterinə görə, sol totalitarizmin ifadəsi olan bu sistemin mahiyyəti, səciyyəvi cəhətləri, əsasən, bundan ibarət idi: bütün istehsal vasitələrinin və onun nəticələrinin dövlət mülkiyyətində mərkəzləşməsi, mərkəzləşdirilmiş iqtisadi planlaşdırma, bürokratikləşmə, vahid mülkiyyət forması, rəqabətin və insan kapitalına lazımi qayğının olmaması üzündən texnika və texnologiyanın təkmilləşməsinə stimulun itməsi, istehsal münasibətlərinin get-gedə daha çox iqtisadi inkişafa mane olması və s.

İnzibati-amirlik sisteminin nöqsanlarını saymaqla qurtarmaz, ancaq bir şey aydındır ki, maddi həyatı belə mənfi cəhətlərə malik cəmiyyət heç vaxt müsbət nümunə ola bilməzdi, gec-tez tənəzzülə və süquta uğramalı idi. Bu iqtisadi sistem, sadəcə olaraq, iqtisadiyyatı məhv etmirdi. O, təbiətə ağır zərbələr vurur, insanların mənəviyyatını pozur, ruhi aləmini dağıdır, onları ikili standartlarla, yalan və böhtanla, yaltaqlıq və riyakarlıqla yaşamağa vadar edirdi. İctimai və fərdi şüurda mənəviyyatsızlıq, saxtakarlıq baş alıb gedən yerdə isə, bütövlükdə, insan haqlarına yetirilən zərbələri təsəvvür etmək çətin deyil. İnsan, sözün həqiqi mənasında, boğucu, mənliyini əzən və sındıran bir mühitdə yaşamağa məcbur edilmişdir. Belə mənfur iqtisadi sistemə malik cəmiyyətdə ya vaxtında köklü və sistemli islahatlar aparılmalı (Çin modeli), ya da dağılmaya məruz qalmalı idi (SSRİ və Şərqi Avropanın sosialist dövlətləri kimi). SSRİ-nin süqutu və yeni müstəqil dövlətlərin yaranması zəruri xarakter almış tarixi bir proses idi. Bu prosesin təşəkkül tapıb cərəyan etməsində iqtisadi, geosiyasi, siyasi və milli-etnik amillərin, obyektiv və subyektiv faktorların rolu da mühüm olmuşdur.

Söz yox ki, bazar iqtisadiyyatı da mənfi cəhətlərdən azad deyil. Bununla belə, bazar iqtisadiyyatı, azad rəqabət prinsipləri və demokratik normalar gözlənilərsə, şəxsin dövlətdən asılılığını xeyli dərəcədə aradan qaldırır, onun müstəqil iqtisadi subyekt kimi sərbəstliyini təmin edir, iqtisadi maraq və dinamikanı stimullaşdırır. Bu mənada, bazar iqtisadiyyatını demokratiyanın, insan haqlarının dayağı sayan tədqiqatçılar haqlıdırlar. Lakin digər tərəfdən, bazar iqtisadiyyatı, müəyyən mənada, ölkənin iqtisadi müstəqilliyini risk altına alır; xarici kapitalın ölkəyə axması ilə yanaşı, yerli əhali ucuz işçi qüvvəsi rolunu yerinə yetirməli olur, çox hallarda, onun hüquqları pozulur, azadlıqları məhdudlaşdırılır. Bundan başqa, bazar iqtisadiyyatına keçid sosial tarazlığın ciddi surətdə pozulmasına, əhalinin bir qisminin yoxsullaşması, digər az bir qisminin isə hədsiz zənginləşməsi və yeni istismarçılar təbəqəsinin yaranması ilə nəticələnir. Bazar iqtisadiyyatına transformasiya dövründə hüququn aliliyi və qanunun hökmranlığı lazımınca təmin edilmirsə, ədalətsizlik və özbaşınalıq artır, insan əməyi qeyri-qanuni yollarla istismar olunur və bu əməyin nəticələri amansızcasına mənimsənilir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər