Dövlət, həmçinin, qanunverici orqanda təmsil olunan xalqın, bilvasitə iştirakı ilə də məhdudlaşdırıla bilər. Qanunverici orqanın xalq tərəfindən azad şəkildə və ümumi seçkilər yolu ilə təşkil edilməsi, müxtəlif siyasi fikirləri olanlar arasında hakimiyyət mübarizəsinin bərabər şərtlərlə aparılması və bunun üçün fərdlərə siyasi partiya və təşkilatlarda sərbəst birləşmək və fəaliyyət göstərmək imkanlarının tanınması insan hüquqlarının təmin olunmasına yönəlmiş demokratik sistemi formalaşdıran şərtlərdir. Bu şərtlər, həmçinin, dövlət hakimiyyətini də məhdudlaşdıra biləcək mahiyyətdədir.
Ə.Abbasov yazır: "Dövlət hakimiyyətinin məhdudlaşdırılması onun qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarına "klassik" bölüşdürülməsi ilə yanaşı, yerli özünüidarəetmə orqanları ilə, habelə, beynəlxalq sənədlərdə və beynəlxalq təşkilatlarda iştirak etməklə "könüllü" bölüşdürülməsi ilə də həyata keçirilir. Dövlət hakimiyyətinin məhdudlaşdırılması üçün, hüquqi və demokratik üsullardan başqa, cəmiyyətdə fərdlərin sağlam siyasi düşüncəyə, siyasi mövqe və mədəniyyətə malik olması, siyasi iştirakçılıq qabiliyyətinin səviyyəsi də mühümdür və bu zəmində effektiv ictimai rəyin mövcudluğu başlıca şərtlərdəndir.
İctimai rəy və mənfəət qrupları dövlət hakimiyyətinin məhdudlaşdırmasında öz təsir gücü və fəaliyyət mexanizmləri baxımından, özünəməxsus yer tutur. İctimai rəy, onun insan hüquqlarına və dövlət hakimiyyətinə, həmçinin, onlar arasındakı münasibətlərə təsiri barədə kitabın ayrıca fəslində təfsilatlı məlumat verildiyini nəzərə alaraq, mənfəət qrupları barədə danışaq".
Maddi və ya mənəvi mənfəətləri təmin etmək üçün birlikdə hərəkət edən və bu istiqamətdə hakimiyyətə müxtəlif yollarla təsir etməyə çalışan qruplara mənfəət qrupları deyilir. Bu anlayışa əsasən, mənfəət qrupları iqtisadi, ticari və sosial maraqları olan sərmayəçilərin, iri şirkətlərin, həmkarlar ittifaqlarının qrupları, habelə, ümumi bir məqsəd, dəyər ətrafında birləşən mənfəət qruplarıdır. Bu qruplar lobbiçilik, kampaniyalar, partiyalara təsiretmə, parlament üzvlərilə əlaqələr yolu ilə müxtəlif formalarda siyasi hakimiyyətə təsir etmək imkanına qadirdirlər. Mənfəət qrupları ictimai rəyə təsir göstərməklə, insan hüquqlarının müdafiə olunmasına da öz töhfələrini verirlər.
Müəllifin qeyd etdiyi kimi, insan hüquqlarının təmin olunması və müdafiəsi dövlətlərin, tutduğu vəzifədən asılı olmayaraq, ayrı-ayrı şəxslərin, ictimai təşkilatların vəzifəsi olmaqla yanaşı, hər bir kəsin və bütövlükdə, millətlərin məsuliyyət dairəsinə aid olan məsələdir. Sistemli transformasiya şəraitində yaşayan ölkələrdə bu məsələnin uğurlu həlli, xüsusi olaraq, milli elitadan, bilavasitə asılıdır. Siyasi elita isə daha böyük məsuliyyət daşıyır. Burada da, şübhəsiz, hakim siyasi elitanın üzərinə böyük vəzifələr düşür. İnsan haqları, ilk növbədə, siyasi hakimiyyətin həll etməyə borclu olduğu məsələdir. Aidiyyəti beynəlxalq sənədlərdə də bu fikir xüsusi vurğulanır. Əfsuslar ki, BMT başda olmaqla, beynəlxalq təşkilatlar indinin özündə də insan haqlarını təmin etməyən dövlətlərə münasibətdə, əksər hallarda, yalnız kimlərisə "utandırmaqla" və yaxud qınaq altında saxlamaqla kifayətlənirlər. Bəzən, iqtisadi və geopolitik maraqlarından çıxış edərək, heç bunu da vacib bilmirlər. Beləliklə də, beynəlxalq miqyasda insanların siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının daha da çox pozulmasına şərait yaratmış olurlar.
İnsan hüquqlarının təmin və müdafiə olunması, bilavasitə, zaman və məkan parametrləri ilə şərtlənir. Məhz bu parametrlər daxilində digər amillər üzə çıxır, öz səciyyəvi xüsusiyyətiərini təzahür etdirirlər. Bu mənada, köklü yeniləşmələr dövrünü yaşayan cəmiyyətlərdə insan hüquq və azadlıqları məsələsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ictimai transformasiyanın gedişində, həm də dövlət-vətəndaş münasibətləri, insanın xarici durumu ilə yanaşı, daxili durumu da dəyişir, insanlararası əlaqələrdə yeniləşmə (yaxşı və ya pis) baş verir. Eyni zamanda, insanın sosial rollarında, bu rolların icra olunmasında, sosiallaşma prosesinin məzmun mahiyyətində ciddi yeniliklər baş verir. Aydındır ki, belə şəraitdə olduqca ciddi dəyişikliklər insan haqları kontekstində ortaya çıxır. Bunun nəticəsi olaraq, insan haqlarının yenidən anlaşılmasında, koqnitiv müstəvinin mahiyyətcə yenidən qurulmasında, müvafiq institut və mexanizmlərin formalaşmasında çoxsaylı vəzifələrin həlli məsələsi cəmiyyət və dövlət qarşısında dayanır.
Ə.Abbasov daha sonra yazır: "Çoxşaxəli və çoxmərhələli transformasiya hal-hazırda da davam etməkdədir. Siyasi modernləşmə bu prosesin mühüm tərkib hissəsidir. Onun yekun nəticəsi demokratik konsolidasiyadır ki, həm milli həmrəyliyə və bütövlüyə, həm də insan hüquqlarının reallaşmasına daha etibarlı zəmin yaradır. Başqa ölkələrdə həyata keçirilmiş demokratikləşmə təcrübəsi bu həqiqəti dəfələrlə təsdiq edib. Məhz demokratik əsaslarda konsolidasiya dinamik vətəndaş cəmiyyətinin qərarlaşmasına və inkişafına, dini və mədəni tolerantlığa etibarlı təminat verir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası siyasi modernləşmənin mühüm nəticəsi hesab edilən demokratik konsolidasiyanı strateji bir məqsəd kimi qarşıya qoymuşdur. Bu məqsədin reallaşması istiqamətində, artıq xeyli işlər görülmüş və Azərbaycan cəmiyyəti müəyyən uğurlar əldə etmişdir. Xüsusən, iqtisadi sahədə bu uğurlar özünü daha qabarıq göstərməkdədir. Dünyada cərəyan edən iqtisadi böhrandan respublikamızın az itkilərlə çıxması, sosial həyat şəraitinin tənəzzülünə yol verilməməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi əldə olunmuş bu uğurların bariz nümunəsi və nəticəsidir. Ən çox inkişaf etmiş ölkələri də real təhdidlərlə üzləşdirmiş dünya maliyyə-iqtisadi böhranı "İnkişafın Azərbaycan modeli" ilə bağlı müzakirələrə yeni nəfəs vermiş, respublikamızda bazar iqtisadiyyatı sisteminə keçidin spesifik cəhətlərini, habelə, çətin bir vəziyyətdə ümumi daxili məhsulun yüksək inkişaf tempini şərtləndirən səbəb və amillərini nüfuzlu dünya alimlərinin, mötəbər beynəlxalq təşkilatların müzakirə mövzusuna çevirmişdir".
Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması insan hüquqlarının təmin və müdafiə olunması üçün daha geniş imkanlar yaratmışdır. Bu, özlüyündə, iqtisadi resursların insan kapitalına çevrilməsində başlıca şərtlərdən biridir. Ona görə də, ölkə Prezidenti İlham Əliyev insan kapitalının formalaşmasında demokratikləşmənin əhəmiyyətini, onun daha da genişlənməsini və dərinləşməsini həmişə xüsusi qeyd etməkdədir. Belə ki, demokratiya və insan haqları bir-birini şərtləndirən, bir-birinə təminat verən fenomenlərdir. İctimai rəy isə, bu təminatın reallaşmasında başlıca vasitələrdən biridir.
Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həm hüquqi baza genişlənmiş və dəqiqləşmiş, həm də müvafiq siyasi institutlar, ictimai təşkilatlar yaranmışdır ki, bunların da fəaliyyəti ümumi mühitə təsirsiz ötüşmür. Ölkədə çoxpartiyalılıq şəraiti, vətəndaşlara, həmçinin, siyasi, iqtisadi, elmi elitaya, mədəniyyət və incəsənət nümayəndələrinə öz iqtisadi, siyasi, sosial-mədəni və mənəvi mövcudluq formalarını şüurlu surətdə azad seçmək imkanları yaradılmışdır. Əlbəttə ki, müəyyən problemlər də yox deyil. Əminəm ki, onlar da tədricən öz həllini tapacaq, çünki dövlətin bu istiqamətdə iradəsi və səyləri artıq müsbət nəticələrini verməkdədir. Mən, əsasən, korrupsiya və inhisarçılıqla, məmur özbaşınalıqları və vəzifədən sui-istifadələrilə bağlı problemləri nəzərdə tuturam ki, onların insan haqlarının müdafiə və təmin olunmasına olduqca mənfi təsiri var.
Müəllif qeyd edir ki, əhalinin müxtəlif qrup və kateqoriyaları tərəfindən hansı ideya və dəyərlərin qəbul olunub-olunmaması, kütləvi şüurda, ictimai rəydə üstünlük təşkil etməsi sosial-iqtisadi, hüquqi islahatların istiqaməti və onların məzmun-mahiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Müstəqillik yolunda uğurla addımlayan Azərbaycanda strateji, prioritet məsələ kimi hüquqi-demokratik və vətəndaş cəmiyyətinin qurulması müəyyənləşdirilmişdir. Belə ki, sosial-iqtisadi və ictimai-siyasi islahatların mahiyyəti və mənası sosial həyatın, bütün fəaliyyət sahələrinin tədricən demokratikləşməsindən və xalqın rifah halının daha da yaxşılaşdırılmasından ibarət olmalıdır.
Demokratikləşmə, yalnız "yuxarı"dan təhrik olunan və birtərəfli həyata keçirilən proses deyildir. Demokratikləşmənin gətirdiyi dəyişikliklər və islahatlar, yalnız "aşağı"dan - sıravi vətəndaşlar tərəfindən dəstəkləndikdə, onların sosial məsuliyyət hissinə, sosial-iqtisadi və siyasi proseslərdə fəal iştirakına əsaslandıqda faydalı olur. Demokratikləşmə insanlara, sosial quruplara məxsus biganəliyin və passivliyin aradan qaldırılmasını nəzərdə tutur. Etibarlı vətəndaş mövqeyi və siyasi iradə möhkəmliyi olmadan demokratikləşməni "avtomatlaşdırmaq" mümkün deyildir. Belə ki, məhz vətəndaş fəallığı, sosiumun özünü tənzimləmə bacarığı hər hansı toplumu vətəndaş cəmiyyəti səviyyəsinə yüksəldir, insan hüquq və azadlıqlarının reallaşmasını təminatlandırır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru